Azərbaycan
və onun ərazisində yaşayan xalqalara qarşı erməni soyqırımının tarixi XVIII
əsrdən də lap qədimlərə gedir. Heç nə unudulmur və unutmadıq! ...
Hər il mart
ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş
vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks
etdirir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq,
soyqırım və deportasiya siyasətini uzun
bir tarixə malikdir.
Tarixi hadisələrin düzgün işıqlandırılması
problemi bu gün bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan
xalqının həyatında isə elə böyük tarixi faciələr vardır ki, onlar haqqında hələ
də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Ziyalılarımız,
alimlərimiz uzaq və yaxın keçmişimizdə baş verən hadisələri yazmaq, təfsilatı
ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər.
Bu mənada ermənilərin əsrlərdən bəri bəşəriyyət əleyhinə törətdikləri
cinayətləri, xüsusilə azərbaycanlılara qarşı
apardıqları soyqırım və deportasiya siyasətini araşdırıb Beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırmaq mühüm problemlərdəndir.Tarixi qaynaqlarla
tanışlıq zamanı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar,
deportasiya siyasətləri barədə məlumatları oxuduqca insanlıq əleyhinə yönəlmiş
vəhşi xislətli əməl sahiblərinə qarşı
nifrət birə-min artır.
Tarix bir millətin taleyində dönə-dönə qara səhifələrlə
təkrarlananda çox vaxt bəxt- tale deyilən bir anlayışla ya razılaşır, ya da öz
fəaliyyətsizliyindən başına gətirilən münasibətlərə xalqın içində bir üsyan baş
qaldırır. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firəvan həyat
arzulayan biz azərbaycanlıların tarixi, keşməkeşli günlər, qara səhifələrlə
zəngindir. Çünki biz, edilən pislikləri tez unudur, sözün həqiqi mənasında
tapdanan haqqımızın bərpasını tələb etməyi bacarmırıq. Tarixin böyük bir
amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı
müharibələr nəticəsində ikiyə parçalanmış, lakin bu parçalanma xalqımızın nə
dilinə, nə dininə nə də ki, mədəniyyətinə təsir edə
bilməmişdir.
Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı və
deportasiya siyasətinin yüzillərlə ölçülən uzun tarixi vardır. XIX əsrin
əvvəllərindən başlayaraq, ardıcıl olaraq
tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi surətdə məskunlaşdırılmışlar.
Qafqazda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların ata-baba
yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə
həyata keçirilmişdir. Soyqırım və deportasiya prosesi mərhələlərlə,
müxtəlif tarixi şəraitdə, düşünülmüş
planlar əsasında yerinə yetirilmişdir. Ermənilər xalqımıza qarşı daim
millətçilik, şövinizm ruhunda tərbiyə olunmuşdurlar.
1917-ci ilin
axırlarında Sovet Rusiyasında bolşeviklər və erməni - daşnaq qüvvələri
Azərbaycanı milli münaqişələrin təcrübə meydanına çevirdilər. Yaradılma məkanı
iki dəniz arası kimi seçilmiş, lakin heç
vaxt mövcud olmamış: “Böyük Ermənistan” iddiası - türk dünyasının inkişafına
əngəl olan “Qordi düyününə” çevrilmişdir. Mənfur ermənilər torpaqlarımızda
məskunlaşmağa başladıqları dövrdən xalqımıza qənim kəsilmiş, azərbaycanlıları
öldürərək torpaqlarımızda çoxluq əldə etmək istəmişlər. Öldürə bilmədiklərini
isə nəyin bahasına olursa olsun öz doğma ata-baba torpaqlarından qovmuşlar.
Xalqımızı fiziki cəhətdən məhv etmək planını həyata keçirərkən ən iyrənc
vasitələrdən – repressiya, deportasiya, terror, kütləvi qırğın, uşaqlara,
qadınlara, qocalara aman verməmək kimi vasitələrdən istifadə etmişlər.
XX əsrdə
xalqımız dəfələrlə soyqırım və
deportasiyaya məruz qalmışdır.
Beləki: -
bunlar
1) 1905-07
2) 1918-20
3) 1930-39
4) 1947-53
5) 1988-ci ildən bəri baş verən məlum hadisələrdir.
Bu dövrlər
ərzində 2 milyondan çox azərbaycanlı Deportasiya və soyqırıma məruz qalmışdır.
Tarixi fakt: Ermənistan adlandırılan Qərbi Azərbaycan
torpaqlarından 1948-ci ildə 10 min; 1949-cu ildə 50 min; 1950-ci ildə isə 50
min nəfər azərbaycanlı yüzillər boyu yaşadığı öz ata-baba torpaqlarından zorla
çıxarıldı, Sabirabad, Saatlı və digər Aran rayonlarında yerləşdirildi. Dağlıq
yerlərdə yaşamış insanların Kür-Araz
ovalığına, yaşayış üçün heç bir şərait yaradılmayan yerlərə köçürülməsi çox
ağır nəticələr verdi. Çox keçmədən köçürülənlərin üçdə bir (3/1) hissəsi məhv
oldu. 1988-ci ildə isə azərbaycanlılar bir nəfər kimi Ermənistandan qovuldular.
Üstəlik Qarabağ və onun ətraf rayonları erməni faşistləri tərəfindən işğal
olundu. Əslinə qalsa XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan öz torpaqlarının
80 %-ni itirmişdir.
