Azərbaycan tarixinin ustad bilicisi: Tarixçi alim, professor Seyidağa Onullahi

 

Bu yazı Seyidağa Miron oğlu Onullahinin anadan olmasının 97-ci ildönümünə ithaf edilir.

“Sağlığında xalqın sevimlisi olmaq, öləndən sonra isə tarixdə silinməz iz qoymaq dünyada ən böyük səadətdir” (Mirzə Fətəli Axundov).                               

  Ağılla bilik sağ və sol əl kimidir. Onlar birləşəndə məqsədə tez çatmaq olar. Buna görə də bütün əsrlərdə ağıllı, bilikli, istedadlı alimlərə ehtiyac hava, su, çörək qədər zəruri sayılmışdır.

   İkiyə bölünmüş Azərbaycan tarixinin araşdırılması dövrümüzün ən gərəkli işlərindən biridir. Bu yazıda görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, ən sevimli müəllimim və ustadım  mərhum Seyidağa Onullahi haqqında; onun millət,Vətən təəssübkeşliyi barədə  söhbət açmaq istəyirəm. 

   Onunla olan söhbətlərim artıq xoş xatirəyə dönüb. Olduqca həlim, astagəl, həm də inadlı, inamlı səsi və çox maraqlı gülüşü vardı. Öz sahəsinin ustad bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə hədsiz məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana ardıcıl, tükənməyən sevgidə görürdü.

   Təəssüf ki, millətinin, xalqının xeyrinə iş görən insanları daim xatırlamaq, onların əməllərinə sahib durmaq ənənələrimiz hələ istənilən səviyyədə formalaşmayıb.

   P.S.  Seyidağa Miron oğlu Onullahi (26 avqust 1925, Cənubi Azərbaycanın Astara şəhəri -1 yanvar 2004, Bakı şəhəri; məzarı Ağstafa rayonundadır) - Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin “Azərbaycanın Qədim və Orta Əsrlər tarixi” kefedrasının müdiri (2001-2004-cü illər), 1945-1946-cı illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının iştirakçısı, “21 Azər” medalı ilə təltif edilmişdir. Seyidağa Onullahi fars, ərəb, rus, türk dillərini bilirdi. 1952-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. 6 il Ağstafada məktəb direktoru işləyib. 1958-ci ildə Belarus Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olub. 1962-ci ildən Azərbaycan SSR EA Tarix İnstitutunun “Orta Əsrlər Tarixi” şöbəsində kiçik, baş və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.1985-ci ildə professor adına layiq görülmüşdür. O, bir neçə monoqrafiyanın və 100-dən çox elmi məqalələrin müəllifi olmuşdur.

