(P.S. Şumer padşahlarının siyahısı mütəxəssislərə
heyrətamiz sirrlər açıb. Bu necə mümkündür? Bəs birdən?).
Şumer şəhərlərinin yerləşdiyi indiki İraq ərazisində
tapılan bir çox inanılmaz artefaktlardan bir neçəsi - Şumer Padşahları Siyahısı
maraqlıdır. Bu siyahı, əvvəllər şumer dilində yazılmış qədim əlyazmadır. Kitabədə
Şumerin (indiki İraqın cənubu) bütün hökmdarlarının adları sadalanır. Şumer və
qonşu sülalələr, onların hökmranlıq etdikləri dövrlər və paytaxtlarının yerləri
kitabədə sadalanır. Artefaktın
unikallığı ondadır ki, siyahı həm mifik prenastik hökmdarları, həm də
tarixdə həqiqətən mövcud olanları birləşdirir. Şumer sivilizasiyasının mənşəyi
haqqında hələ də mübahisələr gedir. Lakin arxeoloji sübutlar aydın göstərir ki,
eradan əvvəl IV minilliyə qədər şumerlər təxminən on iki şəhər dövləti təşkil
edə bilmişlər. Tipik bir Şumer şəhəri divarla əhatə olunurdu və içəridə Şumer
dini ilə əlaqəli çoxpilləli piramida məbədi olan - ziqqurat yerləşirdi. Sakinlərin
evləri qamışdan və ya gil kərpicdən tikilirdi. Şumerlər Dəclə və Fərat
çaylarının lil sularından kənd təsərrüfatı məqsədləri üçün suvarma kanalları
yaratmağı bacarırdılar. Əsas Şumer şəhər dövlətləri Eridu, Ur, Nippur, Laqaş və
Kiş idi. Lakin onların ən böyüyü Uruk şəhəri olmuşdur. Uruk, ətrafında on
kilometrlik müdafiə divarı olan və təxminən 40-80 min nəfər əhalisi olan
inkişaf etmiş ticarət şəhəri idi. Onun inkişafı eradan əvvəl 2800-cü ildə öz zirvəsinə
çatmışdır. Çox güman ki, Uruk o zaman dünyanın ən böyük şəhəri olmuşdur. Şübhəsiz
ki, şumerlər bəşəriyyətin gələcək inkişafına əhəmiyyətli təsir göstərmişlər.
Yeri gəlmişkən, onlar şəhər sivilizasiyasının baniləri olublar. Mesopotamiya
bölgəsindəki bütün qədim kəşflər arasında Şumer Padşahları Siyahısı ən
sirlisidir. Şumer dilindəki qədim mətn təxminən eradan əvvəl III minilliyə aiddir və bütün Şumer padşahlarının,
onların sülalələrinin, dövrlərinin və hakimiyyət yerlərinin siyahısı bu kitabədə
var. Bu artefakt hökmdarları sadalamaqla yanaşı, keçmişin bəzi hadisələrini də
xatırladır. Məsələn, Böyük Daşqın və mütəxəssislərin sadə nağıl kimi qəbul
etdikləri Gilqameş dastanları haqqında da burada məlumat verilir.
Şumer padşahlarının siyahısı mütəxəssislərə heyrətamiz
sirrlər açıb.
Uzun illərdir ki, vaxtilə Mesopotamiyanın müxtəlif
bölgələrində elm adamları Şumer Padşahları Siyahısının surətlərini toplayırlar.
Bu siyahı uzaq keçmişdə planetimizi səkkiz (bəzi mənbələrə görə on) böyük
padşahın necə idarə etdiyini
ətraflı təsvir edir. Bu padşahlar ümumilikdə 241
min 200 il hökmranlıq etmişlər. Yazılarda onların hamısının göydən endiyi də
göstərilir.
