Nobel mükafatının təsisçisi, ixtiraçı Alfred Nobel kimdir, sərvətini necə qazanıb?

Nobel mükafatlarını böyük iş adamı və mühəndis Alfred Nobel təsis edib.

Dinamiti icad etməsiylə tanınan, silah şirkəti olmasına baxmayaraq sülh mükafatı təsis edən Nobel sərvətini necə qazanmışdı?

Sərvətini necə qazanıb?

Alfred Nobel 1833-cü ildə Stokholmda, mühəndis İmmanuel Nobellə Andriette Ahlsellin ailəsində anadan olub.

İngrid Carlbergin yazdığı tərcümeyi-hala görə, həyatı boyu 355 ixtirasına patent almış Alfred Nobel ibtidai məktəbdə çətin qavrayan uşaqlar sinfində təhsil alıb.

Atası İmmanuel əsgərlər üçün yastıq və qoruyucu jilet kimi də istifadə oluna bilən xüsusi bel çantası icad etmiş, bunun və digər bənzər ixtiralarının patentini almışdı.

Amma 1833-cü ildə onun biznesi iflas edir. Borc aldığı şəxslərdən qaçmaq üçün 1837-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedir.

Aristokrat bir ailənin qızı olan Andriette sonrakı beş il ərzində ərzaq dükanı işlədərək övladlarına təkbaşına baxmaq məcburiyyətində qalır.

İmmanuel Nobel Sankt-Peterburqda Rusiya ordusunu sursatla təmin edən şirkət qurur, Rusiya donanmasını dəniz minalarından istifadə etməyə razı salır.

Bu minalardan 1853-1856-cı illərdəki Krım müharibəsində Sankt-Peterburqu Britaniya hərbi gəmilərinin hücumlarından qorumaq üçün istifadə olunur.

Rusiyada İmmanuelin işləri yaxşı gedir, 1842-ci ildə ailəsi onun yanına gəlir. Burda repetitorlar Alfredə və bacılarına müxtəlif fənlərdən dərs keçirlər.

1850-ci ildə kimya üzrə təhsilini davam etdirməsi üçün atası Alfredi Parisə göndərir. Fransada o, nitroqliserinin ixtiraçısı, İtalya alimi Ascanio Sobrero ilə tanış olur, istifadəsi təhlükəsiz bir patlayıcı ixtira etmək qərarına gəlir və həyatının bir neçə ilini nitroqliserindən dinamit hazırlamağa sərf edir.

Sobreronun ixtira etdiyi nitroqliserin güclü bir partlayıcı maye idi və barıtdan bir neçə dəfə güclü idi. Barıt temperatur və ya təzyiq dəyişikliklərinə məruz qaldıqda partlayırdı.

1863-cü ildə Krım müharibəsi sona çatır, İmmanuelin Rusiyadakı işi də iflas edir və o, Stokholma qayıdır. Burada Alfredlə birlikdə nitroqliserin üzərində təcrübələr aparmağa başlayır.

Bir il sonra emalatxanada partlayış baş verir və oğlu Emil də daxil olmaqla, bir neçə nəfər həlak olur.

Stokholm rəsmiləri partlayıcı maddələr üzərində şəhərdə təcrübə aparmağı qadağan edirlər. İmmanuel və Alfred emalatxananı Stokholmun kənarındakı Vinterviken körfəzinə köçürürlər.

1866-cı ildə o, nitroqliserini İsveçdə “kieselquhr” deyilən zərif qumla qarışdıraraq sabitləşdirmənin mükəmməl yolunu tapır. Bu yumşaq qarışımı çubuq formalı qaba doldurmaq mümkün idi. Belə “çubuqları” qayaların sondaj deləklərinə yerləşdirirdilər.

Nobel bu yeni partlayıcıya “dinamit” adını verir, 1867-ci ildə patentini alır. Dinamitdən mədənçilikdə, daş karxanalarında, söküntülərdə, yol və dəmir yolu inşasında istifadə etməyə başlayırlar.

1898-ci ildəki İspaniya-Amerika müharibəsi zamanı da ondan faydalanırlar, “dinamit tapançası” həmin dövrdə yaranır.

Nobel mükafatı necə yarandı?

Vəfat etdiyi 1896-cı ilə qədər Nobelin 20-dən çox ölkədə 90 fabriki vardı. İsveçdə silah şirkətinə çevirdiyi dəmir və polad firması “Bofors” bunlardan yalnız biri idi. Rusiyadakı qardaşlarının neft şirkətlərinə qoyduğu sərmayədən də böyük gəlir əldə etmişdi.

Sonralar Nobel sərvətinin, demək olar ki, hamısını (31,5 milyon İsveç kronu) fizika, kimya, tibb və ya fiziologiya, ədəbiyyat və sülh sahələrində bəşəriyyətə ən çox töhfə verən şəxslərə mükafat vermək üçün bir fonda bağışlayır, qaliblərin seçilməsini isə 1884-cü ildə üzv olduğu İsveçin Kral Elmlər Akademiyasına həvalə edir.

Ailəsi Nobelin bu vəsiyyətinə kəskin etiraz edir, onu qorumağa çalışan köməkçisi

Raqnar Sohlmana qarşı dörd il məhkəmələrdə mübarizə aparır.

Nəhayət, İsveç hökuməti qərar verir ki, bu məsələ Karlskoqada - Nobelin ömrünün son illərində yaşadığı bu kiçik şəhərin məhkəməsində həll olunsun.

İlk Nobel mükafatları 1901-ci ildə verilib.

O vaxt hər qalibə verilən 9 milyon İsveç kronu bu il 11 milyona çatdırılıb.

Nobel niyə sülh mükafatı təsis edib?

Bir iddiaya görə, 1888-ci ildə Alfred Nobelin ölüm xəbəri yayılıb, qəzetlər onun haqqında nekroloqlar dərc ediblər.

Fransa qəzetlərindən biri onu “ölüm taciri” adlandırıb və Nobel vicdanını sakitləşdirmək üçün sülh mükafatı təsis edib.

Həqiqət payı çox olan başqa bir iddiaya görə isə Alfred Nobel Avstriya yazıçısı, məşhur pasifist “Bertha Kinsky von Chinic und Tettau” adlı (daha sonra qrafinya Bertha fon Suttner oldu) ilə dost olub.

Çox satılan “Silahları buraxın” kitabının müəllifi olan bu qadın bir müddət Nobel-in yanında onun katibi olaraq işləyib. Yazıçı ərə gedib işdən çıxandan sonra da Nobel uzun illər onunla əlaqə saxlamağa davam edib.

Hesab olunur ki, Nobelin sülh hərəkatına ianə vermək əvəzinə sülhə həsr olunmuş xüsusi mükafat təsis etməsində fon Suttnerin də rolu olub.

İlk sülh mükafat (1905) elə bu qadına verilib – “müharibənin dəhşəti qarşısında göstərdiyi cəsarətə görə”.

Nobel Sülh Mükafatı alanlar arasında Tereza Ana, ABŞ-ın keçmiş prezidentləri Barack Obama və Cimmi Karter, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və qurumun o zamankı baş katibi Kofi Annan da var.

Mənbə: https://bit.ly/42HusVY

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.