Mənalı ömrün işığında

 

ŞİRVAN ŞƏHƏRİNİN 60 İLLİYİ QARŞISINDA

ŞİRVAN (ƏLİ BAYRAMLI) ŞƏHƏRİNİN ZİYALILARI

Akif Abbasov, pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim

MƏNALI ÖMRÜN İŞIĞINDA

     Ömür qısa da ola bilər, uzun da. Lakin bu, bir həqiqətdir ki, həyat heç kimə əbədi verilmir. Geniş yayılmış bir kəlam var: “İstəmədən doğuluruq, təəccüblə yaşayırıq, həsrətlə ölürük”. Həmin sözlərdə müəyyən həqiqət vardır. Günlərin birində dünyaya göz açırıq. Valideynlərimizi özümüz seçmirik. Dünyanın əşrəfi olan insanlardan ikisi - kişi və qadın bizə həyat verir.

    Təəccüblə ona görə yaşayırıq ki, həyat, dünya bizim üçün sirli aləmdir. Ona bələd olmağa ha çalışırıq, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olur. Daim mübarizədə, fəaliyyətdəyik. Oxuyuruq, işləyirik, axtarırıq, ziddiyyətlərlə üzləşirik. Bəzi insanların bir-birinə niyə qənim kəsildiyini heç cür anlaya bilmirik. Əgər bu dünyada müvəqqəti qonağıqsa, yaxşını qoyub pisdən, xeyirxahlığı unudub bədxahlıqdan, sadəliyi üstün tutmayıb lovğalıqdan, xudbinlikdən, sülhü seçməyib hərbdən yapışmağın mənası varmı?

 Həsrət içərisində ona görə ölürük ki, dünyadan, yaşayışdan doymaq, doğmalardan ayrılmaq, övladları qoyub getmək olmur. Lakin bu da bir həqiqətdir ki, ona verilmiş ömür payının az, yaxud çoxluğundan asılı olmayaraq, həyatda öz yerini tapan, ailə və cəmiyyət qarşısında öz məsuliyyətini anlayan, heç kimin xatırlatmasını gözləmədən öz insanlıq, valideynlik, vəzifə borjunu yerinə yetirən, bu dünyadan köçərkən də rahat nəfəs alaraq: “Mən Allah-taalanın, ulu peyğəmbərimizin (s.ə.s) buyurduğu, insanlığın tələb etdiyi kimi yaşadım. Əlvida, həyat, əlvida, doğmalarım, əzizlərim. Əlvida dünya!!!”.

     Atam Nurağa müəllim barədə düşünəndə ilk növbədə onun nurlu çöhrəsi, ağıllı gözləri yadıma düşür. Ömrünün son günlərində arıqlamış, gözləri çuxura düşmüşdü. Lakin o gözlərdəki nur, yaşamaq eşqi azalmamışdı. Nurağa müəllim qəlbindəki ən gözəl hissləri əməllərində yaşadan insan idi. Bütün övladlar kimi, mən də atam haqqında istər danışanda, istərsə də yazanda kövrəlməyə bilmirəm, qəhər məni boğur.

  Təhsilə, elmə məni həvəsləndirən hamıdan çox o olub. 7 övladının (altı oğul, bir qız) beşi onun yolunu seçib - müəllim peşəsinə yiyələnib.

 Əli Bayramlı şəhərində (ötən əsrin 60-cı illərinin əvvəllərinə qədər rayon) maarif işığını yandıranlardan, məktəb quruculuğunun fəallarından biri olub.

 Əli Bayramlı ziyalılarından söz açılanda, Şirvan şəhərinin 60 illiyi ərəfəsində bu böyük sənaye şəhərinin adlı-sanlı, nüfuzlu, qabaqcıl və təcrübəli müəllimini əlamətdar günlərdə anmamaq ədalətsizlik olar.

 Atamın yubileyi ilə əlaqədar yazı hazırlamağı alim dostlarımdan hər hansı birindən xahiş edə bilərdim. Lakin həm onun pedaqoji fəaliyyətinə və həyatına az-çox bələd olan bir şəxs kimi, həm də atamdan dərs aldığım (o, Əli Bayramlı şəhər 2 nömrəli məktəbdə mənə dərs demişdi) üçün bu vəzifəni öz üzərimə götürməyi qərara aldım.

