Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik,
dirilik, sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan
sayılıb. Tarixən insanların daim icra etdiyi rituallar-çimmək, su ilə
yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevirilib. Hamam həm də bir mədəniyyətdir.
Bu mədəniyyətinin tarixi isə çox-çox qədimlərdən başlayır. Müxtəlif xalqların
folklorunda hamamla bağlı deyimlər, atalar sözləri, mahnılar, şeirlərin olması
təsadüfi sayılmamalıdır. Dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq və
konkret məlumat yoxdur. Ayrı-ayrı mənbəələrdə hamamın yaradılması müxtəlif
xalqların adı ilə bağlanılır. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması
ideyasının Şərqə mənsub olduğu iddia olunur. Bəzi tarixi mənbəələrə görə, hamam
mədəniyyəti qədim şumerlərdən başlayıb. Məsələn, tarixi qaynaqlardan birində
şumer padşahı Bilqamışun xususi bir yerdə
su ilə yaxalanmasına dair məlumatlar var.
Şumerlər (e.ə. IV - III minillik) Mesopotamiya
sivilizasiyası daxilində su təmizliyi və gigiyenaya xüsusi önəm verən ilk
xalqlardan biri sayılır. Hamam anlayışı müasir mənada olmasa da, şəhərlərdə
ictimai yuyunma məkanları, məbədlərə aid təmizlik otaqları və evlərdə şəxsi
yuyunma guşələri mövcud idi. Əsas yuyunma üsulu axan su ilə təmizlənmə idi. Su
ya quyu-suvarma sistemindən gəlirdi, ya da xüsusi qablarla daşınırdı. Şumerlər
kül, gil və yağ qarışıqlı təmizləyici maddələr istifadə edirdilər. Bir çox
arxeoloji tapıntılar göstərir ki, xüsusilə Ur və Uruk kimi şəhərlərdə evlərin
içərisində daş və ya kərpicdən hazırlanmış drenajlı yuyunma hissələri vardı. Məbədlərdə
(zikkurat komplekslərində) kahinlərin ibadətdən əvvəl mütləq yuyunma mərasimi
keçirməsi tələb olunurdu. Kanalizasiya və drenaj sistemi yaxşı inkişaf etdiyi
üçün Mesopotamiya, o cümlədən Şumer, dünyanın ən qədim sanitariya sistemlərindən
birinə sahib idi.
“Hamam” sözünün mənası “isitmək”, “isti etmək”
anlamını verir. Antik dövrlərdə yaşamış insanlara məlum olub ki, isti suda
yaxalanmaq yorğunluğu çıxartmaqla yanaşı, bir çox xəstəliklərin qarşısını alır,
əhval-ruhiyyəni qaldırır. Yəqin elə bu səbəbdən də qədimdə indi bizim “qeyzerlər”
adlandırdığımız isti bulaqları ələ keçirmək uğrunda müharibələr aparılıb. Suyun
əbəs yerə həyat, dirilik və cavanlıq mənbəyi adlandırılması təsadüfi deyil.
Tarix qədim zamanlarda hunlar, Xəzər türkləri, yununlar, romalılar, yəhudilər, ərəblərin
çimmək üçün hovuzlar tikdkiləri barədə məlumatlarla zəngindir. Bəzi qaynaqlara
görə, dünyada ilk örtülü ictimai hamam eradan əvvəl, 2500-ci ildə tikilib.
Yaxalanmaq üçün örtülü yerlərin tikilmə tarixi qədim Anadolu, Roma, Hindistan,
Yunanıstan, Misirin adı ilə bağlanılır. Çox-çox sonralar hamamdan təkcə təmizlik
məkanı kimi yox, həm də mədəni, ictimai, sağlamlıq məqsədilə istifadə ediblər.
Qədim Yunanıstanda gigiyena demokratiya ilə birlikdə
qədim Yunan sivilizasiyasının təməllərindən biri olmuşdur. Olimpiya
tanrılarının panteonunda təmizlik və sağlamlıq üçün ilahə Qigiya məsuliyyət
daşıyırdı və onun adından da “gigiyena” termini yaranmışdır.
Qədim Yunan dövlətiləri Gigiyena kultunu ciddi şəkildə
tətbiq edirdi. Yunan polislərinin (şəhər dövlətlərin) hər bir vətəndaşından
müntəzəm olaraq ictimai hamamlara baş çəkmək tələb olunurdu. Yuyunmaq xüsusi “hamam qanunları” ilə tənzimlənirdi və
təyin olunmuş “hamam nəzarətçisi” onların yerinə yetirilməsinə nəzarət edirdi.
“Hamam məsələsi” qədim yunan filosoflarını da düşündürmüşdür. Məsələn, məşhur
filosof və riyaziyyatçı Pifaqor o vaxtkı məşhur Misir hamamlarının quruluşu
haqqında məlumat əldə etmək üçün Misirə xüsusi səfər etmişdi. Hamamlar daha çox
xəstəxanalara bənzəyirdi, çünki misirlilər demək olar ki, bütün xəstəlikləri su
ilə müalicə edirdilər. Platon isə fəlsəfi “Dialoq”larında belə bir nida
etmişdi: “Hamamların tikilməsi dövlətin borcudur!”. Qədim Yunan hamamları və ya “lakonium”lar öz
adlarını qədim Spartada yerləşən Lakoniya vilayətindən almışdır. İlk qədim
yunan hamamları eradan əvvəl V əsrdə yaranmışdır. Güclü və gözəl bədən kultunun
geniş yayıldığı Qədim Yunanıstanda şəfa və cavanlaşma üçün su və termal müalicələrin
birləşdirilməsi ideyası formalaşmışdır. Təsadüfi deyil ki, Qədim Yunanıstanda
müqəddəs sayılan hamamların hamısı sonrakı əsrlərdə həmişə sağlamlıq, güc simvolu olmuş və məşhur qəhrəman Herakl buna nümunədir.
Qədim yunanlar suya mistik əhəmiyyət verirdilər.
Kişilərdən və oğlanlardan iradələrini və sağlamlıqlarını gücləndirmək üçün mütəmadi
olaraq soyuq su ilə yuyunmaları tələb olunurdu.Yunan hamam ritualının yarandığı
qədim Spartada yalnız qadınlara ilıq suda çimməyə icazə verilirdi.
İstifadə
edilmiş internet resurslar:
1.https://modern.az/az/olke/1924/dunyada-ilk-hamam-harada-yaradilib/
2.https://www.facebook.com/groups/1107999409659102/user/100000753489026
Hazırladı
və rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)