Azərbaycan Respublikasında Dövlət Suverenliyi
Gününün təsis olunması ilə bağlı 19 sentyabr 2024-cü il tarixli Prezident Sərəncamı
xalqımızın milli yaddaşında əbədi qalacaq mühüm bir hadisədir.
Bu günün rəsmiləşdirilməsi yalnız təqvimdə yeni bir
bayramın təsdiqi deyil, həm də tarixi varlığımızın, milli kimliyimizin və dövlətçilik
əzminin təntənəsidir. Suverenlik anlayışı hər bir xalq üçün öz taleyinə sahib
çıxmaq, öz müstəqil dövlətini yaratmaq və onu inkişaf etdirmək qətiyyətinin ən
ali ifadəsi hesab olunur. Xalqımız tarix boyu dəfələrlə işğallara, müstəmləkə
siyasətinə, məhrumiyyətlərə məruz qalsa da, müstəqillik arzusundan heç vaxt əl
çəkməmiş, bu ideyanı nəsildən-nəslə ötürərək milli şüurunun əsas dayağına
çevirmişdir.
Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə
sahibdir və bu dövlətin gücü, əzmi, varlığı şəhidlərimizin qanı, igid əsgər və
zabitlərimizin qəhrəmanlığı hesabına qorunub saxlanılmışdır.
Dövlət suverenliyi tarixən xalqımızın azadlıq
mübarizəsinin ana xətti olmuşdur. 1918-ci ildə yaranmış Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi milli iradəmizin
təntənəsi idi. Hərçənd ki, Cümhuriyyətin ömrü cəmi 23 ay sürdü, lakin onun
qoyduğu dövlətçilik ənənələri, qəbul etdiyi qərarlar, xalqın şüurunda yaratdığı
azadlıq düşüncəsi əbədi olaraq yaşadı.
Sovetlər dövründə də Azərbaycan xalqının müstəqillik
ideyası gizli şəkildə yaşadıldı və XX əsrin sonlarında - 1991-ci ildə dövlət
müstəqilliyimiz bərpa olundu. Bu, böyük tarixi nailiyyət idi, lakin müstəqilliyin
qorunması və möhkəmləndirilməsi daha mürəkkəb bir proses oldu. 1980-ci illərin
ortalarından başlayaraq ölkəmiz ağır siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın
təcavüzü ilə üz-üzə qaldı. Torpaqlarımızın 20 faizinin işğalı, yüz minlərlə
soydaşımızın doğma yurdlarından didərgin salınması xalqımızın tarixində ən faciəli
səhifələrdən biri oldu. Buna baxmayaraq, Azərbaycan xalqı müstəqillik əzmini
itirmədi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, müstəqil dövlət quruculuğu
yolunda mühüm addımlar atıldı. Dövlət suverenliyi yalnız siyasi atributlarla - bayraq,
gerb, himn və Konstitusiya ilə məhdudlaşmır. O, həm də iqtisadi müstəqillik,
milli ordunun qurulması, beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyektə
çevrilmək deməkdir. Azərbaycan bütün bu istiqamətlərdə ardıcıl və məqsədyönlü
siyasət yürüdərək öz mövqeyini möhkəmləndirdi. XXI əsrin əvvəllərindən
başlayaraq ölkəmizin neft və qaz resurslarının dünya bazarlarına çıxarılması,
transmilli layihələrin icrası, iqtisadiyyatın şaxələndirilməsi dövlət
suverenliyinin real təminatına çevrildi. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət Azərbaycanın müstəqilliyini dönməz etdi, onu bölgənin
lider dövlətinə çevirdi. Dövlət suverenliyinin ən mühüm göstəricisi ərazi
bütövlüyünün təmin edilməsidir. Uzun illər işğal altında qalmış Qarabağ və Şərqi
Zəngəzur torpaqlarımızın azadlığı xalqımızın ən böyük arzusu idi. 2020-ci ildə
44 günlük Vətən müharibəsi nəticəsində bu arzu gerçəkləşdi. Azərbaycan Ordusu
xalqın dəstəyi, dövlətin gücü və Ali Baş Komandanın qətiyyəti sayəsində tarixi
