TUNC DÖVRÜ

TUNC DÖVRÜ

Eneolitin sonunda artıq insanlar misin tərkibinə sürmə, qalay, nikel və s. qataraq daha möhkəm metal — tunc alırdılar. Misi əritmək üçün onu 1000 dərəcədən artıq temperaturda qızdırmaq lazım idi. Misə başqa qarışıqlar qatanda isə ərimə sürətlənir və 750 dərəcədə tunc alınırdı. Ustalar daşdan, gildən silah və əşya qəlibləri düzəldirdilər. Əridilmiş metalı bu qəlibə tökür, istədikləri silahı və başqa əşyaları hazırlayırdılar. 

Tunc dövrü erkən, orta və son inkişaf mərhələlərindən keçmişdir. 

Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından e.ə. III minilliyin sonuna qədər davam etmişdir. Erkən Tunc dövrünə aid abidələr ilk dəfə Kür—Araz çayları arasındakı ərazilərdə öyrənilmişdir. Ona görə də bu dövrün mədəniyyətini alimlər Kür-Araz mədəniyyətiadlandırırlar.
Erkən Tunc dövrü əhalisinin həyatı Qarabağda, Naxçıvanda, Qobustanda, Urmiya ərazisində və s. bölgələrdə olmuş yaşayış yerləri, qəbir abidələri əsasında öyrənilmişdir.


İnsanlar yaşayış məskənlərini suya yaxın yerlərdə, çox zaman çay kənarlarında və düşməndən müdafiə olunmaq üçün əlverişli mövqelərdə salırdılar. Evlər dairəvi formada olur, bünövrəsi çay daşından qoyulur, divarları çiy kərpicdən hörülürdü.Erkən Tunc dövründə birinci böyük ictimai əmək bölgüsü meydana gəldi: əkinçilik maldarlıqdan ayrıldı. Tunc dövrünün erkən mərhələsində toxa əkinçiliyini xış əkinçiliyi əvəz etmişdir. 


Əkin sahələri genişlənmiş, süni suvarma sistemi yaranmışdı. Şumlama zamanı qoşqu heyvanlarından istifadə olunurdu. Taxılın biçilməsində kəsici daş lövhələrdən quraşdırılmış oraqlardan və tunc oraqlardan istifadə edilirdi.

Maldarlıq da inkişaf etmişdi. Heyvanların sayı artmışdı. Əhali yarımköçmə həyat keçirirdi. Mal-qara yaz-yay aylarında dağ çəmənliklərində otarılır, payızda soyuqlar düşəndə qışlaqlaraqaytarılırdı. Əhali artmış, dağlıq və dağətəyi yerlərdə yaşamağa başlamışlar.

Erkən Tunc dövründə ölülər artıq yaşayış məskənlərindən kənarda dəfn edilir, bəzi qəbirlərin üzərində kurqanlar* qurulurdu. Ölüyandırma və kollektiv dəfn adətləri yaranmışdı Dini ayinlər xüsusi binalarda keçirilirdi. Erkən Tunc dövrünə aid ibadət yerləri Xaçmaz da Sərkərtəpə, Qazaxda Babadərviş və Naxçıvanda I Kültəpə, Maxta yaşayış yerlərində aşkar edilib.

Erkən Tunc dövründə ağır zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıq, metalişləmə) irəli keçdi. Ona görə dəanaxaqanlığını ataxaqanlığı əvəz etdi. Bir neçə qohum qəbiləni birləşdirən tayfa yarandı. Tayfanı ağsaqqallar idarə edirdilər.
Orta Tunc dövrü e.ə. III minilliyin sonlarından e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. 

Orta Tunc dövründə ikinci böyük ictimai əmək bölgüsü baş vermiş sənətkarlıq müstəqil sahəyə çevrilmişdi.
Orta Tunc dövründə dulusçuluq inkişaf etmiş, boyalı qablar mədəniyyəti formalaşmışdı. Dulusçular yaraşıqlı və davamlı saxsı qablar hazırlaya bilirdilər. Sadə qabları müxtəlif naxışlarla: insan, heyvan, quş təsvirləri və s. bəzəyirdilər. Bunun üçün rəngli boyalardan istifadə edirdilər. 

Metalişləmə inkişaf edirdi. Ancaq bununla belə, qədim əhali arasında daşişləmə sənəti hələ də qalmaqda idi.Dəvəgözü və çaxmaqdaşından quraşdırma oraq dişləri, ox ucları, mərmərdən toppuz, baltalar düzəldirdilər. Dən daşları, sürtgəclər, həvəngdəstələr, qablar və s. daşdan hazırlanırdı. 

Orta Tunc dövründə bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq kimi yeni təsərrüfat sahələri də yaranmışdı. 

Sənətkarlığın, əkinçilik və maldarlığın inkişafı mübadilənin daha da genişlənməsinə və ticarətin yaranmasına şərait yaratmışdı. Maldar əhali ət, süd məhsullarını, yun və dərini taxıla, sənətkarlıq məmulatına dəyişirdi.

Tunc dövründə Cənubi Qafqazda və Araz çayından cənubda, Urmiya gölü hövzəsində məskunlaşmış türkdilli qədim Azərbaycan əhalisi arasında təsviri incəsənət də inkişaf etmişdi. Qobustanda, Gəmiqayada, Kəlbəcərdə, Abşeronda və b. ərazilərdə qayalar üzərində çoxlu təsviri sənət nümunələri aşkar olunmuşdur. Naxçıvanda Gəmiqaya (Qapıcıq) dağ yaylaqlarında qayalar üzərində insan və heyvan rəsmləri, rəqs və ov səhnələri, eləcə də çoxlu şərti işarələr indiyədək qalmaqdadır. 

Kəlbəcər, Laçın yaylaqlarında dağ gölləri ətrafındakı qayalar üzərində məişət və təsərrüfat səhnələri, vəhşi heyvan və heyvan rəsmləri həkk olunmuşdur. Burada Tunc dövrü əkinçilik mədəniyyətini əks etdirən öküzlər qoşulmuş xışla yerin şumlanmasının təsviri vardır.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.