 Nurağa Nuralı oğlu Abasovun 1911-ci ildə Navahı kəndində (hazırda Hacıqabul rayonuna baxır) kəndli ailəsində dünyaya göz açmışdı. Atası Nuralı kişi sadə, zəhmətkeş, halal əməyi hər şeydən uca tutan bir şəxs idi. Özü təhsil görməsə də, övladlarının savadlanmasını istərdi. Nurağa atasının arzularını həyata keçirmək üçün gecə-gündüz kitabı əlindən yerə qoymazdı. Əzbərləməklə arası yox idi. Təcrübədən keçirmiş və anlamışdı ki, hər hansı mətni can-dərdi əzbərləyib yadda saxlamağın ömrü qısa olur. Odur ki, oxuduqlarını qavramağa, dərk etməyə çalışırdı. Buna da möhkəm yəqinlik hasil etmişdi ki, şüurlu öyrənilənlər uzun müddət hafizədə qalır.  İllər sezilmədən gəlib keçdi. N. Abasov Salyanda pedaqoji texnikumu (1937) və ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirdi. Əli Bayramlı rayonunda yaşamağa və müxtəlif kəndlərində (Muğangəncəli, Güdəcühür, Axtaçı və s.) müəllimlik etməyə başladı.

 Mircəfər Bağırovun qılıncının dalı da, qabağı da kəsən illərdə Əli Bayramlı rayon partiya komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışdı (1941-1948), Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini (1956) bitirdi.

 Müxtəlif illərdə Əli Bayramlı Xalq Maarif şöbəsinin inspektoru (1948-1959), Güdəcühür (1950-1959), Axtacı kənd məktəblərinin, Əli Bayramlı şəhər 3 nömrəli məktəbin (1962-1971) direktoru oldu, şəhər 1, 2, 14 nömrəli məktəblərində tarix fənnini tədris etdi. Qeyd etdiyim kimi, mən Əli Bayramlı şəhər N. Nərimanov adına 2 nömrəli məktəbində oxuyarkən atam mənə dərs demişdi. Etiraf edim ki, o, yaxşı dərs aparır, şagirdlərdə fənnə maraq oyatmağı bacarırdı. O zamanlar təkcə mən yox, sinif yoldaşlarım da həvəslə Nurağa müəllimin dediklərini dinlər, ayrı-ayrı mövzuları öyrənməyə çalışardıq. Atamın bir adəti vardı: materialı şagirdlərə mənimsətmədən digər mövzuya keçməzdi.

     İndi o illəri xatırlayır, onun keçdiyi dərsləri, mənimlə evdəki söhbətlərini yada salır və bu günkü ağlımla onları təhlil süzgəcindən keçirir və görürəm ki, Nurağa müəllim hazırda ümumtəhsil məktəbi, təhsil sistemi üçün önəmli sayılan məsələlərin bəzilərinə hələ o vaxtlar - ötən əsrin 60-cı illərində diqqət yetirirmiş. Ateizm tərbiyəsinin tüğyan etdiyi illərdə dərsdə islam dəyərlərini, Həzrəti Məhəmməd peyğəmbərin (s.ə.s) hədislərini yada salırdı. Onda ərəb dilində yazılmış, vərəqləri saralmış, neçə onillliklərdən qalma “Quran” kitabı vardı, mən Xarici Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini, institutun nəzdindəki xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsini bitirəndən sonra həmin müqəddəs kitabı mənə verib: “Ulu peyğəmbərimizin (s.ə.s) yadigarıdır. Oxu, anlayıb, əməl etməyə çalış”, - dedi. “Qurani-Kərim”in həmin nüsxəsi artıq 50 ilə yaxındır ki, məndədir. Həyat yolumun nurlu müşayiətçisi, kitab rəfimin ən qiymətli incilərindən sayılır.

