Təhsilverənlərin
sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində
pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə
malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının
yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma
prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə
tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində
çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Təhsilverənlərin
sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə
isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.
Sertifikatlaşdırmanın
nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin
stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada
iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər
1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək
hüququna malik olacaqlar.
Sertifikatlaşdırma
iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə
işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək
sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə
müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər)
bu prosesdə iştirak etməyəcəklər. Sözügedən prosesin təşkili məqsədilə Təhsil
Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb,
Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.
Sertifikatlaşdırma
prosesinin növbəti mərhələləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sertifikatlaşdırılma
prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi ilə bu linkə daxil
olaraq tanış ola bilərsiniz:
#TəhsilNazirliyi
#ARTİ #İRM #Müəllim #Təhsilverən #Sertifikasiya