Kopan (Qopan): məhv olmuş şəhərin sirləri


     Kopan (Qopan): məhv olmuş şəhərin sirləri
      Mayya - indiki Meksikanın cənubu və Mərkəzi Amerikanın şimal ərazilərində mövcud olmuş qədim sivilizasiya. Bu böyük mədəniyyətin sərhədləri içərisində hazırda Qvatemala, Beliz, Salvador və Honduras dövlətləri yerləşir. Tarixdə əlifbası, incəsənəti, arxitekturası, riyazi hesablamaları və astronomik sistemi ilə tanınır. ... Bu mədəniyyət ispan kolonolistlərinin gəlişinə qədər fəaliyyət göstərmişdir.
    Honduras cəngəlliklərində hazırda Kopan*(məqalədə bundan sonra- Qopan adlandırılacaq) adlanan şəhər minilliklər  bundan əvvəl mayya sivilizasiyasının elmi düşüncə və memarlıq nailiyyətinin mərkəzi kimi tanınmaqdadır. Bu şəhər mayyalıların “klassik əsr”inin simvoludur.
    Məhz bu şəhərdə aparılan arxeoloji qazıntılar nəticəsində mayya hindularının digər xalqlardan fərqli xalq olduqları məlum olmuşdur. Amerika hinduları kimi, mayya xalqında da qan çox böyük önəm kəsb etmişdir. Bizim günlərə kimi gəlib çatmış bir çox daş və keramik əşyalarda qanburaxma ilə bağlı mistik ayinləri görmək olar. Mayya inanclarına görə, qan insan enerjisinin mənbəyi və insan ruhunun simvolu sayılırdı. Mayyalıların  dini politeistik din olmuşdur. Onlarda insan qurban verilməsi, tanrılarının yaşama müddətinin uzadılması ilə əlaqəli olmuşdur. İnsanların tanrılara qurban verilməsi müxtəlif formalarda həyata keçirilərdi; suda boğma, vulkanik daşdan hazırlanmış bıçaqlarla sinədə kəsik edərək “döyünən ürəyin” çıxarılması və s. Eləcə də burada müasir insanın heyrətinə səbəb olan bir çox kütləvi qurban qalıqları, məhbusların edamı ilə əlaqədar dəhşətli icra səhnələri, ayinlərin keçirilməsi üçün qan tökmələr, işgəncə və qətl üçün çoxlu sayda “qurğular” aşkar edilmişdir. “...burada vaxtilə böyük şəhərin olduğunu sübut edən gözəl inşa edilmiş ibadətgahların xarabalıqları sübut edir ki, belə binaları primitiv bir xalq inşa edə bilməzdi...Şəhərə çatmamış qalın divara və böyük quş heykəlinə rast gəlirsən. Quş heykəlinin sinəsində uzunluğu ispan dirsəyindən çox olan kvadrat və kvadratın üstündə isə naməlum yazı cızılmışdır. Yaxınlaşanda nəhəng daş  heykələ rast gələcəksən. Yerli hindular söyləyirlər ki, o, məbədin qoruyucusu imiş...” - XVI əsr ispan səlnaməçisi Dieqo Qarsiya de Palasio bu füsünkar şəhəri təqribən belə təsvir etmişdir.
“Mayyanın Parisi”: Yaranışdan  süquta qədər
    Qopan şəhərinin xronoloji tarixi sadə olduğu qədər, həm də sirlidir. İnsanların Qopan çayı sahilində məskunlaşması e.ə.1100-cü ilə aid edilir. Həmin dövrdə münbit və məhsuldar torpaqlar rahat yaşamağa imkan verirdi və şəhər həyatı çiçəklənirdi. Lakin sonralar təqribən e.ə. 300-cü ildə məlum olmayan səbəbdən şəhər həyatı sanki donmuş, tikintilər dayandırılmış, əhali isə başqa yerlərə köçmüşlər. Qopan şəhəri demək olar ki, 500 il boş qaldıqdan sonra burada yenidən həyat canlanmağa başlamış və növbəti 600 il şəhərin “qızıl əsri” olmuşdur. Bu dövrdə şəhərdə 12 mindən çox adam yaşamışdır. Şəhərdə böyük ibadətgahlar və yüzlərlə bina inşa edilmişdir. Şəhərdə Akropolis kimi tanınan saray kompleksi, top oyunları üçün stadionlar, meydançalar və olduqca sivil yollar salınmışdı.
Şəhərdə bir-neçə min kilometr uzanan kanallar və əhalini içməli su ilə təmin etmək üçün su anbarı da inşa edilmişdi. Şəhər mərkəzindən başqa, 16 “mikrorayon” da salınmışdı ki, onlardan ən uzaqda yerləşəni mərkəzdən 11 kilometr məsafədə  salınmışdı. Bu çiçəklənən və inkişaf edən gözəl şəhəri müasir arxeoloqlar “Mayyanın Parisi” adlandırmışlar və şübhəsiz ki, şəhər daha da inkişaf etməli idi, lakin...