 Nurağa Abasov tarixdən keçilən mövzuları yerli diyarşünaslıq materialları ilə əlaqələndirməyi, tədris ekskursiyalarına yer ayırmağı xoşlardı. Doğma diyara dair şagirdlər tərəfindən toplanmış materiallardan dərslərdə geniş istifadə olunurdu.

 İş təcrübəsində mühüm əhəmiyyət verdiyi məsələlərdən biri də fənlərarası və fəndaxili əlaqə idi. Bəzi tarix müəllimlərindən fərqli olaraq, dərsliklərdə yazılanları olduğu kimi məktəblilərə çatdırmazdı, tədris materiallarına, mövzulara yaradıcı yanaşmağı xoşlar və mən deyərdim ki, bəzən hətta riskə gedərdi. Mən və mənim yaşıdlarım hələ ötən əsrin 60-jı illərində dərsdə Nurağa müəllimdən ilk dəfə eşitmişdik ki, tarix kitablarında bu qədər təriflənən, bir hökmdar və şəxsiyyət kimi göylərə qaldırılan I Pyotr türklərə münasibətdə məkrli siyasət yeritmiş, türk torpaqlarına göz dikmişdi. I Pyotrun “Rusiya o zaman dünyəvi dövlət ola bilər ki, Konstantinopol onun paytaxtı olsun” sözlərini də bizə Nurağa müəllim çatdırmışdı. “Konstantinopol” deyiləndə İstanbul nəzərdə tutulurdu. Məndə hələ o vaxtdan I Pyotrun şəxsiyyətinə inamsızlıq yaranmışdı. Həmin zamanlar türkləri tərifləmək cəsarət tələb edirdi. SSRİ sosialist ölkəsi, Türkiyə kapitalist dövləti və həm də NATO-nun üzvü idi. SSRİ-də kapitalizmə nifrət formalaşdırılırdı. Nurağa müəllim ehtiyatla bizim türklərlə bağlılığımızı yada salır, azərbaycanlı adının bizə sonradan verildini bildirirdi. Həmin illəri xatırlayanda onun necə risk etdiyini görür və bunu yüksək qiymətləndirirəm. “Pantürkizm”, “panislamizm” adı altında 30-cu illərdə və sonralar nə qədər ziyalılarımız məhşər ayağına çəkilmiş, sürgünlərə, gedər-gəlməzə göndərilmişdi. N. Abasov rus-türk müharibələrindən danışarkən da tam çılpaqlığı ilə olmasa da nitqində, münasibətində türklərə rəğbətini ifadə edərdi.

Tarix kursu üzrə müvafiq mövzuları ədəbiyyat fənnindəki materiallarla əlaqələndirirdi. Bizim bu gün də ağız dolusu təriflədiyimiz  V. Şekspirin “Otello” faciəsini yada salır, burada türklərin təhqirə məruz qaldığına işarə edərdi. Göstərirdi ki, Kipr adasında türklərin məğlubiyyəti əsərdə şadyanalıqla qarşılanır. Diqqəti aşağıdakı sətirlərə yönəldərdi.

 “İndi qərq oldu yəqin turklər…”

 “Çatdı hərbin sonu, azğın ləpələr

Türklərə yaxşıca toy tutmuşdur”

“Düşmənin qüvvəsi məhv olduğuna

Türk donanması tələf olduğuna

Görə şənlik edəcək, əylənəcək,

Hər kəsin haqqı  bu gün əylənmək!”

     Belə misralara tez-tez “Otello” faciəsində rast gəlindiyini deyər və bunu da əlavə edərdi ki, çox təəssüf ki, tamaşaya baxanda  türklərə münasibətə fikir vermirik, diqqətimizi Otello-Dezdemona-Yaqo-Kassio münasibətlərinə yönəldirik!

Ötən əsrin təxminən 90-ı illərinə qədər Azərbaycan Demokratik Respublikası, onun liderləri barədə danışmaq qeyri-mümkün idi. Belə işıqlı tarixi zaman-zaman bizə unutdurmuşdular. Hətta tarix müəllimlərinin özlərinin belə, həmin dövr barədə məlumatları az idi.

