Roma şəhərinin salınması haqqında

Romanın tarixinə dair ən qədim yazılı qeydlərə hələ e.ə. V-IV əsrlərə təsadüf edilir. Romalılar belə yazılı qeydləri “fasti” adlandırırdılar. Fast Romada xidmət günləri (Qədim romalılar günləri “xoş” (fasti) və “bəd” (nifasti) günlərə ayırırdılar. “Bəd” günlər idarələr işləməz və heç bir ictimai tədbir keçirilməzdi) tərtib olunan xüsusi təqvim yazılarına deyilirdi. Fastlar lövhə üzərinə yazılır və “ictimaiyyətin istifadəsi üçün” müəyyən yerə qoyulurdu. E.ə. 180-ci ilə yaxın baş kahin Publi Musi Sveval fastlarla yazılı lövhələri (tabula pontificum) 80 kitabdan ibarət bir külliyat şəklində nəşr etdirmişdi. Romanın öyrənilməsinə maraq Avropada erkən orta əsrlərdən başlamışdır. Lakin Karl Siqoninin 1559-cu ildə Bazeldə çapdan çıxmış kitabı Roma tarixinə dair ilk əsər hesab edilir. XVIII əsrdə yazılmış əsərlər içərisində daha maraqlısı bu dövrün fransız maarifpərvəri Şarl Monteskyönün 1734-cü ildə yazdığı “Romalıların əzəməti və tənəzzülü haqqında” adlı əsəridir. Roma tarixinin öyrənilməsində tənqidi üsuldan istifadə edən və əvvəlki sadəlövh dünyagörüşlərə qarşı çıxan ilk tarixçi alman alimi Bartold Qeorq Nibur (1776-1831) olmuşdur.

Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Apennin yarımadası qədimlərdən İtaliya (“buzovlar ölkəsi”) adlanır. Yarımada cənubdan İoniya, şərq və qərb tərəfdən Tirren və Adriatik dənizləri ilə əhatə olunur. İtaliyaya Siciliya, Sardiniya və Korsika kimi böyük adaları da daxil edirlər. Qədimdə yunanlar İtaliya adı ilə ancaq ölkənin cənubunu adlandırırdılar. Sonradan bütün ölkə belə adlandırılmışdır.

