Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən
qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına
görüləcək işlər barədə məlumat verdi. Qeyd edək ki, 1958-ci ildə istifadəyə
verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan
suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan
kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir,
İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və
yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Suötürmə qabiliyyəti saniyədə
78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz
istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə
düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti
pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin
vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin
suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə
ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Yuxarı Şirvan suvarma kanalının
infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin
vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli
istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə
aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması
haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının
adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Prezident
İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu.
Bildirildi
ki, Agentliyin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən
Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri
və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən
qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su
ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin
məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin
suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin
sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı
torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su
itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə
olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən
nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının
nasos stansiyasının qidalandırılmasına imkan verəcək.
Sonra dövlətimizin
başçısı tədbirdə çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
- Mən bir
neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam
imzalamışam, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir.
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri
arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma
kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər
keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb
olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf
torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı
Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal
Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal
yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq.
120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən
çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra
ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük
hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8
rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax,
arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə
quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə
çox müsbət təsiri olacaqdır. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata
keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını
təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə
yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas
infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş
infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik
enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri,
o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki
illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların
arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm.
Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay
su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb
bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə
artırılmışdır. Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən
böyük - suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz
olacaqdır. Əminəm ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu
yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Bu layihə ilə biz bu sahəyə yeni nəfəs
gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, - vaxtilə bu, Yuxarı Qarabağ
kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, - inşası ilə əlaqədar
Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində
yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən
başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə
olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı
vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq. Ölkəmizin gələcək
inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun
inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların
rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə
istifadə edilməsi - bütün bu amillər gördüyümüz işlərdə əks olunur. İqlim dəyişikliyi
ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Biz indi
görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər
qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər
su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim
dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə
aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin
dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su
ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Mən
bir daha demək istəyirəm ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini
tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat
və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə
irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona
görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri
arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Artıq
genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları
Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə
xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda
10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su
anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada
bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər
bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən
sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda,
müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında
itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər
maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə,
dövlətin və biz bu işi görürük. Bunlar ancaq Azərbaycanın bir hissəsinə aid
olan layihələrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə
etsək, mənzərə daha ürəkaçan olacaq. Çünki Vətən müharibəsi və antiterror əməliyyatı
nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan
təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir.
Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su
resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti,
müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su
resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir -
Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə
Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun
xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini
icra etmişik və bu işlər davam etdirilir. Bir müddət bundan əvvəl Ağdam
rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay
su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının
inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan
çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və
beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su
veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən
deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə
alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu
layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük
suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və
kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar
hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da
başlaya bilərik. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan
dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz
Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada
misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma
layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş
işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.
Dediyim bu layihələrin hamısı icra ediləcək. Hələ bunlardan başqa bir çox layihələr
olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir
layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu
sahədə də özünü tam təmin etmiş olacaq. Bir layihəni də qeyd etməliyəm. İndi bu
layihə üzərində iş aparılır. Bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması
layihəsidir. Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan
da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə
ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi
kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik. Beləliklə,
bu gün təməlini qoyduğum kanalın yaxın gələcəkdə çox böyük müsbət nəticələri
olacaq. Mən bir həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən aqroparkın fəaliyyəti
ilə tanış olmuşam. Mənə məlumat verildi ki, burada 4 mindən çox hektarda taxıl əkini
aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur.
İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan
bir qədər çoxdur. Burada - Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır
– nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər
münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin
dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni
görürük – Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yerlərdə
bu rəqəm daha da arta bilər. Ancaq mən sizə deyim ki, hər hektardan taxıl üzrə
7 ton məhsuldarlıq - bu, inkişaf etmiş ölkələrin səviyyəsidir. Özü də bu, ərzaqlıq
buğdadır ki, bizə ən çox lazım olan ərzaqlıq buğdadır. Biz hələ ki, idxaldan
asılıyıq. Əgər bu texnologiyalar təkcə Şirvan kanalı boyunca, bax, orada göstərilən,
yerləşən ərazilərdə tətbiq olunsa, onda biz idxaldan asılılığı böyük dərəcədə
azaldacağıq. Sadaladığım digər layihələr icra edildikdə biz bəlkə də nə vaxtsa
idxaldan, ümumiyyətlə, imtina edəcəyik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi
Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının
inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan
istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində
orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət
alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və
kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların,
bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox
böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış
torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik. Əminəm,
Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər
hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin
ediləcək. Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan
kanalının da açılışını qeyd edəcəyik.
Mənbə: https://president.az/az/articles/view/65513