Faşizmə qarşı mübarizədə həlak olan tağım
komandiri, qvardiya leytenantı Əhmədov Cəmil Məmməd oğlunu tanıyaq.
Cəmil Məmməd oğlu Əhmədov (1924, Azərbaycan SSR, Cəbrayıl
kəndi- 2 sentyabr 1944,
Polşa) -
İkinci Dünya müharibəsi iştirakçısı, 1-ci Belorus Cəbhəsinin 28-ci Ordusunun
55-ci qvardiya Atıcı Diviziyasının 168-ci qvardiya Atıcı Alayının tağım komandiri,
qvardiya leytenantı, Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945).
Müharibə
başlayanda Cəmil 1941-ci ilin iyun ayında hərbi komissarlığa müraciət etdi. Lakin cəmi 17 yaşı
olduğu üçün orduya qəbul edilmədi. Gənc oğlan 1942-ci ilin mart ayında Sovet
Ordusu
sıralarına çağırıldı. 1943-cü ildə Orconikidze Hərbi Piyada Məktəbini bitirdi və
tağım komandiri kimi cəbhəyə göndərildi. Cəmil Əhmədov ilk dəfə 1943-cü ilin
payızında Şimali Qafqazda döyüşlərə qatıldı. Ukraynanın azad edilməsi
uğrunda döyüşlərdə göstərdiyi cəsarət və igidliyə görə kiçik leytenant Cəmil Əhmədov Qırmızı Ulduz
ordeni ilə təltif edildi.
Qvardiya
leytenantı Əhmədov 1944-cü ilin yayında Belarusun azad edilməsi zamanı tağım
komandiri kimi fərqləndi. 23 iyun 1944-cü ildə Əhmədovun tağımı alman-faşist piyada
dəstəsinin bir qrupunu pusquya salaraq məhv etdi. Növbəti gün Qomel bölgəsindəki
Pariçi kəndi yaxınlığındakı düşmən istehkamına hücum zamanı Əhmədov səngər
döyüşündə şəxsən 10-dan çox düşmən əsgərini məhv etdi. Cəmil
başından yaralansa da, tağıma komandirlik etməyə davam etdi.
İyunun
25-də Əhmədovun tağımı Belarusun Malın kəndi yaxınlığında Berezina çayını keçən
ilk tağım oldu. Əsas qüvvə gələnə qədər tağım 10 saat ərzində atəş dəstəyi göstərməyə
davam etdi. Əhmədov ikinci dəfə yaralandı və ona hərbi hospitala getmək təklif edildi. Lakin Cəmil imtina edərək dedi:
“Əllərim
pulemyot tutduğu müddətcə, ürəyim döyündüyü müddətcə döyüş meydanını tərk etməyəcəyəm”.
Əhmədov
üçüncü yarasını iyunun 26-da Belarusun Malın kəndinə hücum zamanı ayağından
alsa da, yaralanmasına baxmayaraq, bölməsinin irəliləməsinə rəhbərlik etməyə
davam etdi. Qan itkisindən huşunu itirən Əhmədov gecə ərzində özünə gəldi və
bir neçə saat sürünərək özünkülərə
çatmağı bacardı. Tib işçiləri onu xəstəxanaya çatdırdılar. 28-ci Ordunun qoşunları
üçün 27 iyul 1944-cü il tarixli 35/n nömrəli əmrlə qvardiya leytenantı Cəmil
Əhmədov Aleksandr Nevski ordeni ilə təltif edildi.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Qvardiya
leytenantı Cəmil Əhmədov 2 sentyabr 1944-cü ildə döyüşdə aldığı yaralardan vəfat
etdi.
Alman-faşist işğalçılarına qarşı
mübarizənin ön cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə
yerinə yetirdiyinə və bu zaman göstərilən cəsarət və qəhrəmanlığa görə SSRİ Ali
Soveti Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli fərmanı ilə qvardiya
leytenantı Əhmədov Cəmil Məmməd oğluna Sovet İttifaqı Qəhrəmanı (ölümündən
sonra) adı verildi.
Cəmil Əhmədov Varşavada sovet əsgərləri qəbiristanlığında
dəfn olunub.
O, həmçinin Lenin ordeni (23 mart 1945), Aleksandr
Nevski ordeni (27 iyul 1944) və Qırmızı Ulduz ordeni (19 fevral 1944) ilə də təltif
edilib.
Cəbrayılda onun adına küçə və məktəb olmuşdur, eləcə
də qəhrəmanın büstü qoyulmuşdu (P.S. tərcüməçidən: Hazırda küçə, məktəb və büst
haqqında dəqiq məlumatım yoxdur).
Mənbə: https://www.facebook.com/20531316728/posts/10154009990506729/
Rus-dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron
Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları”
nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin
(2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI
siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)