Elm adamlarının səyləri nəticəsində Qopan şəhərinin dəqiq süqut tarixi məlum olmuşdur. Bu tarix 6 fevral 822-ci il hesab edilir. Bu tarix -şəhər tarixində qeyd olunan son tarixdir. Bu tarix Qopanın növbəti hokmdarının tacqoyma mərasiminə həsr edilmiş qurbangah üzərində cızılmışdır. Lakin bu möhtəşəm abidə tam bitirilməmiş, yarımçıq qalmışdır. Abidəni düzəldənlərə, hökmdara nə olmuşdur- məlum deyil. Ancaq faktlar onu sübut edir ki, Qopan şəhəri tamamilə boşalmış və IX əsrdən sonra süqut etmişdir. ...Amma bunun səbəbi indiyə qədər tarixdə sirr olaraq qalmaqdadır.
İlk və sonuncu
   Məlumdur ki, “Qızıl əsr” dövründə Qopanı 400 il ərzində bir sülalə idarə etmişdir. Ümumilikdə 16 hökmdar. Bu sülalənin banisi Yaş-Quq-Mo (Mavi Qetsal-Tutuquşu) hesab edilir. Qurbangah üzərində cızılmış yazılara görə onun hakimiyyətə gəlişi e.ə.426-cı ilə düşür. Qüdtərli və nüfuzlu olduğu üçün bəzi tədqiqatçılar onu “Qopanın Corc Vaşinqtonu” adlandırırlar. Təsadüfi deyildir ki, ondan sonra hakimiyyətə gələnlər bu sülalənin davamçıları olmaları ilə fəxr etmələrini zəruri hesab edirdilər. Qopanın ən məhşur hökmdarı 67 il ölkəni idarə etmiş Dım- Yaquar (“Böyük Təhrikçi” adı ilə tanınan) olmuşdur. Onun dövründə şəhər ərazisi xeyli genişləndirilmiş, ölkə yüksək inkişaf etmiş və şəhər görünməmiş çiçəklənmə yaşamışdır. Qopanın sonuncu hökmdarı isə U-Sit-Tok olmuşdur. Onun haqqında təkcə o məlumdur ki, 822-ci ildə hakimiyyətə gəlmiş, gəlişi münasibətilə qurbangahdakı abidə yarımçıq qalmışdır. Sonrakı taleyi qaranlıq olaraq qalır.
Gözəllik üstəgəl  sirr
     Şəhərin tarixi məkanları, gözəllikləri ilə bağlı söz demək olduqca çətindir. Ona görə ki, bütün abidələr məhv olmuş, xarabalıqlar biri-birinə qarışmışdır. Çətinliklərdən biri də ondan ibarətdir ki, mayyalıların inşa etdikləri abidələrin heç biri digərinə bənzəmir. Burada iki bir-birinə oxşar abidə tapmaq olmaz. Bu baxımdan arxeoloqlar Qopan abidələrinin tikintisindən danışarkən “təkcə Yaradan bilir bu abidələr necə inşa edilmişdir” - deyirlər.
Qopanın əsas memarlıq “simvolları” arasında “heroqliflər nərdivanı”nı göstərmək olar: onun eni təqribən 10 metr, hündürlüyü 20 metrdir. Pilləkənlarin sayı isə 72-dir. Ən əsası isə bu pilləkənlər relyef üzərində heroqliflərlə bəzədilmişdir. Onların sayı isə fantastik rəqəmlərlə- 2500 işlənilmişdir! Bunlar adi relyef deyil, ən uzun yazıdır. Bu yazılar bütün şeyləri görən ilanın ağzından çıxan simvollardır və  dirilər dünyasından ölülər dünyasına və geri dönmələr haqqında məlumat verir.
Yazı hələ tamamilə deşifrə edilməsə də bu məlumatlarda bütün keçmiş qüdrətli hökmdarların yenidən yer üzünə qayıda biləcəkləri  barədə məlumatlar verilir. Bu nəhəng daş qanunlar külliyatının hələlik analoqu tapılmamışdır.
    Qopan piramidasının daxilində gizlədilmiş ən qədim məbədin kəşfi isə əsl sensasiya olmuşdur. Arxeoloqlar bu abidəni çəhrayı-bənövşəyi rəngdə olduğu üçün “Rosalila” adlandırmışlar. Elm adamları mayyalıların bir məbəd içərisində digərinin inşasının sirrini anlamağa çalışırlar. Bəlkə də bunun səbəbi “Rosalila”nın çox qədim məzarlıq olmasdır. Lakin burada kimlər dəfn edilmişdir, bu sirr olaraq qalır. ...
Birincisi, məzarlıq tamamilə civə ilə basdırılmışdır.
