Fonetika

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: 
[a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər,
 samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin 
üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin 
şaqulivəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri 
(-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:

Açıq
Qapalı

Qalın
İncə
Qalın
İncə
dodaqlanmayan
a
e,ə
ı
i
dodaqlanan
o
ö
u
ü
Cədvəldən göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır.
Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: 
Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: 
vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş  verir : [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər 
qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: 
saat - [sa:t], maaş- [ma:ş], camaat - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii- [bədi:], təbii - [təbi:] və s.
2. Tərkibində 
ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima - [dayima], zəif - [zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşə], maneə - [maniyə].
3. Tərkibində 
əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət - [saadət], fəaliyyat - [fa:liyət], müavin [mavi], müalicə - [malicə], müəyyən - [məyyən], müəllim - [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin  ikincisi uzun tələffüz olunmur: Əliağa - [Əlağa, əmioğlu - [əmoğlu], əliaçıq - [əlaçıx], bacioğlu - [bacioğlu], xalaoğlu - [xaloğlu] və s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin  heç biri baş vermir.
Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə 
ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: 
ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
Heca
Tələffüz  zamanı sözün asanlıqla bölünən hissələrinə 
heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.

Vurğu
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi 
vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: 
alın (isim - bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) - dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: 
qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn:sonra - [so:ra], bəzi- [bə:zi] və s.
Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.
Mənbə:Azərbaycan dili kitabı

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.