Bu məktub, digər ölkələrlə yanaşı, Rusiyanı da
işğal edən Batı xanın rəhbərliyi ilə Qərb yürüşünün bitməsindən sonra göndərilib.
Məktubda IV İnnokenti (P.S. əsl adı: Sinibaldo
Fieski; doğum tarixi təqribən 1190-cı il; 1243-1254-cü illərdə Roma Papası
olmuşdur) monqolları xristianlığı qəbul etməyə, katolik ölkələrini (əsasən
Macarıstanı) işğal etdikləri üçün günahlarını etiraf etməyə, Allahın hökmündən
qorxaraq günahlarından tövbə etməyə və qarşılıqlı münasibətlər qurmağa
çağırırdı.
Ümumiyyətlə, Plano Karpininin (Covanni Plano
Karpini və ya İoann Karpini - it. Giovanni da Pian del Carpine, lat. Iohannes
de Plano Carpini; 1182 - 1252, italiyalı
fransiskan rahibi. Ali Monqol Xaqanlığına səyahət etmiş ilk avropalı idi. ...Səyahətləri
əsasında “Historia Mongalorum quos nos Tartaros appellamus” (“Bizim tatar
adlandırdığımız, monqalların tarixi”) və “Liber Tartarorum” (“Tatarlar haqqında
kitab”) əsərlərini yazmışdır) missiyası monqolların kim olduğunu və onların
yenidən Qərb dünyasına hücum etməyə cəhd edib-etməyəcəklərini aşkar etmək məqsədi
daşıyırdı.
Papanın məktubundan
bəzi nümunələr aşağıdadır:
“...eşitdiyimiz
kimi, həm xristianlara, həm də başqalarına məxsus bir çox ölkəni işğal etməyiniz
və onları viran qoymağınız, nəticədə dəhşətli viranəliyə səbəb olmağınız və
dağıdıcı əlinizi daha uzaq ölkələrə uzatmağınız, lakin təbii əlaqələrin
bağlarını qıraraq, nə cinsinə, nə də yaşına rəğmən, cəza qılıncı ilə hər kəsə qəzəblənməyinizə
heyranlığımızı kəskin şəkildə ifadə etməyə məcburuq.
Buna görə də, Sülh Hökmdarının nümunəsini izləyərək və bütün insanların
Allah qorxusu ilə harmoniya içində yaşamalarını arzulayaraq, hamınıza gələcəkdə
bu cür hücumlardan və xüsusən də xristianları təqib etməkdən tamamilə çəkinməyinizi
tövsiyə edirik, xahiş edirik və səmimi qəlbdən yalvarırıq...
...bu qardaşlar (Plano Karpini və onun yoldaşları) vasitəsilə bizə başqa
xalqları məhv etməyə sizi nəyin vadar etdiyini və gələcək üçün niyyətlərinizin
nə olduğunu bildirin...”.
Ali
Monqol Xaqanı Quyuk xaqanın
(1246-1248) cavab məktubu
“Əbədi Səmanın
(Tanrının) gücü ilə (biz) bütün böyük ulusun Dalay xanıyıq; əmrimizə qulaq
asın.
Bu, böyük papaya göndərilən bir əmrdir ki, o bunu
bilsin və başa düşsün. “Karal” (P.S. məktubun əsli fars dilində olduğu üçün “Karal”
yer adı indiki Ukryana ərazisində olmasını güman etməyə əsas verir. Ola bilər
ki, bu Batı xanın məşvərət keçirdiyi yeri bildirir) bölgəsində məclis keçirdikdən
sonra bizə səfirlərinizdən eşidilən bir məktub göndərdiniz. Əgər dediyiniz kimi
hərəkət etsəniz, böyük papa olan siz, şəxsən
bizimlə bir araya gəlin ki, sizi dərhal “Böyük Yasa”nın hər bir əmrini dinləməyə
məcbur edək.
Və bir şey də. Sən dedin ki, əgər vəftiz (P.S. vəftiz
sözünün əsas mənası “suya salmaq”, “suya batırmaq”-dır; bu, həm fiziki bir əməliyyat,
həm də dini mənada, xüsusən xristianlıqda, insanın tövbə, paklanma və yeni həyatın
başlanğıcı kimi simvolik mənasını daşıyan müqəddəs bir mərasimdir) olunsam,
yaxşı olar; bizə məktub göndərməklə ağıllı davrandın, amma biz sənin xahişini
başa düşmədik.
Və bir şey də. Sən mənə bu sözləri göndərdin: “(Nə
vaxt) bütün Majar (macarlar) və Kiristan (xristianlar) bölgəsini ələ keçirdin;
Mən heyrətləndim. Onların günahı nə idi, bizə
deyin? ” Biz də sizin bu sözlərini başa düşmədik. Çingiz xan və Xaqan hər
ikisinə (bölgələrə) Tanrının əmrini dinləmək
üçün adam göndərdilər. Lakin bu insanlar Tanrının əmrini dinləmədilər. Bəhs
etdiyiniz insanlar, hətta böyük bir məclis keçirəndə belə, təkəbbür göstərdilər
və (onları) göndərdiyimiz səfirlərimizi öldürdülər.
Bu (sizin) torpaqlarda Əbədi Tanrının gücü ilə
insanlar öldürüldü və məhv edildi. Bəziləri Tanrının əmri, onun yeganə gücü ilə
xilas edildi. Kimsə necə öldürə bilər, necə ələ keçirə bilər (əgər Tanrının
iradəsi ilə deyilsə)? Və siz “Mən xristianam, mən Allaha hörmət edirəm” deməyə
davam etdikdə, Allahın kimi haqlı çıxaracağını və kimin xeyrinə mərhəmət göstərəcəyini
necə bilirsiniz? Onu (Allahı) necə tanıyırsınız ki, belə sözlər deməyə cəsarət
edirsiniz?
Tanrının gücü ilə günəşin doğduğu yerdən batdığı
yerə qədər bütün torpaqlar bizə verilib. Tanrının əmri olmadan kimsə necə bir
şeyə nail ola bilər? İndi açıq şəkildə deməlisiniz: “Biz sizin təbəələriniz
olacağıq, bütün əmlakımızı sizə verəcəyik”.
Özünüz, padşahların başında, hamınız birlikdə,
istisnasız olaraq, gəlin bizə xidmət və təslim olun. O andan etibarən sizi təbəə
hesab edəcəyik. Əgər Tanrının əmrinə tabe olmasanız və bizim əmrimizə müqavimət
göstərsəniz, düşmənlərimizə çevriləcəksiniz.
Bilməli olduğunuz budur.
Əgər fərqli davransanız, nə olacağını bilirikmi?
Bunu yalnız Tengri bilir”.
Mənbə: https://bit.ly/3NBpNQE
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)