İkincisi, arxeoloqlar qoruyucu kastumlar geyinərək məzarlığı açdıqda burada dəfn edilənin  qadın olduğunu aşkar etmişlər.Qadının məzarı  on minlərlə muncuq, inci, keramik əşyalar və balıqqulaqları ilə doldurulmuşdu.
Bundan başqa, onun kəllə və sümükləri qırmızı boya ilə boyanmışdı. Çox güman ki, kahinlər (ehtimal ki, olduqca diqqətlə) məzara daxil olmuş, kəllə və sümükləri boya ilə boyamış və ondan sonra məzarı civə ilə doldurmuşlar.
Üçüncüsü, bu sirli qadının qəbrinin altında (onu arxeoloqlar “Qırmızı qadın” və ya “Marqarita” adlandırmışlar) dəfn edilmiş zəngin kişi qəbri də aşkar edilmişdir.
Bu iki nəfər kimlərdir, kim olmuşlar, onların xələfləri əsrlər boyu qəbri bütün dünyadan diqqətlə gizli hansı səbəbdən saxlamışlar? Arxeoloqlar guman edirlər ki, bunlar Qopanı idarə etmiş sülalənin banisi Yaş-Quq-Mo (Mavi Qetsal-Tutuquşu) və onun qadınıdır. Amma bəs nə üçün qəbir abidəsində heç bir yazı yoxdur? Bir də ki, məgər qadın hökmdardan daha  hörmətlidir ki, kişi qadının altında dəfn edilmişdir? Həm də qadının qəbri olduqca zəngindir. Onun məzarı, bütün aşkar edilmiş ən zəngin qadın mayya məzarıdır.
Bütün bunlar hardandır?
    Qopan Mayya sivilizasiyasının demək olar ki, əsas elmi mərkəzi hesab edilir. Honduras cəngəlliklərindəki “İsgəndəriyyə”. Bəlkə də bu elə həqiqətən də belədir. Təsadüfi deyil ki, məhz Qopanda 2012-ci ildə dünyanın sonunu bildirən mayya təqvimi tapılmışdı. Arxeoloqları daha çox məntiqi şərhi olmayan şəkillər maraqlandırır. Məsələn, qurbangah daşlarından birinin üzərində şərq adəti üzrə əyləşən kahin astronomlar 260 günlük ayin təqvimini müzakirə edirlər. O dövrlərdə Hondurasla Şərq ölkələri arasında əlaqə ola bilərdimi? Yaxud saqqallı insan təsvirləri. İndi sübut edilmişdir ki, mayyalı kişilər heç vaxt saqqal saxlamamışlar. Elə isə bu sirli saqqallı kişilər kimlərdir, hardan gəliblər və nə iş görüblər ki, daş üzərində təsvir edilməyə layiq biliniblər?
Qurbangahdakı daş üzərində işlənmiş(oyulmuş) təkər daha çox sirlidir, eləcə də qliflərlə bəzədilmiş, tarix yazılmış  və şübhəli  təkəri xatırladan təsvir. Bu təsvir hətta motosikletə də oxşayır. Məlumdur ki, mayyalılar təkərin nə olduğunu bilməmişlər və əlbəttə ki, motosikletlə də tanış ola bilməzdilər.
         İntiqam?
     Qopanda aparılan arxeoloji  qazıntılarında elm adamları mayyanın “Qızıl əsri”nin süqutu səbəblərini öyrənməyə və bu sirli, mükəmməl sivilizasiyanın nə üçün məhv olduğunu aydınlaşdırmağa çalışırlar. Bəzi alimlər bunun səbəbini tayfalararası düşmənçilikdə, digərləri isə təbii resursların tükənməsi ilə əlaqədar əvvəlcə hakimiyyət böhranı, sonra ictimai münaqişə baş verdiyi himotezi irəli sürürlər.
    Bir çox tədqiqatçılar hesab edirlər ki, mayya mədəniyyətinin məhv olmasına onlar arasında kütləvi zülmün baş alması səbəb olmuşdur. Məhşur Amerika arxeoloqu Artur Demarest hesab edir ki, mayya cəmiyyətində zülm elə bir həddə gəlib çatdı ki, onu təsəvvür belə etmək çətindir. O, mayya cəmiyyətində yaranmış hərc-mərcliyin, insanların biri-birinə zülm etməsi nəticəsində bu cəmiyyətə son qoyan ekoloji fəlakətə gətirib çıxardığına dair sübut tapmışdır.
Mayyalarda müharibənin aparılması qaydaları radikal şəkildə dəyişildi və geniş ərazilər xaosun hökm sürdüyü yerlərə çevrildi.
  Müasir tədqiqatçıların mayya mədəniyyətinin süqutu barədə və A. Demerestin nəzəriyyəsi barədə görkəmli mayyaşünas Devid Freydel dəqiq belə ifadə etmişdir: “ Mərkəzi hakimiyyət çökdü, hər şey dağıldı. Anarxiya başladı. Müharibələr nəticəsində ümumi xaos yarandı”.

Qaynaq:
Начало формы
Конец формы

  Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.