Qətran
Təbrizinin”Divan”ı Azərbaycan tarixində mühüm qaynaqdır.
Böyük
keçmişə və qədim mədəniyyətə malik olan Azərbaycan xalqının ictimai-bədii təfəkkür
tarixinin görkəmli nümayəndələrindən biri də Qətran Təbrizidir. O, təkcə Azərbaycanda
deyil, bütün Yaxın Şərqdə qüdrətli bir sənətkar kimi tanınmış, hələ öz
sağlığında böyük şöhrət qazanmışdır. Q.Təbrizi XI əsr Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələrindən biridir. Onun əsərləri tarixin bütün ağır
sınaqlarından çıxaraq, zəmanəmizə qədər gəlib çatmışdır. Q.Təbrizinin əsərləri ədəbi
mahiyyətindən başqa, bir də şairin yaşadığı dövrün bir sıra mühüm hadisələrini
öyrənməyə kömək edir. Q.Təbrizi Gəncədə Şəddadilərin sarayında, Təbrizdə Rəvvadi
Vəhsudanın və oğlu Məmlanın xidmətində olmuş, qəsidələrinin əksəriyyətini bu
hökmdarlara ithaf etmişdir. Qətran Təbrizi o zaman Azərbaycanda baş vermiş
tarixi hadisələrin canlı şahidi olmuşdur. Onun şerlərində dövrün tarixinə, dövlət
məsələlərinə, hökmdarların fəaliyyətinə, Azərbaycan şəhərlərinə, oğuz-səlcuq
türklərinin yürüşlərinə dair bir sıra nadir, qiymətli məlumatlar vardır ki, bunları
digər tarixi qaynaqlarda əldə etmək mümkün deyildir.
Q.Təbrizi
təqribən 1012-ci ildə Təbriz şəhərindən 12km.aralıda yerləşən Şadiabad (Pinəşalvar)
kəndində anadan olmuşdur. Cavan ikən Gəncə şəhərinə gəlmiş və burada qüdrətli
bir sənətkar kimi tanınmışdır. XI əsrin 40-cı illərində doğma Təbriz şəhərinə
qayıtmış və təqribən 1088-ci ildə burada vəfat etmişdir. Şairin ədəbi irsi
lirik şerlər toplusu olan “Divan”dan və “Ət-təvasir”adlı farsca lüğətindən ibarətdir.
Qətran Təbrizinin
yaşadığı dövrdən bu günə qədər elə bir məxəz və ya ədəbiyyat tarixinə rast gəlmək
olmaz ki, orada şair haqqında fikir söylənilməmiş, yaxud şerlərindən nümunələr
gətirilməmiş olsun. Şairin həyat və yaradıcılığının öyrənilməsi məsələsi Avropa
şərqşünaslarının da diqqətini cəlb etmişdir. XIX əsrin axırlarından başlayaraq
məhşur ingilis şərqşünasları Şarl Rio, Eduard Braun və Denison Ross öz əsərlərində
Təbrizinin şerlərindən nümunələr vermişlər. Azərbaycan ədəbiyyatşünaslarından
görkəmli alimimiz mərhum Həmid Araslı “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndə
Q. Təbrizinin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. H.Araslı haqlı
olaraq qeyd edir ki, Q.Təbrizinin şerlərinin mövzusu əsas etibarilə Azərbaycan
xalqının tarixi ilə əlaqədardır.
Görkəmli
Azərbaycan tarixçisi mərhum M. X. Şərifli “IX əsrin II yarısı-XI əsrlərdə Azərbaycan
feodal dövlətləri” adlı elmi əsərində Q. Təbrizinin tarixi hadisələr haqqında
verdiyi məlumatlardan geniş surətdə istifadə etmişdir ki, bu da təqdirəlayiqdir.