Eradan əvvəl VIII-VI əsrlərdə İtaliya tayfalarına böyük təsir göstərən etrusklar olmuşlar. Etrusklar özlərini Rasenlər adlandırırmışlar. Umbrlar isə onları tusklar, latınlar-tusklar, yaxud etrusklar adlandırmışdılar. Etrüsklar dili və mədəniyyəti əsasən sirr olaraq qalan qədim italyan əhalisi olmuşlar. Onların qoyub getdikləri zəngin  əsərlər müasir insana etruskların  əslində kim olduqları barədə bəzi ipuçları verir. Etrusklar (italyanca; Etruschi, Latın Etrusci,Tusci) eradan əvvəl I minillikdə yaşamış qədim əhalidir. Apennin yarımadasının şimal-qərbində (ərazi - qədimdə Etruriya, hazırda Toskana adlanır) Arno və Tiber çayları arasında və Romadan əvvəlki inkişaf etmiş mədəniyyət yaratmış və ona böyük təsir göstərmişlər. Etrusklar (italyanca; Etruschi, Latın Etrusci,Tusci) eradan əvvəl I minillikdə yaşamış qədim əhalidir. Apennin yarımadasının şimal-qərbində (ərazi - qədimdə Etruriya, hazırda Toskana adlanır) Arno və Tiber çayları arasında və Romadan əvvəlki inkişaf etmiş mədəniyyət yaratmış və ona böyük təsir göstərmişlər. Roma mühəndisliyi, xüsusən də binaların tağlı tikintisi, qladiator döyüşləri, araba yarışları və bir çox dəfn mərasimləri etrusklardan qalmadır. Etrusk şəhərlərinin çoxu böyük nəsillərin adları ilə bağlı olmuşdur. Məsələn, Tarkvini şəhəri böyük Tarkvinilər nəsinin (Tarxna) adı ilə bağlı idi. Bir əfsanəyə görə Tarxna adlı qəhrəman 12 etrusk şəhərinin əsasını qoymuşdur. Tarixçi akademik N.A. Maşkin yazır ki, ali hakimiyyət (impeium) anlayışı da romalılara etrusklardan keçmişdir. Etruskların haradan gəlməsi məsələsi ətrafında tarix elmində mübahisələr indiyədək davam edir. Hələ antik tarixçilərdən Heradot, Strabon, Böyük Plini və Tasit etruskların Lidiyadan (Kiçik Asiya) gəldiyini göstərmişlər. Son vaxtlarda etrusk tarixinin dərin öyrənilməyə başlanılması ilə əlaqədar olaraq, etruskların mənşəyi problemi xüsusi elmi maraq doğurur. Təqribən 1880-ci illərdə İtaliya etruskşünası Mesimo Pallatino etruskların dağıdılmış İlion şəhərindən gəldiklərini yazmışdır. Alimlərin əksəriyyəti etruskların Şərqdən gəlməsini fərz edirlər. Ümumiyyətlə, etruskların şərq mənşəli olması fikrini təsdiq edənlər çoxdur. Belə fikirdə olanlardan biri də ingilis alimi Dempsterdir. Bir sıra het abidələrinə əsaslanaraq, tarixçi Noqara etruskların hetlərlə qohumluğunu irəli sürmüşdür. 1885-ci ildə fransız arxeoloqları Kuzen və Djurbax Lemnos adasında Kampaniya kəndi yaxınlığında yazılı qəbir daşı tapmışdılar. Yazı yunan hərfləri ilə tərtib olunsa da dil, yunan dili deyildi. Bu yazının etrusk dilində yazıldığı qeyd edilir. Daşın üstündə əlində nizə və qalxan tutmuş adam şəkli də vardır. Qeyd etmək lazımdır ki, alimlər etrusk adları ilə Kiçik Asiya yer adları arasında qəribə oxşarlıq olduğunu yazırlar. Bunlar etruskların Kiçik Asiyadan gəlmələrini deməyə müəyyən əsas verir.

Qədim romalıların etnik mənşəyi məsələsində hələ çox öyrənilməmiş səhifələr vardır. İtaliyaya gələn tayfalar içərisində Tibr çayının mənsəbinə yaxın Lasium adlanan yerdə məskən salmış latın tayfaları ölkənin tarixində mühüm rol oynamışlar. Tarixi qaynaqlarda otuza qədər Latın şəhərlərinin adı çəkilir. Bunların içərisində ən böyüyü Alba-Lonqa (Uzun Alba) idi. Şəhər vulkanı çoxdan sönmüş Alban dağının cənub-şərqində hündür təpədə yerləşirdi.

Roma şəhərinin nə zaman və hansı şəraitdə salınması haqqında qəti söz demək çətindir. Roma tarixçisi Mark Terensi Varronun yazdığına görə, Roma şəhərinin əsası e.ə. 21 aprel 753-cü ildə qoyulmuşdur. Lakin bu rəvayətdir. Bu rəvayət çox sonralar (təxminən V əsrdə) meydana gəlmişdir. Roma rəvayətlərinin birində (Bu rəvayət Vergilinin “Eneida” adlı epik poemasının məzmununu təşkil edir)şəhərin salınması haqqında belə nağıl edilir:

