Cuci ulusunun Hülakülər dövləti ilə apardığı müharibənin səbəbləri

 




Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan orta əsrlərdə Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi və siyasi həyatında, özünün coğrafi mövqeyi və ictimai-siyasi, strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.

     XIII yüzilliyin əvvəlində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin yarandığı dövrdə Azərbaycanda daxili və xarici vəziyyət mürəkkəb idi. Monqol qoşunları qısa müddət ərzində geniş işğalçılıq yürüşlərinə başlayaraq böyük ərazilər istila etdilər. Onlar 1239-cu ildə Azərbaycanı, bütövlükdə Cənubi Qafqazı işğal edirlər və 1239-1258-ci illərdə bu ərazilər Ali Monqol Xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə edilir. Ön Asiya, Qafqaz və Kiçik Asiyanı yenidən itaətə gətirməyə göndərilən Hülakü xan (1258-1265) işğal etdiyi ərazilərdə V monqol ulusu - Hülakülər (Elxanilər) dövlətini yaradır. Azərbaycan yaranmış Elxanilər dövlətinin siyasi-inzibati mərkəzinə çevrilir.

      Hülakülər dövlətinin yarandığı ilk vaxtlardan başlayaraq, Azərbaycan uğrunda Hülakülərlə, Azərbaycandan şimalda yerləşən digər monqol dövləti Qızıl Orda arasında mübarizə getmişdir. Azərbaycan dəfələrlə Qızıl Orda xanlarının hücumuna məruz qalmışdır. Bu hücumlar Azərbaycanın ictimai-iqtisadi həyatına və xalqın vəziyyətinə mənfi təsir göstərmiş, onun inkişafını ləngitmişdir.

  Azərbaycan öz təbii sərvətləri, tranzit ticarət karvan yolları və hərbi strateji əhəmiyyətinə görə qızılordalıları özümə cəlb edirdi. Qızıl Orda xanları həmişə Azərbaycan torpaqlarını işğal etməyə çalışmışlar və bu məqsədlərinə çatmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etmişlər. Hülakü xandan başlayaraq bütün elxani hökmdarları dövründə, müəyyən fasilələrlə və sonrakı dövrlərdə, Qızıl Orda xanı Bərəkə xandan (1256-1266) başlayaraq Toxtamış xana qədər (1395-ci ildə öldürülüb) Azərbaycan uğrunda bu iki dövlət arasında müharibələr getmişdir. Bütün XIII  və XIV əsrlər boyu Azərbaycan Qızıl Orda xanları ilə Hülakülər arasında hərbi əməliyyat meydanı olmuşdur.

https://multiurok.ru/files/cuci-ulusunun-hulakul-r-dovl-ti-il-apardigi-muhari.html


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.