 “Təbriz şəhərinin tarixi” (1982), “İran fəhlələrinin tətil hərəkatı: 1951-1953-cü illərdə” (1968) , “Övliya Çələbi”, “Gəncə tarixi”, “Azərbaycan tarixi”, həmçinin “Azərbaycan tarixi” çoxcildlik nəşrinin müəlliflərindən biri olmuşdur. Onun “Erməni millətçiləri və İran” adlı kitabı Londonda və Bakıda çap edilmişdir. Seyidağa Onullahi Azərbaycan tarixinə dair orta əsrlərə aid bir çox dəyərli mənbələri təhlil etdərək çap etdirmişdir.  S. M. Onullahi Azərbaycan tarixinə dair dəyərli mənbə olan Məhəmməd Müfid Yəzdinin "Müxtəsəri-Müfid" əsərini ilk dəfə təhlil etmiş və Təbrizin XVII əsrin sonundakı vəziyyəti haqqında bu əsərə istinadən maraqlı məlumatlar vermişdi. Qeyd edək ki, bu əsər Məhəmməd Müfid Yəzdi tərəfindən 1680-ci ildə Lahurda yazılmış və nəşr olunmamışdır. Bu qaynaqla yanaşı S. M. Onullahi Xondəmirin “Nameyi Nami” əsərinin Bakı nüsxəsi, Əbülqasim Kaşaninin “Tarix-i Ulcaytu” adlı elxanilər dövünə aid əsəri, Mahmud Nətənzi və onun “Nəqavət əl-asar fizikr-ül əxyar” əsəri, Fəzli İsfəhaninin “Əfzəl-ət-təvarix” adlı əsəri, Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin “Tarix-i Abbasi”adlı əsərinə və Səfəvilər dövləti ilə bağlı bəzi məktublara dair elmi əhəmiyyət kəsb edən məqalələr nəşr etmişdir. S. Onullahinin tədqiqatlarında Qarabağ da müstəsna yer tutmuş, bu barədə “Dövrün farsdilli qaynaqlarına istinadən” ”Azərbaycan Qarabağı”, “Arran Qarabağı”, “ Qarabağ XV-XVII əsrlərdə” adlı məqalələrində maraqlı və çox qiymətli məlumatları aşkar etmişdir. S. M. Onullahi Təbriz şəhərinin tarixini ətraflı şəkildə araşdırmışdır. Bu barədə həm 1982-ci ildə tarix elmləri doktorluğu almaq üçün müdafiə etmiş olduğu fundamental əsəri, həm də Təbriz şəhəri ilə bağlı silsilə məqalələri məlumdur. Bu məqalələrdə Təbrizin mədəniyyət, maarif və məktəb tarixindən, Təbriz kitabxanalarından, Təbrizin məhəllələri barədə, Təbrizdə baş verən zəlzələlər, Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi, Xaqani Şirvaninin Təbrizlə bağlılığı, Elxanilər dövründə Təbrizdə tikilmiş Rəb-i Rəşidi məhəlləsinin tarixi və əhəmiyyəti, Təbriz şəhərindəki abidələr, o cümlədən də Təbrizin Cahanşah yadigarı hesab edilən 1465-ci ildə tikilmiş Göy məscidin tarixçəsi və başqa tarixi məsələlər barədə dəyərli məlumatlar vermiş və araşdırmalar aparmışdır. S. Onullahinin yaradıcılığında Səfəvilər dövləti ilə bağlı tədqiqatlar da mühüm yer tutur. Səfəvilərin soykökünün türk olması haqqında təkzibedilməz məlumatları Seyidağa Onullahi tarixi qaynaqlara və faktlara əsaslanaraq vermişdir. S. Onullahi həm də İran alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılmasına dair fikirlərə münasibət bildirərək bu barədə məqalələr yazmış və məqalələrində İran alimlərinin mövqeyini ifşa etmişdir. Bir başqa məqaləsində isə İranda milli məsələnin qoyuluşuna toxunmuş və göstərmişdir ki, “Ərəb istilasından sоnra XI əsrdən 1925-ci ilə qədər İranda hakimiyyətdə türkdillilər оlmuşlar. Min il ərzində həmin türkdilli hakimlər fars dili və irandillilərin mədəniyyətinin inkişafında mühüm rоl оynamışlar”.

        Professor Seyidağa Onullahinin qəribə danışıq tərzi vardı. Səbirli idi, tələsməyi sevmirdi. Öz sahəsinin bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana sevgidə görürdü. Mirzə Xəzərin “Azadlıq” radio verilişində Cənubi  Azərbaycan mövzusunda dinləyicini daim düşünməyə məcbur edən çıxışları soydaşlarımızın Vətən təəssübkeşliyinin yaranmasında əhəmiyyətli rol oynamışdı. Seyidağa Onullahi kimi araşdırmaçıların əməlləri öyrənilməli, sabahımız üçün yaşarı olanlar təzə ömürlərin, aqibətlərin yaradılmasına, yaşadılmasına yönəldilməlidir.

     Yaxşı yadımdadır 1995-ci ildə BDU- da dərs prosesində ondan  1945-46-cı illər  inqilabı zamanı nə işlə məşğul olması barədə soruşdum. Özünə məxsus maraqlı  gülüşüylə cavab verdi:” O vaxt mən gənc idim, yerölçən işləyirdim. Camaata torpaq paylayırdıq ki, əkib-becərsinlər”. Halbuki biz; onun sevimli tələbələri müəllimimizin həyatı haqqında hər şeylə maraqlanırdıq. Bunu özü də bilirdi. Dərs zamanı  kənar suallar verilməsini xoşlamazdı. Həmişə deyərdi: “Şəxsimlə bağlı suallarınız varsa, dərsdən sonra gəlin, bütün suallarınıza cavab verim”.

