Azərbaycan Respublikasının Konstitusiya Günü - Azərbaycan
Respublikasının Əsas Qanununun - müstəqil Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul
edilidiyi gündür. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər
Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna
çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət
quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait
yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin
edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra,
qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır”. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci
ildə ümumxalq səsverməsi (referendum) əsasında qəbul edilmişdir. Bu Azərbaycan
Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyasıdır. Dövlətimizin
Əsas Qanunu 1995-ci il noyabrın 27-də
qüvvəyə minmişdir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan
Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. 1995-ci ildə qəbul
olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin
tarixində dördüncü Konstitusiyasıdır. Məlum olduğu kimi, 1918-1920-ci illərdə
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu
Konstitusiyası qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun tarixi əsasən sovet dövrü tərkibində olduğu vaxta düşür.
Azərbaycan dövlətinin I Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının II
Konstitusiyası 1937, III isə 1978-ci ildə qəbul edilmişdir.
BAYRAMIMIZ MÜBARƏK!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)