Təsis toplantısından öncə Respublika Təhsil Şurasının üzvləri
Şəmkir şəhərində Şəhidlər xiyabanını və Xocalı soyqırımı abidəsini ziyarət
etdilər, şəhidlərin məzarı üzərinə gül dəstələri qoydular.
Şəmkir müəllimləri Təhsil Şurası ilə həmişə əməkdaşlıq ediblər...
Təsis toplantısı Şəmkir şəhər Cahangir Rüstəmov adına tam
orta məktəbdə keçirildi. Tədbiri giriş sözü ilə açan Şəmkir rayon təhsil şöbəsinin
müdir müavini Hafiz Pənahov qonaqları təqdim etdi. Söylədi ki, bu tədbirlərin hər
biri müəllimlər üçün öyrədici mahiyyət daşıyıb. Müəllimlər bu təşkilatın tədbirlərinə
böyük maraqla qoşulublar. Çünki keçirilən tədbirlərin hər biri öyrədici mahiyyət
daşımaqla bərabər, həm də müəllimlərin arzu və istəkləri səviyyəsində
hazırlanıb, onların maraqları nəzərə alınaraq təşkil olunub. Hafiz Pənahov
vurğuladı ki, Respublika Təhsil Şurasının konfrans, seminar və təlimlərinə Şəmkir
rayonundan olan müəllimlər, təhsil işçiləri də həvəslə qoşulublar. O, Təhsil
Şurasının həyata keçirdiyi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini
yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransa diqqət yönəldərək,
özünün də bu layihə çərçivəsində Gürcüstanda keçirilən beynəlxalq konfransa
qoşulduğunu dilə gətirdi. Şuraya gələcək fəaliyyətində uğurlar dilədi.
Təhsil Şurasının missiyası...
Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə rəhbərlik
etdiyi təşkilatın keçdiyi yola, illər ərzində təşkil olunan tədbirlərə nəzər
saldı. Qeyd etdi ki, Təhsil Şurasının beynəlxalq və respublika miqyaslı tədbirləri
zaman-zaman müəllimlərin marağı ilə qarşılanıb. Bu tədbirlərin təşkil
olunmasında müəllimlər özləri də fəal iştirak ediblər. Samir Mehdizadə Təhsil
Şurasının beynəlxalq əlaqələrinə diqqət çəkərək söylədi ki, biz bu gün Almaniyanın,
Çexiyanın, Polşanın, Ukraynanın, Quzey Kıbrısın universitetləri, Milli Elmlər
Akademiyaları, məktəbəqədər, orta təhsil müəssisələri, yaradıcılıq
akademiyaları, inkluziv resurs mərkəzləri, eləcə də ayrı-ayrılıqda təhsil mütəxəssisləri,
müəllimlər, alimlər, nəhayət UNECKO kimi nüfuzlu bir təşkilatla əməkdaşlıq
edirik. Biz bu əməkdaşlıqları, apardığımız təcrübə mübadilələrini pedaqoji
mühitin təkmilləşməsinə, müəllimlərimizin metodiki hazırlığının yüksəldilməsinə
yönəltməklə, Azərbaycanın təhsil sisteminə öz töhfəmizi verməyə çalışırıq.
S.Mehdizadə daha sonra Təhsil Şurasının yeni təsis etdiyi qəzet və
jurnallardan, tədqiqat mərkəzlərindən bəhs etdi. Müəllimləri bu mərkəzlərlə əməkdaşlığa
çağırdı. Samir Mehdizadə qeyd etdi ki, Respublika Təhsil Şurası tədqiqatçı müəllimləri,
təhsil və pedaqogika sahəsində araşdırma aparan alimləri həvəsləndirmək üçün
“Akademik Mehdi Mehdizadə” medalı və “Akademik Mehdi Mehdizadə” diplomu təsis
edib. Vurğuladı ki, Təhsil Şurasının
missiyası həm də müəllimlərin pedaqoji fəaliyyəti ilə yanaşı, tədqiqatçılıq səriştələrinin
də inkişafına zəmin hazırlamaqdır. Biz əminik ki, müəllimlərimiz Şuranın
“Analitik təhlil və tədqiqat mərkəzi”, “Akademik Mehdi Mehdizadənin pedaqoji
irsinin tədqiqi mərkəzi”, “Yanuş Korçak Akademiyası”, “Təhsil müəssissələrinin
ictimai akkreditasiyası mərkəzi”, "Peşəkar inkişaf və karyera mərkəzi",
“Dərsliklərin monitorinqi mərkəzi” ilə, eləcə də Şuranın qəzet və jurnalları ilə
daha geniş əməkdaşlıq etməkdə maraqlı olacaqlar.
Respublika Təhsil Şurasının fəaliyyətinin əsas istiqamətləri...
Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı qeyd
etdi ki, Şuranın fəaliyyətində istər əvvəllər, istərsə də bu gün maarifçilik
işlərinə xüsusi önəm verilib. B.Mikayıllı vurğuladı ki, müasir dövrdə Təhsil
Şurasının sıraları ölkəmizin nüfuzlu alimləri, qabaqcıl müəllimləri ilə daha da
genişlənir. Bu gün ölkəmizin bütün məktəblərində qabaqcıl, öz işinin ustası
olan müəllimlər var. Təhsil Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri
də məhz həmin müəllimləri cəmiyyətə təqdim etmək, onların elmi, pedaqoji,
metodiki ustalığından digər müəllimlərin də bəhrələnməsinə nail olmaqdır. “Biz
Şəmkirdən olan qabaqcıl müəllimləri də Şura ilə əməkdaşlığa dəvət edirik” deyə,
B.Mikayıllı vurğuladı. Onu da qeyd etdi ki, Təhsil Şurasının nəzdində yaranan mərkəzlər
müəllimlərin fəal ictimai işə qoşulmalarına, pedaqoji, metodiki tədqiqatlarda
yaxından iştirak etmələrinə şərait yaradacaq. B.Mikayıllı daha sonra Təhsil
Şurasının xətti ilə aparılan tədqiqatlarının nəticəsi olaraq ərsəyə gətirilən “Yaradıcılıq axtarışları”, “Müasir dərs yeni
yanaşmalar”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” (Azərbaycan, ingilis, türk
dillərində), “Yanuş Korçak” (Azərbaycan, ingilis, rus, Ukrayna dillərində),
“Dünyanın təhsil mənzərəsi” (Dünyanın nüfuzlu universitetlərinin və təhsil
sistemlərinin təhlili), “Sinqapur təhsilinin fəlsəfəsi” kitablarından bəhs
etdi.
Təsis toplantısında Şəmkir rayon təhsil şöbəsinin müdir
müavini Hafiz Pənahov Respublika Təhsil Şurasının Şəmkir filialının rəhbəri təyin
olundu.
Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr
Mərkəzi
Mənbə: https://www.facebook.com/permalink.php?story_fbid=129543015948381&id=108741758028507