Əməkhaqqından tutulmaların hüquqi əsasları əmək qanunvericiliyində dəqiq müəyyən edilmiş və yalnız qanunla icazə verilən hallarda tətbiq edilə bilər. İşçinin hüquqlarını qorumaq və qanunsuz tutulmaların qarşısını almaq məqsədilə əməkhaqqından hər hansı məbləğin çıxılması yalnız müəyyən şərtlər daxilində mümkündür.
SinxronFənlər “Azərbaycan müəllimi”nə istinadən məlumat
verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsində əməkhaqqından
tutulmalara yol verilən hallar və bunun icrası qaydası öz əksini tapıb. Belə
ki, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna
edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə
qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
Əmək Məcəlləsinə əsasən, işəgötürənin sərəncamı ilə
işçinin əməkhaqqından yalnız aşağıdakı ödənişlər tutulur:
a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər,
sosial sığorta haqları və digər icbari ödəmələr;
b) məhkəmənin qətnaməsi (qərarı) ilə icra sənədlərində
müəyyən edilmiş məbləğ;
b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə
müəyyən edilmiş məbləğ;
c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı
hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq
olmayan miqdarda vurduğu ziyanın məbləği;
ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin
iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət
pulu;
d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq
verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc
məbləği;
e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə
yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;
ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin
alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən
edilmiş məbləğ;
g) həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından
mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar
ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük
haqları.
İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi
üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar
nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin
tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra
işçidən həmin məbləğlər tutula bilməz.
İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq
vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına isə yol verilmir.
Bundan başqa, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən
işçiyə artıq verilmiş əməkhaqqı, o cümlədən müvafiq qanun və digər normativ
hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən
tutula bilməz.
İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının
müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və
digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər.
İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi
ilə işçinin borcları əməkhaqqından tutula bilməz.
Nəzərə almaq lazımdır ki, əməkhaqqından tutulmaların
qanuni əsaslarla və müəyyən qaydalar çərçivəsində həyata keçirilməsi işçi
hüquqlarının qorunması və maliyyə intizamının təmin edilməsi baxımından mühüm əhəmiyyət
daşıyır. Bu prosesin şəffaf və ədalətli aparılması həm işçilərin sosial təminatına,
həm də işəgötürənlərin qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə zəmin
yaradır. Ona görə də həm işçilər, həm də işəgötürənlər əmək qanunvericiliyində
nəzərdə tutulmuş bu qaydalara ciddi riayət etməlidirlər.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)