Zəfərə imza atdı. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri
isə suverenliyin bərpasını tam şəkildə təmin etdi. Bu gün Azərbaycanın üçrəngli
bayrağı bütün azad olunmuş torpaqlarda dalğalanır. Bu zəfər yalnız hərbi uğur
deyil, həm də dövlət suverenliyinin sarsılmazlığının dünyaya nümayişidir. Dövlət
suverenliyi xalqın milli kimliyinin, mədəniyyətinin, dilinin, adət-ənənələrinin
qorunması deməkdir. Azərbaycanın müstəqilliyi həm də milli-mənəvi dəyərlərimizin
azad şəkildə inkişafı üçün zəmin yaratdı. Müstəqil dövlətimiz elm və təhsil
siyasətini milli maraqlara uyğun şəkildə qurmaq imkanı əldə etdi. Azərbaycanın
beynəlxalq aləmdə tanınması, nüfuzlu təşkilatlara üzv qəbul olunması, mühüm tədbirlərə
ev sahibliyi etməsi suverenliyin əyani göstəricilərindəndir. Dövlət suverenliyi həm də vətəndaşın
rifahı, sosial ədalətin bərpası, insan hüquqlarının qorunması deməkdir.
Müstəqil Azərbaycanın inkişaf strategiyası məhz insan amilini ön plana çəkərək
sosial dövlət modelinə yönəlmişdir. İşğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq
işləri də suverenliyin parlaq nümunəsidir. Bu torpaqlarda yeni şəhərlər, kəndlər
salınır, müasir infrastruktur yaradılır, insanlar doğma yurdlarına qayıdır. Bu,
dövlətin öz torpaqlarına sahib çıxmasının, xalqın taleyinə sahib olmasının ən
real göstəricisidir.
Dövlət Suverenliyi Gününün təsis olunması yalnız
keçmişin xatırlanması deyil, həm də gələcəyə verilən mesajdır. Bu gün biz müstəqilliyimizin
əbədi və dönməz olduğunu bütün dünyaya bəyan edirik. Hər bir vətəndaş anlamalıdır ki, dövlət suverenliyi onun azad nəfəs
almasının, sərbəst yaşamasının, milli kimliyini qorumasının təminatıdır. Dövlətin
suverenliyi itirilərsə, xalqın azadlığı da əldən gedər. Ona görə də bu dəyər
qorunmalı, gələcək nəsillərə ötürülməlidir. Dövlət Suverenliyi Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə
ehtiramın ifadəsidir. Onların canı, qanı bahasına qazanılmış azadlıq
xalqımızın ən qiymətli sərvətidir. Azərbaycan gəncliyi bu dəyərləri qorumağa
borcludur. Gənc nəsillər bilməlidirlər ki, müstəqillik verilən hədiyyə deyil,
ağır mübarizənin nəticəsidir. Bu mübarizəni davam etdirmək, dövlətin inkişafına
töhfə vermək hər kəsin vətəndaşlıq borcudur.
Beləliklə, 19 sentyabr 2024-cü il tarixli Prezident
Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik
tarixində mühüm mərhələdir. Bu gün xalqımızın əzmini, qətiyyətini, milli
birliyini əks etdirir. Dövlət suverenliyi Azərbaycan xalqının əbədi sərvətidir
və hər bir vətəndaş bu sərvətin keşiyində dayanmalıdır. Müstəqil dövlətimizin
möhkəmlənməsi, inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması məhz bu
suverenliyin bəhrəsidir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahib
olmaqla qürur duyur və gələcək nəsillərə güclü, azad, suveren bir vətən miras
qoymaq əzmindədir. Dövlət Suverenliyi Gününün qeyd edilməsi bu əzmin rəmzi,
milli ruhumuzun təntənəsi, azərbaycançılıq məfkurəsinin isə ən ali təzahürüdür.
Qanun:https://e-qanun.az/framework/57986
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)