Nurağa müəllim yaşlı, təcrübəli, müəllim, köhnə partiya işçisi, tarixin bilicisi kimi məlumatı olduqlarından söz açardı. Lakin bu dəfə dərsdə deyil, evdə. Mənimlə söhbətində bir dəfə dedi: “Oğul, sən 28 mayda anadan olmusan. Bilirsən həmin ayın, həmin günündə hansı hadisə baş verib?” Mən, təbii ki, məlumatsız olduğumu bildirdim. O, ağır-ağır və kədərlə: “Haradan biləsən?!” -  dedi. -”Bu haqda nə yazırlar, nə də danışmağı qoyurlar. 1918-ci ilin may ayının 28-də bizdə müstəqil respublika qurulub - Azərbaycan Demokratik Cümhuriyyəti. Hökumətin başında Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və başqaları dayanıblar. Müstəqil dövlətimizin ömrü az olub – cəmi 23 ay”. Hər il may ayının 28-də sənin ad gününü qeyd edirik. Həmişə ürəyimdə dolandırmışam (dilimə gətirməsəm də, çünki başağrısı çox olar, özümdən qorxmuram, ailəm əziyyət çəkər ki, bu gün iki hadisəni qeyd edirik: müstəqil respublikamızın, bir də oğlumun ad gününü! Bu gün sizə SSRİ tarixi keçirik. Əslində SSRİ-nin yox, Rusiyanın tarixini öyrədirik. Müttəfiq respublikalar, o cümlədən Azərbaycan tarixi barədə Sizə az məlumat veririk. Çox zaman da təhrif olunmuş şəkildə. Guya biz Rusiyaya könüllü birləşmişik. Sanki xalqımızın çox hissəsi Arazın o tayında qalmayıb. Bundan xəbərimiz var. Amma dillənə bilmirik. Dərimizi boğazımızdan çıxararlar. Gənc nəsildən əsil həqiqəti gizlətmək məcburiyyətindəyik. Bunları sənə deməklə, gözünü açmaq istəyirəm. Amma ehtiyatlı ol. Hər şeyin öz məqamı var. “Burada Abdulla Şaiqin sözləri yadıma düşdü: “Milli vicdan mili məktəblərdə doğar… Çocuqlara özünü tanıdan, mili hisslərini, ruhlarını yüksəldən, onların dağ çeşmələri qədər saf və təmiz ürəklərində  böyük bir məfkurə doğuran, gələcəkdə sevgili vətəni üçün ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvə hazırlayan məktəbdir… Müəllim sinfin ruhudur. Çalışqan və vicdanlı bir müəllimin sinifdə nə kimi xarüqələr yarada biləcəyi aşkardır”.

    Nurağa müəllim öz pedaqoji fəaliyyəti dövründə məhz belə müəllim olmağa, rəhbərlik etdiyi məktəbdə məhz belə atmosfer formalaşdırmağa çalışardı. Mən bunun canlı şahidiyəm. Nurağa müəllimin ara-sıra dərsdə bəzi gizli mətləblərə toxunması barədə 2 saylı məktəbin o vaxtkı direktoru nüfuzlu şəxs, yaxşı müəllim və məktəb işinin gözəl bilicisi Gülbala Əliyevə də çatmışdı. Bir dəfə atamı yanına çağırıb: “Ehtiyatlı ol, ay kişi! KQB atamızı yandırar. Nəyinə lazımdır?” -  deyə onu xəbərdarlıq etmişdi. Lakin yaxşı ki, pedaqoji kollektiv, şagirdlər, valideynlər Nurağa müəllimi sevdiyindən onun söylədiklərini təhlükəsizlik orqanlarına çatdırmırdılar.

     Əli Bayramlı (Şirvan) şəhər 2 nömrəli məktəbdə bir neçə il işlədikdən sonra Nurağa Abasovu şəhər 3 nömrəli məktəbə direktor təyin etdilər. Burada o, məktəb işini, pedaqoji prosesi və tədris müəssisəsinə rəhbərliyi, onun idarə olunmasını yaxşı bildiyini nümayiş edirdi. Məktəbdə sağlam pedaqoji kollektiv formalaşdırdı. Tədris prosesinin səmərəli qurulması ilə yanaşı, məktəblilərin asudə vaxtının şən, mənalı və məzmunlu keçirilməsi qayğısına qaldı.