Q.Təbrizinin
həyat və yaradıcılığı haqqında BDU-nun müəllimi mərhum Firuz Sadıqzadə
dissertasiya yazmış və bir çox maraqlı elmi məqalələr nəşr etdirmişdir. Fikrimcə
Q.Təbrizinin şerlərini tarixi qaynaq kimi öyrənilməsi müasir dövrdə qarşıda
duran mühüm vəzifələrdən biri olmalıdır. Qətran Təbrizinin “Divan”ı bu gün Azərbaycan tarixini tədris edən tarix
müəllimlərimiz üçün də əhəmiyyətlidir. Ümumiyyətlə,Azərbaycan tarixinin tədrisi
prosesində, o cümlədən ədəbiyyat fənninin
tədrisində “Q. Təbrizi və Azərbaycan tarixi”movzusunda iş aparmaq daha məqsədəuyğun
olardı. Şair öz dövrünün mühüm tarixi
hadisələrinə toxunur. Q.Təbrizinin yaşayıb-yaratdığı dövrdə Azərbaycanda Sacilər,
Salarilər, Şirvanşahlar, Rəvvadilər, Şəddadilər
kimi dövlətlər mövcud idi. Çox vaxt bu
sülalələrdən olan hökmdarlar arasında hakimiyyət uğrunda rəqabət və çəkişmələr
baş verirdi. Şairin şerlərində dövlət xadimləri mədh edilsə də, bu mədhnamələrdə
Təbrizi öz mühitinin ictimai məsələlərinə toxunurdu. Şair həmişə dostluq, ədalət və
insanpərvərlik tərafdarı kimi çıxış etmişdir. O, Azərbaycan hökmdarları
arasında barışıq üz verib, dostluq şəraiti yarananda həddindən artıq fərəhlənib,
sevinir və bu kimi hadisələri ürəkdən alqışlayırdı. Azərbaycan hökmdarlarını həmişə
dostluğa və birliyə çağırırdı, ölkədə vahid, qüdrətli bir dövlət yaratmağı, xarici
basqınlardan müdafiə olunmağı,iqtisadi cəhətdən qüvvətlənməyi zəruri hesab edirdi.
Şair xarici düşmənlərə qarşı birgə müqavimət göstərməyi
məqsədəuyğun və zəruri hesab edərək, hakimiyyət başında duranların diqqətini bu
məsələyə cəlb etməyə çalışırdı.
XI əsrin
ortalarında Arran hökmdarı Əbülhəsən Əli Ləşkəri, Təbriz hakimi əmir Vəhsudan və
Tiflis hakimi əmir Əbdülfəzl Cəfərlə
dostluq və ittifaq yaratmışdılar. Q.Təbrizi bu işi ürəkdən alqışlayırdı və bunu
ölkənin istiqlaliyyətini və iqtisadi yüksəlişini möhkəmlətmək, əhalinin rihafı
uğrunda ən mühüm bir məsələ kimi qiymətləndirmişdir. Q.Təbrizinin şerlərindən
aydın olur ki, Ləşkəri gürcü və erməni hakimləri ilə dəfələrlə döyüşmüş və həmişə
də qələbə çalmışdır. Lakin gürcü və erməni tarixlərində bu hadisələr təsvir
edilməmişdir. Səbəb budur ki, bir qayda olaraq, orta əsr gürcu və erməni tarix
yazanları öz feodallarının məğlubiyyətləri haqqında heç vaxt məlumat vermək istəməmişlər.
Qətran Təbrizinin şerləri Azərbaycan-Gürcüstan münasibətlərini öyrənmək üçün əvəzsiz
tarixi sənəddir.
Beləliklə,
Azərbaycan tarixinin müəyyən dövrünü araşdırıb, aydınlaşdırmaq üçün Q.Təbrizinin
“Divan”ı ən dəyərli qaynaqdır və tarixi hadisələri,
Azərbaycan hökmdarları arasında olan müxtəlif münasibətləri, xarici basqınlara
qarşı mübarizə məsələləri bu əsərdə olduqca dolğun təsvir edilmişdir.
Qətran Təbrizinin
şerlərində vətənin hər bir guşəsi yüksək iftixar hissi ilə tərənnüm edilmişdir.
Azərbaycan tarixinin tədrisi prosesində Q.Təbrizinin əsərlərindən tarixi qaynaq
kimi istifadə etmək şagirdlərin əxlaqi-estetik tərbiyəsinə böyük təsir edər, onlarda
vətənsevərlik, humanistlik və dostluq hisslərini daha da gücləndirmiş olardı.