12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günüdür!

 Bu günlər xalqımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsini və 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Gününü xoş bayram ovqatı ilə qeyd edir.

Xalqımız 1991-ci ildə oktyabr ayının 18-də dövlət müstəqilliyi əldə etdikdən sonra müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının  işlənilib hazırlanmasına və qəbul edilməsinə ciddi zərurət var idi. Lakin o vaxtlar hakimiyyətdə olanlar bu sahədə heç bir addım atmadılar. Köhnə qanunlar mövcud ictimai-siyasi sistemə uyğun gəlmirdi. Qanunlarda və idarəetmədə çoxlu boşluqlar var idi. Bu da ölkənin idarə edilməsində iqtisadi-siyasi və ictimai həyatda gərginliklər və çeşidli problemlər yaradırdı.

Yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra olkədə ictimai-siyasi sabitlik təmin edildi. 1995-ci ilin noyabr ayının 12-də Azərbaycan xalqı referendum yolu ilə ümummilli lider Heydər Əliyevin baş memarı olduğu Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya 1 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət oldu.

Azərbaycanda demokratik, hüquqi dövlətin və cəmiyyətin formalaşması, dövlətimizin beynəlxalq təşkilatlara  üzv qəbul edilməsi, Avropa dəyərlərinə inteqrasiyası  Azərbaycan Respublikasının Konstitusiyasında bəzi dəyişikliklər aparmaq zərurəti yaratdı. 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edildi.

Ulu öndər  Heydər Əliyev 1996-cı il fevral ayının 6-da respublikamızda 12 noyabrı Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilməsi barədə Sərəncam vermişdir. Artıq 25 ildir ki, 12 noyabr ölkəmizdə Konstitusiya günü kimi qeyd edilir.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir. Torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərimizin doğma ev-eşiklərinə qayıtmasına imkan yaranması, ərazi bütövlüyümüzün bərpası Konstitusiyamızın 25 illiyinə ən yaxşı töhfədir.

 

Mənbə: https://www.facebook.com/shirvan.ih/posts/1685319971628635

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.