Çoxlarının inanmaqda çətinlik çəkdiyi inanılmaz bir
hekayə:
“Səltənət göydən enəndən sonra hakimiyyətə Eriduqa gəldi. Eriduqda Alulim
padşah oldu və 28 min 800 il padşahlıq etdi. Alalqar daha sonra 36 min il
hökmranlıq etdi. Sonra hakimiyyət Bad Tibiraya keçdi. Orada Enmenluanna 43 min 200 il padşahlıq etdi. Bundan sonra
En-Menqalana 28 min 800 il, çoban Dumuzid isə 36 min il hökmranlıq etdi. Sonra
Bad-Tibira devrildi və hakimiyyət Laraqa
keçdi. Laraqada En-Sipadzidana 28 min 800 il padşahlıq etdi. Sonra hakimiyyət En-Mendurananın
21 min il hökm sürdüyü Zimbirə keçdi. Daha sonra hakimiyyət Ubara-Tutunun 18 min 600 il hökm sürdüyü
Şuruppaqa keçdi. Beş şəhərdə səkkiz padşah ümumilikdə 241min 200 il hökmranlıq
etdilər. Sonra dünyanı daşqın basdı”.
Bu necə mümkündür?
Mütəxəssislər cavabın çox sadə olduğuna inanırlar: siyahıya həm tarixdən əvvəlki, həm də mifoloji sülalə hökmdarları daxildir. Başqa sözlə desək, Şumer Padşahlarının Siyahısından bəziləri əslində öz dövründə hökm sürmüş, on minlərlə il hakimiyyətdə olmuş digərləri isə sadəcə olaraq qədim salnaməçilərin uydurmaları idi. Amma maraqlı olan budur ki, məhz bu səkkiz padşah haqqında onların göydən gəldiyi deyilir. Yəni, uzun müddət ancaq başqa dünyadan hardansa bizə uçaraq gələnlər hökmranlıq etmişdir. Digər maraqlı məqam isə odur ki, siyahılarda planeti bürüyən Böyük Daşqın zamanı onların padşahlıqlarının sonunu təfərrüatlı şəkildə təsvir edir. Orada da açıq-aydın təsvir olunur ki, daşqın bitdikdən sonra Yerə yeni sirli hökmdarlar gəlib və min illər boyu hökmranlıqlarını davam etdiriblər. Bəlkə bu uzunömürlülər mifik varlıq deyil, həqiqətən mövcud olmuşlar? Unutmayın ki, onilliklər boyu Böyük Daşqın ideyasının özü ekspertlər arasında gülüş və cəhalət ittihamlarına səbəb olmuşdu və indi biz bunun baş verdiyinə dair getdikcə daha inandırıcı sübutlar tapırıq. Beləliklə, Şumer Padşahlarının Siyahısı mifləri və hadisələrin əsl xronologiyasını qarışdırdığı nəzəriyyəsinə gəldikdə, bu gün bəzi elm adamları da buna şübhə etməyə başlayırlar. Siyahıda səkkiz padşahın, onların hökmranlıq müddətlərinin, adlarının və mənşəyinin - göydən enmiş tanrıların qeyd edilməsi çoxlarını təəccübləndirir: “Məgər Şumer Padşah Siyahısında mifik çaşqınlıq olmadan hələ də real tarixi hadisələrin yer alması mümkündürmü?” Bəs, həqiqətən, minlərlə il əvvəl, müasir tarixdən əvvəl, planetimizi başqa bir dünyadan olan səkkiz padşah idarə etsəydi? Onlar 240 min ildən çox burada olublar və sonra nədənsə Kainatın dərinliklərinə qayıdıblar. Əbəs yerə deyil ki, insanda belə güclü transsendensiya hissi var. Haradasa genetik səviyyədə belə bir inanc var ki, bizdən daha yüksək, daha ağıllı və daha inkişaf etmiş biriləri vardır. Hiss olunur ki, bizi burada tərk etsələr də, onlar yenidən qayıda bilərlər.
Bəlkə də heç belə deyil və bunlar sadəcə mifdir?
Mənbə: https://bit.ly/457lakk
Rus dilindən tərcümə etdi:
Əsədov
Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).
Xülasə:
https://multiurok.ru/files/yer-uzu-240-min-il-goyd-n-g-l-n-8-padsah-t-r-find.html