Böyük
Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin
Xaqani Şirvaninin 900 illiyi tamam olur.
Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng
simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik
mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin
zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir.
Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti
və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar
ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə
malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə
mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani
yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri
şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür.
Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani
klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq
xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış,
məktəb kimi ondan bəhrələnmişlər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının qüdrətli
nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani
Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2026-cı il
Mənbə:
P.S. Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir
Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani
onun təxəllüsü, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani Şirvani
1199-cu ildə Təbriz
şəhərində vəfat edib.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)