Respublika Təhsil Şurasının rayon filaillarının yaradılması
prosesi davam edir. Növbəti filial Gədəbəy rayonunda təsis olundu. Gədəbəy şəhərindəki
Heydər Əliyev Mərkəzində keçirilən təsis toplantısında Respublika Təhsil
Şurasının sədri Samir Mehdizadə, təşkilatın katibi Böyükağa Mikayıllı, rayon təhsil
şöbəsinin əməkdaşı Elmar Həsənli, Təhsil Şurasının üzvləri iştirak edirdilər.
Toplantını rayon təhsil şöbəsinin əməkdaşı Elmar Həsənli
açdı. O, qeyd etdi ki, Respublika Təhsil Şurasının rayon filaillarının təsis
olunması təşkilatın fəaliyyətinin genişlənməsi, yerlərdəki üzvlərlə optimal
koordinasiya yaradılması baxımından əhəmiyyətlidir. Odur ki, Gədəbəy rayon təhsil
şöbəsi də bu təşəbbüsü dəstəkləyərək, rayonda Respublika Təhsil Şurasının
filialının təsis olunmasını məqbul hesab etdi. Elmar Həsənli vurğuladı ki, Gədəbəy
müəllimlərinin Təhsil Şurası ilə əməkdaşlıq edəcəklərinə ümidvardır.
Yeni hədəflər
Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə çıxışında
öncə Respublika Təhsil Şurasının yaradılması zərurətindən bəhs etdi. Vurğuladı
ki, hələ 1998-ci ildə Azərbaycan müəllimlərinin 11-ci qurultayında iştirak edən
Ulu Öndər Heydər Əliyev Respublika Təhsil Şurası kimi bir ictimai qurumun əhəmiyyətini
nəzərə alıb onun təsis olunmasını qurultay nümayəndələrinə təklif edib.
Qurultay iştirakçıları – respublikanın qabaqcıl müəllimləri, görkəmli alimlər,
təhsil işçiləri Ulu Öndərin təklifini birmənalı olaraq dəstəkləyərək Respublika
Təhsil Şurasının yaradılması ideyasına qoşulublar. Beləliklə, Respublika Təhsil
Şurası Ulu Öndərin təklifi və 2000 nəfərlik qurultay nümayəndəsinin iştirakı ilə
təsis olunub. S.Mehdizadə qeyd etdi ki, Respublika Təhsil Şurasının qurucusu məhz
Ulu Öndər Heydər Əliyevdir və təşkilat ötən illər ərzində onun qurultayda irəli
sürdüyü ideyalara sadiq qalaraq, Azərbaycanda həyata keçirilən təhsil
islahatlarının önündə addımlayıb. Təhsil Şurasının həyata keçirdiyi layihələr təhsil
ictimaiyyəti tərəfindən hər zaman yüksək səviyyədə qəbul olunub. Samir Mehdizadə
qeyd etdi ki, Gədəbəydə Təhsil Şurasının təsis toplantısının məhz Heydər Əliyev
Mərkəzində keçirilməsi simvolik məna daşımaqla bərabər, Ulu Öndərin ideyalarına
sadiqliyimizin nümunəsidir. O, bu şəraiti yaratdıqlarına görə Gədəbəy rayon
icra hakimiyyətinin başçısı İbrahim Mustafayevə, eləcə də rayon təhsil şöbəsinin
müdiri Murad Bayramova minnətdarlığını ifadə etdi. Samir Mehdizadə daha sonra
Respublika Təhsil Şurasının son illər həyata keçirdiyi layihələrdən, eləcə də
yeniliklərdən danışdı. Bu layihələrin təhsilimizin inkişafına yönəlmiş hədəflərini
diqqətə çatdırdı.
İlk növbədə müəllimi dinləməliyik
Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı da öz
növbəsində Respublika Təhsil Şurasının məqsəd və məramından danışdı. Qeyd etdi
ki, fəaliyyəti ərzində Şura müəllimlərlə sıx əməkdaşlıq edib. Bizim başlıca məqsədimiz
odur ki, təhsildə ictimai fikrin formalaşmasına nail olaq. Məktəbin, müəllimin
problemlərini öyrənək, təhsil ictimaiyyəti ilə təhsil qurumları arasında körpü
rolunu oynayaq. Şübhə yoxdur ki, bu məqsədə nail olmaq üçün müəllimlər Təhsil
Şurası ilə sistemli əməkdaşlıq etməli, təkliflər, tövsiyələr hazırlanaraq
müvafiq qurumlara təqdim edilməlidir. B.Mikayıllı qeyd etdi ki, biz hər bir müəllimi
dinləməyə, məktəblərlə tanış olmağa, onun problemini öyrənməyə hazırıq.
Problemin həlli ilk növbədə onun öyrənilməsindən başlanır.
B.Mikayıllı qeyd etdi ki, Respublika Təhsil Şurası fəaliyyəti
dövründə həyata keçirdiyi forumlarda, konfranslarda təhsilimizin, elmimizin ən
aktual problemlərini gündəmə gətirib və onları müəllimlərlə birlikdə müzakirəyə
çıxarıb. “Əslində bu, belə də olmalıdır. Çünki məktəbin, müəllimin problemini
müəllimdən yaxşı bilən ola bilməz. O problemlərin çıxış yollarını da elə müəllimlər
özləri göstərə bilərlər. Odur ki, biz təhsilin istənilən problemini həll etmək
üçün ilk növbədə müəllimi dinləməliyik”, deyə B.Mikayıllı vurğuladı. Qeyd etdi
ki, Respublika Təhsil Şurası həmişə olduğu kimi, bu gün də fəaliyyətini məhz bu
prinsip üzərində qurmağı nəzərdə tutur. B.Mikayıllı çıxışında Respublika Təhsil
Şurasının həyata keçirdiyi layihələrdən və Şuranın dəstəyi ilə Azərbaycanda və
dünyada müasir təhsilin problemlərini, nailiyyətlərini özündə əks etdirən
kitabların nəşr olunmasından danışdı.
Təsis toplantısında Gədəbəy rayon təhsil şöbəsinin metodisti
Elmar Həsənli Respublika Təhsil Şurasının Gədəbəy rayon filialının rəhbəri təyin
olundu. Elmar Həsənli qeyd etdi ki, o, uzun illərdir ki, Təhsul Şurası ilə əməkdaşlıq
edir. Təşkilatın “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində
onun, eləcə də Soyuqbulaq kənd tam orta məktəbin coğrafiya müəllimi Heyrət Vəliyevin
qabaqcıl iş təcrübəsi öyrənilərək “Təhsil və zaman” qəzeti vasitəsilə
respublikaya yayılıb. Elmar Həsənli vurğuladı ki, Respublika Təhsil Şurasının
rayonda filialının yaradılması rayon təhsili üçün əlamətdar hadisədir və bunun
rayon təhsili üçün faydalı olacağına şübhə yoxdur.
Təsis toplantısının sonunda iştirakçılar – məktəb
direktorları, müəllimlər onları maraqlandıran sualları Təhsil Şurasının rəhbərliyinə
ünvanladılar, təkliflər səsləndirdilər. Qərara alındı ki, irəli sürülən təkliflər
ümumiləşdirilərək, Təhsil Şurasına təqdim olunsun. Təhsil Şurası da öz növbəsində
təkliflərlə müvafiq orqanlar qarşısında çıxış etsin.
Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi
Mənbə:
https://www.facebook.com/permalink.php?story_fbid=133319462237403&id=108741758028507