Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat
(TÜRKSOY) Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə
1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin
görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılmışdır.
TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə həmin ölkələrin
mədəniyyət nazirləri tərəfindən 1993-cü il iyulun 12-də Qazaxıstan
Respublikasının keçmiş paytaxtı Almatı (indiki Nursultan) şəhərində
imzalanmışdır. Təşkilatın Nizamnaməsinə görə, o, türkdilli dövlətlərin mədəniyyət
nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. TÜRKSOY-un əsas
üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır.
Sonralar
TÜRKSOY-a müşahidəçi qismində Şimali Kipr Türk Cumhuriyyəti, Rusiya
Federasiyasının respublikaları: Tatarıstan, Başqırdıstan, Altay, Saxa
(Yakutiya), Tuva və Xakasiya, eləcə də Moldova Respublikasının tərkibindəki
Qaqauziya daxil olmuşlar. Buna baxmayaraq, bu üzvlər də əsas üzvlər kimi eyni
hüquqa və səlahiyyətə malikdilər. Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində
demokratik prinsiplər əsas götürülür. Yəni səsvermədə 8 müşahidəçi ölkə də əsas
6 üzvlər kimi eyni səsvermə hüququna malikdirlər.
Beynəlxalq TÜRKSOY Təşkilatının əsas məqsədi türk xalqları
arasında mənəvi yaxınlaşmanı təşviq etmək və türk xalqlarının qarşılıqlı
birliyini möhkəmləndirmək, dünyada türk mədəniyyətinin təqdimi və ənənələrinin
sonrakı nəsillərə ötürülməsidir.
Mənbə: https://bit.ly/3FLaBs1