1918-ci ilin
mart ayında Bakıda baş vermiş qırğın - xalqımıza qarşı törədilən cinayətlərin
ən dəhşətlilərindən biri olmuşdur. 1918-ci il martın 30-u –aprelin 1-də
bolşevik-daşnak hökumətinin başçısı S. Şaumyan Bakıda qırğına başladı. Rəsmi
məlumatlara görə təkcə Bakı şəhərində 20 min soydaşımız xüsusi qəddarlıqla
qətlə yetirilmişdir. Bakıdakı qırğın zamanı ermənilər memarlıq abidələrimiz
olan İsmailiyyə binasını yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” və digər qəzet
və jurnal redaksiyalarını dağıtmış, Təzə Pir məscidinə böyük ziyan vurmuşdular.
Erməni vəhşilikləri bununla bitmədi. Erməni komandiri Lalayanın dəstəsi
Şamaxıda günahsız insanlara qanlı divan tutdu. O dövrün rəsmi məlumatlarında öldürülənlərin
sayı 8 min nəfər göstərilir. Əslində isə daha çox insan qətlə yetirilmişdir. Bu qətl və qırğınlar digər bölgələrimizdə -
Quba, Xaçmaz, Göyçay, Lənkəran, Qarabağ, Naxçıvan, Salyan, Hacıqabulda da
törədildi. Bu qırğınlar zamanı tarixi abidələrimiz, mədəniyyət nümunələrimiz
dağıdıldı. Ermənilər öz xarakterlərindəki vandalizmi son həddədək nümayiş
etdirdilər. Bütün bunlar son onilliklərə qədər dünya ictimaiyyətinə, hətta öz
vətəndaşlarımıza da doğru - düzgün çatdırılmayırdı. ...
Bu gün tarixi həqiqətlərin öyrənilib
araşdırılmasında, bu həqiqətlərin xalqımıza və eləcə də dünyaya çatdırılmasında
hələ çox işlər görməliyik. Biz xalqımızın
düçar olduğu deportasiya və soyqırım hadislərinində şəhid olanlarımızı anmaqla
yanaşı, öz tariximizi də dərindən öyrənməliyik. Başımıza gətirilənləri dünya
ictimaiyyətinə çatdırmalıyıq ki, ermənilərin kim olduğunu hamı bilsin.
Xalqımıza
qarşı bu qəddar tədbirlərə, soydaşlarımızın həyatına və əmlakına qarşı
zorakılıqlara yalnız 50 il keçdikdən sonra hüquqi qiymət verildi. 1997-ci il
dekabrın 18-də Azərbaycan Respublikası Prezidenti H. Əliyevin imzaladığı
fərmanla 1948-53 - cü illərdə
Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası etnik təmizləmə və
soyqırımı siyasəti kimi qətiyyətlə pislənildi.
1998-ci il 26
mart tarixli digər fərmanla “31 mart azərbaycanlıların soyqırımı günü” elan
edildi.
Azərbaycan
həqiqətləri xarici ölkələrdə sistemli
şəkildə təbliğ olunmalıdır. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım və
deportasiya siyasətinin məqsədlərini, təcavüzkarlıq siyasətinin mahiyyətini
dünya ictimiyyətinə çatdırmaqla sabah
ermənilərin məkrli əməlləri ilə üz-üzə qalacaq insanları erməni hiyləsi, erməni
xisləti ilə yaxşı-yaxşı tanış etmək üçün öz səylərimizi birləşdirmək vaxtıdır.
Bu yolda atılan ilk addım 2001-ci il noyabr ayında Bakıda keçirilən Dünya
azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz Ülu öndər H. Əliyevin xidmətləri
sayəsində Dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün oldu. Ülu
öndər azərbaycanlıları qəvlət yuxusundan oyatmaqla onları başa saldı ki, xalqın
ən yaxşı oğul və qızları öz milləti və Vətəninin rifahı naminə çalışmalıdır.
Bir şeyi dərk
etmək lazımdır ki, ermənilərin məqsədi torpaqlarımıza sahib olmaqdır. Xalqımıza
qarşı törədilən soyqırım və deportasiya isə bu məqsədi həyata keçirmək üçün bir
vasitədir.
... Hərdən belə fikirləşirəm.....
Mən yanvaram... Yuxusuz
gecələrdə meydanlarda tonqal qalayıb xalqının xoş gələcəyini xəyallarında
quran, əslində isə öz ölümünü gözləyən şəhidlərin haqq səsiyəm.
Mən fevralam - Xocalı
faciəsini gözləri ilə görən fevral... Bu gözlər əsrin ən dəhşətli faciəsini
gördü…
Mən Martam - 31 mart. Mən
yeni açilmiş yaz çicəklərinin üzərinə səpələnmiş günahsız qurbanların saçlarını
darayan sərin səhər mehiyəm...
Mən apreləm... döyüşə atılan Azərbaycan
əsgərinin nərə səsiyəm.
Gün o gün olsun,
torpaqlarımız işğaldan tam azad olsun!
Gün o gün olsun, Azərbaycan birləşsin, vahid olsun!
Gəlin, tarix boyu xalqımıza qarşı törədilən
cinayətləri heç vaxt unutmayaq. Bir olub düşmənimizə qalib gələk.
Soyqırım və deportasiya qurbanlarının ruhu
qarşısında baş əyir, xalqımıza səbir və dəyanət arzulayıram !
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il),
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant
müsabiqəsinin (2020) qalibi