Heydər Əliyev xalqımızın böyük oğlu, müstəqil
Azərbaycan Respublikasının qurucusu və memarıdır. Bu dahi insanın adı hər bir
azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçilərkən dövlətimizin üçrəhgli bayrağını öpüb and
içmişdi ki, respublikamızın çiçəklənməsi, inkişaf etməsi, xalqın yaxşı yaşaması
üçün çalışacaq, ölkəmizin müstəqilliyini qoruyacaqdır. O, vədini yerinə yetirdi.
Qüdrətli ordu yaradılmasına, ölkəmizin güclü dövlətlər sırasına çıxmasına nail
oldu. Azərbaycanı, xalqımızı dünyaya tanıtdı. Ölkəmizin Əsas Qanunu -
Konstitusiyamız Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmışdır.
Heydər
Əlirza oğlu Əliyev 1923-cü il mayın
10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində
dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən
sonra Azərbaycan Sənaye
İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan
müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə
xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən
dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Sankt-Peterburq (keçmiş Leninqrad) və Moskva şəhərlərində
xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında
iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSR
Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə
irəli çəkilmişdir. Heydər Əliyevə 1967-ci ildə SSRİ Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il 14 iyul tarixli
qərarı ilə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik
etmişdir. Onun respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin
möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində
iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.1982-ci ilin dekabrında
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
Sov. İKP
MK-nın 1987-ci il oktyabr iclasında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa
verdi. Bunun əsas səbəbi isə o dövrdə ermənipərəst siyasətçilərin xalqımıza
qarşı qərəzli hərəkətləri idi.
Heydər
Əliyev 1990-cı
ilin 20 yanvarında sovet
qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar,
1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını
tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı
SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı
ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamışdır.
1991-1993-cü illərdə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin
sessiyalarında fəal iştirak etmişdir. Heydər
Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
Azərbaycan
xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə Gəncədə qiyam qaldırılması ilə ölkədə vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin
hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata
çevrildi. Azərbaycanın o zamankı dövlət
başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun
15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı.
1993-cü il
oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə
ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi başlandı.
Heydər
Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər
başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki
azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və
1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Heydər
Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I
qurultayı Azərbaycan diasporunun fəaliyyətinin
yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul
etmişdir.
Azərbaycanın
ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş,
dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Ümummilli
lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını
yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa
çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ
sağlığında canlı əfsanəyə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev həmişə bizim qəlbimizdə yaşayır
və yaşayacaq.