Troya qəhrəmanlarından biri olan Eney özünə yeni Vətən axtara-axtara dəniz vasitəsi ilə İtaliyaya gəlmiş və Tibr çayının sağ sahilinə çıxmışdı. Burada onu öz döyüşçüləri ilə padşah Latın qarşılamışdı. Eney əbədi ittifaq təklif edərək onunla yaxınlaşmış və hətta Latının yeganə qızı Davina ilə evlənmişdi. Eneyin ölümündən sonra onun böyük oğlu Askani padşah olmuşdu. Askani Alban dağının başında Lonqa (Alba-Lonqa) şəhərini saldırmış və bu şəhəri öz dövlətinin paytaxtına çevirmişdi.Eneyin nəslindən olan padşah Proka hakimiyyəti böyük oğlu Numitora vəsiyyət etmişdi. Kiçik oğlu Amuliyə isə çoxlu mülk və varidat qoymuşdu. Amuli öz qardaşını öldürmüş, onun qızı Rey Silvanı isə gələcəkdə ərə getməməsi üçün qalçaya saldırmışdı (Amuli qızın ərə gedəcəyi və qanuni varis doğacağından ehtiyat edirdi). Adətə görə Rey Silva ərə getməyəcəyinə and içməli idi. Lakin, Silva Mars  tanrısından əkiz oğlanlar doğur. Bundan xəbər tutan Amuli qəzəblənərək qardaşı qızını edam etdirdi və əkiz uşaqları bir səbətə qoydurub  Tibr çayına atmağı əmr etdi. Sonra möcüzələr başlayır: əkiz körpələr olan bu səbət Palatin təpəsinin yaxınlığında sahilə çatır, onları bir dişi canavar taparaq öz südü ilə yedirdir. Artıq böyümüş qardaşları yoldan keçən padşah çobanı Faustul tapır. Uşaqlar böyüyürlər, Amulidən qisas alırlar və öz böyük şəhərlərini qurmağa qərar verdilər. İddiaya görə, Romul bu məqsəd üçün Palatin təpəsini, Rem isə Aventin təpəsini seçir. Rəvayətdə deyilir ki, şəhərin adı üstündə qardaşlar arsında mübahisə düşmüşdü. Qardaşlar qərara gəlirlər ki, dərin bir xəndəyin üstündən atılsınlar. Kim atıla bilsə, şəhər də onun adına olsun. Qardaşlardan Romul atıla bilmişdi. Rem isə xəndəyə düşərək ölmüşdü. Şəhər isə Romulun adı ilə Roma adlandı. Sonralar filosof Avreliy Avqustin yazmışdı: “Bu şəhərin ilk qurucusu, qısqanclıqdan öz doğma qardaşını öldürən, əbədi şəhərin ilk vətəndaşı, sərgərdan yaşayan olmuşdur”.

Roma tarixinə dair ədəbiyyatda Romanın ən qədim dövrü (e.ə. 753-e.ə.509) padşahlıq dövrü adlanır. Eradan əvvəl VI əsrdə Roma padşah tərəfindən idarə olunan böyüyən bir şəhər yaşayış məntəqəsinə çevrildi. Roma şəhərinin 3 padşahı, Lusi Tarkvini Prisk, Servi Tulli və Təkəbbürlü (Superbus) Tarkvini o dövrdə İtaliyada Etruriya gücünün bariz simvolu olan etrusk mənşəli idilər. Etrusk padşahlarının dövründə Roma iqtisadi və hərbi cəhətdən qüdrətli bir şəhərə çevrildi. Lakin bu üç padşah da öz uğurlarının qurbanı oldular və eradan əvvəl 509-cu ildə Romada monarxiya devrildi və respublika (“res” , “publika” yəni “ ümumxalq işi”, “res- iş”; “publika -xalq”) quruldu. Romanın qüdrəti artdıqca genişlənməyə, qonşu qəbilələri və şəhərləri fəth etməyə və özünə birləşdirməyə başladı. Sonrakı iki yüz il ərzində bütün Etruriya romalıların nəzarətinə keçdi.

Ən qədim Romada üç hakimiyyət orqanı vardı. Romanın idarəsi hökmdar (rex), senat və xalq yığıncağı tərəfindən həyata keçirilirdi. Romalılar hələ çox qədimlərdən bütün mühüm işləri ümumxalq yığıncaqlarında ( comitia) həll edirdilər. Roma əhalisi iki təbəqəyə-patrisilərə və plebeylərə bölünmüşdü. Romada torpaqsızlar və yoxsullar heç bir təbəqəyə daxil olmayıb, proletariat (latınca “proles”-“övladdan başqa heç bir şeyi olmayan”deməkdir) adlanırdılar.

İstifadə edilmiş mənbə və resurslar:

1.Y.A. Həsənov. Qədim Roma tarixi. Bakı 1975

2. bit.ly/3WdWCFI

3.https://multiurok.ru/files/etrusklar-v-onlarin-m-ns-yi.html

4. https://multiurok.ru/files/roma-s-h-rinin-salinmasi-haqqinda-1.html

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.