Azərbaycan
Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim
dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin
prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası
və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili
(1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların
emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi
götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan
Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə
həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin
qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi
innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin
yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji
siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş
gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə
çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir
tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin
milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi
məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilsin.
2.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan
Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi
ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
İlham
Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 25 dekabr 2023-cü il
Mənbə:
https://president.az/az/articles/view/62737
https://x.com/azpresident/status/1739321731184017691?s=20


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)