    2 nömrəli orta məktəbdə oxuduğum illərdə atam məni də rəhbərlik etdiyi tədris müəssisəsinin tədbirlərinə cəlb edərdi. Həmin məktəbin şagirdləri ilə bir neçə dəfə kütləvi tədbirlərdə iştirak etdim. Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində “Əlvida, Hindistan” və b. tamaşalara baxdıq. Pirsaatdakı (Hacıqabul rayonu) Pirxanagahda olduq.

Əli Bayramlı şəhər 3 nömrəli məktəb 60-cı illərdə Bakıdakı A.S. Puşkin adına 23 nömrəli  məktəblə dostluq əlaqəsi saxlayır, bu iki tədris müəssisəsinin bir qrup müəllimi və şagirdi bir-birinin məktəbində olurdu. Belə tədbirlərin birində mən də iştirak etmişdim. 3 nömrəli məktəb tədris müəssisəsinin həyətyanı sahəsində yetişdirdiyi meyvə payını Bakıya gətirərdi. Məktəblər təcrübə mübadiləsi edər, görüşər, konfranslar, dəyirmi stol ətrafında məsləhətləşmələr keçirər, şagirdlər də öz müvəffəqiyyətlərindən bir-birinə danışar, məktublaşardılar.

1975-ci ilin aprelində mən müsabiqə yolu ilə Azərbaycan ETPEİ-yə (hazırki Respublika Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsinə  qəbul olunandan bir müddət sonra atam institutumuza gəlmişdi. O zaman artıq təqaüddə idi. Məqsədi həm məni görmək, həm də yeni iş yerim və elmi əməkdaşlarla tanış olmaqdı. Mən tərbiyənin ümumi problemləri şöbəsində çalışırdım. Nurağa müəllim şöbə işçiləri ilə bərabər xalq pedaqogikasının mahir bilicisi, mərhum professor Əliheydər Həşimovla da görüşüb söhbət etdi. Atam Əli Bayramlıya qayıdandan sonra professor mənə dedi: “Müəllim peşəsinə, dərsdə müəllimin vəzifələrinə, roluna, məktəbə rəhbərlik və onun idarə edilməsinə dair atanın yaxşı ideyaları var. Bəzilərini yazıb götürdüm. O, uzaqgörənliklə fikir yürüdür”.

     Akademik Mehdi Mehdizadə maarif naziri vəzifəsindən çıxandan sonra bizim institutda elmi məsləhətçi vəzifəsinə götürülmüşdü. İnstitutda elmi seminarlar təşkil edərdi. Atam Mehdi müəllimlə tanış olduğunu mənə demişdi. Bir dəfə bu barədə akademikə danışdım. Nurağa müəllim artıq vəfat etmişdi. 80-ci illərin əvvəlləri idi. Mehdi müəllim ani fikrə gedib xatırlamağa çalışdı və mən onun yaddaşına heyran oldum. Dərhal “3 nömrəli məktəbin direktoru işləyirdi?” -  deyə soruşdu. Mənim müsbət cavabımdan sonra mərhum akademik dedi: “Hə, Nurağa müəllim yaxşı pedaqoq, məktəb təşkilatçısı idi. Respublika tədbirlərinin bir neçəsində onunla söhbətlərim olub. Belə adamlar məktəb üçün, şagirdləri vətəndaş, əsl Vətən övladı kimi yetişdirmək üçün doğulur. Xəbərim var: hələ 30-cu illərdə o, Əli Bayramlı rayonunda əhali arasında savadsızlığın ləğvi ilə bağlı çox iş görüb. Neçə-neçə məktəbdə direktor və müəllim işləyib. Tarixən özünü maarif işinə həsr edən ziyalılarımız çox olub. Onların sırasında Nurağa müəllimi də görmüşəm”.    Nurağa Abasov öz fəaliyyətini təkcə pedaqoji işlə, müəllimliklə məhdudlaşdırmamış, Əli Bayramlının ictimai-siyasi həyatında, mədəni tədbirlərində yaxından iştirak etmişdi. O, 1941-1948-ci illərdə rayon partiya komitəsinin şöbə müdiri vəzifəsində çalışarkən əhali arasında səmərəli təbliğat və təşviqat işi aparırdı. Kənd təsərrüfatı (o cümlədən pambıq) məhsullarının toplanması, vaxtında dövlətə təhvil verilməsi işinin təşkilində fərqlənirdi. İkinci cahan savaşında arxa cəbhədə gənclər və əhali arasında vətənpərvərlik hisslərinin qüvvətlənməsi, orduya maddi və mənəvi köməyin təşkilində yaxından iştirak edir, gecəsini gündüzünə qatırdı. Sonralar müəllim və direktor işlədiyi illərdə də şəhərin ictimai-mədəni həyatında iştirakı diqqətəlayiq idi.

             Nurağa müəllim  müharibə illərindəki və pedaqoji sahədəki fəaliyyətinə görə çoxsaylı fəxri fərmanlara və medallara layiq görülmüşdü.

            Əli Bayramlı Şəhər Xalq Maarifi Şöbəsindən respublikanın əməkdar müəllimi fəxri  adına təqdim olunmuş, lakin bu adı ala bilməmişdi. Şəhərdəki vəzifə sahiblərindən biri ilə münasibəti yaxşı deyildi, ona əyilmirdi. Odur ki, təqdimat Maarif Nazirliyinə yola salınarkən adı siyahıdan çıxarılmışdı.

Nurağa Abasov ailəcanlı idi. Bizi yaxşı tərbiyə etmək, bizə təhsil vermək istəyirdi. Onun nəsihətləri bu günə kimi yaddaşımdadır və imkanım daxilində onlara əməl etməyə çalışıram. Nurağa müəllim deyərdi: “Heç kimin qismətinə göz dikmə. Mərdimazar olma. Çalış hamıya yaxşılıq elə, amma özünü də unutma. Bəzən yaxşılıq etdiyin adamdan pislik görürsən. Bunu özünə dərd eləmə. Həyatdır. Hərə bir cür tərbiyə alıb. Nəticə çıxar. Belə deyiblər: filankəs pisliyindən əl götürmür, mən niyə yaxşılığımdan əl çəkim. Ailəcanlı ol. Ailə həyatında hövsələ və güzəştəgetmə əsasdır. Yaxşılıq et, sən xeyrini görməsən də, bir vaxt övladın bunun xeyrini görər. Onda oğlun, qızın fikirləşəcək: atam yaxşı adam olub. Pislik də belədir. Özünə də olmasa, xətəri övladına toxuna bilər. Tamahkarlıqdan, adam incitməkdən uzaq ol. Onlar yalnız və yalnız bədbəxtlik gətirir. Pula aldanma. Vəzifə dalınca düşmə, vəzifədə olsan, xasiyyətini dəyişmə, dostlardan üz döndərmə, tabeliyində olanları incitmə, yoxsa bir vaxt vəzifədən düşəndə xəcalət çəkərsən, insanlar səni görəndə dindirməzlər. İnsan kamala elmlə, oxumaqla, mütaliə etməklə, öyrənməklə çatar. İnsanlarla rəftar və ünsiyyətinə fikir ver. Bunlar mədəniyyətin yaxşı göstəriciləridir”.

Nurağa Abasov vur-tut 64 il yaşadı, 1975-ci ildə dünyasını dəyişdi. Ömür qısa oldusa da, mənalı yaşandı. Gənc nəslə örnək oldu bu həyat, onlar üçün yaşandı, onların xoşbəxtliyi üçün  də sərf edildi.

Belə mənalı ömür sahiblərini yad etmək, onların ruhuna hörmət və ehtiram olardı.

Mənbə: https://www.facebook.com/akif.abbasov.35


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.