   Bir gün, 1996-cı ildə, BDU -nun tarix fakültəsi; ixtisas: “Azərbaycanın Qədim və Orta əsrlər tarixi”,  “Azərbaycan və Qızıl Orda “ mövzusu üzrə diplom işi seçdim. Ustadım Seyidağa Onullahi  mənə söylədi:“ Sənin yerinə olsaydım, XIII- XVII əsr Azərbaycan maarifi  mövzusunu seçərdim”. Dedim ki; ”Seyidağa müəllim bu mövzu mənim üçün çətin mövzudur. Həm də mövzuya uyğun  mənbələri tapmaq çətin olacaqdır”.  “Özün bilərsən, seçim sənindir” - dedi: Mən diplom üşüm üçün “Azərbaycan və Qızıl Orda“ mövzusunu seçdim. Seyidağa müəllim  mənim elmi rəhbərim yox, “ opponent”im (diplom müdafiəsi zamanı “qarşı tərəf ) oldu. Diplom işini  yazarkən dəfələrlə onun evinə, məsləhətə getmişəm. Evində çox böyük kitabxanası var idi. Ayrıca bir otaq kitabxana idi. Stolunun üstündəki, qırmızı rəngli radio - maqnitafon heç  vaxt yadımdan çıxmaz. ...1996-cı ilin may ayı idi. Onun evinə getdim. Qapını açdı. Evə daxil oldum (Azadlıq radiosunda Cənubi Azərbaycan haqqında Mirzə Xəzərin  məlumatına qulaq asırdı). Mənə oturmağı təklif etdi. Sakitcə məlumata qulaq asdıq, veriliş qurtardıqdan sonra radionu  söndürdü və mənə baxdı. Mən o dəqiqə: “Diplom işimi gətirdim ki, Sizə göstərim Seyidağa müəllim, özünün demişdiniz” söylədim. Diplom işimə baxmağa başladı..... Baxdıqca, kitabxanasına keçir və oradan gətirdiyi kitabları stolun üstünə düzürdü. Əvvəlcə mən heç nə başa düşmədim. Sonra maraqlı gülüşüylə mənə dedi: ”Hə Seyyub, indi yoxlayaq görək, yazdığın sitatlar doğrudur ya yox”. Diplom işimdəki (o vaxtlar əlyazma ilə yazıırdıq) hər bir səhifədəki sitatları (göstərdiyim mənbə və səhifəsinədək) yoxladı (Qeyd edim ki, diplom işinin “Giriş” hissəsində yazdığım;- ” Öyrənilən dövr üçün S. Onullahinin 1982-ci ildə nəşr edilmiş “XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi” əsəri olduqca maraqlıdır. Əsər bu dövrlərin ictimai-iqtisadi və eləcədə siyasi tarixini öyrənmək baxımından xüsusilə əhəmiyyətlidir. Əsərdə qızılordalılara qarşı Azərbaycan xalqının mübarızəsi məsələləri olduqca dolğun və düzgün işıqlandırılmışdır. Müəllif əsəri yazarkən 1338 müxtəlifdilli mənbə və ədəbiyyatdan istifadə etmişdir”). Özünəməxsus gülüşlə - “Sən  mənim kitabımda bütün bunları saymısan? dedi. Qeyri-ixtiyari: ”Bəli, müəllim!” dedim. Özünəməxsus gülüşlə “Əla yazmısan” dedi.  Makinada mənim üçün rəy yazdı. ...

Diplom müdafiəsi  günü məni ilk təbrik edən də Seyidağa müəllim oldu.

 Çox təəssüflər olsun ki, 1996-cı ildən sonra ustad alimlə əlaqə saxlaya bilmədim.  İndi o vaxtdan düz 26 il keçir.

Allah sənə qəni-qəni min rəhmət eləsin Ustad! Sevimli tələbələrin səni heç vaxt unutmaz! Nə qədər ki, Azərbaycan var, Siz də varsınız! Ruhun şad olsun!

                    İstifadə edilmiş ədəbiyyat və internet resursları

1.Onullahi S.M. XIII - XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı.1982

 2.Onullahi S.M. 1951-1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı. Bakı. 1968

 3.Evliya Çələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Tərcümə edəni S. Onullahi, Bakı. 1997

4.Azərbaycan tarixi. Yeddi cilddə. Bakı. 1998 - 2003

 5.S. M. Onullahi. Erməni millətçiləri və İran. Bakı. 2002

 6.S. M. Onullahi. Azərbaycan tarixinə aid yeni mənbə “Az. SSR EA Məruzələri”, 1975, № 4

 7.S. M. Onullahi. Elxanilər dövrünə aid istifadə edilməmiş mənbə. “Az. SSR EA Məruzələri”, XXXII cild, 1976, № 5

8.S. M. Onullahi. Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun “Tarix-i Abbasi” əsəri haqqında. “Az. SSR EA Xəbərləri”, TFH seriyası, 1972, № 2

9.S. M. Onullahi. Təbriz kitabxanaları (X–XVII əsrlərdə). (S.M.Kirov adına ADU-nun elmi əsərləri; Şərqşünaslıq seyiası). 1971, № 1

10. S. M. Onullahi. Təbrizin maarif və məktəb tarixindən (XIII - XV əsrlər). “Azərbaycan EA Xəbərləri”, TFH seriyası, 1976, № 4

11.https://az.wikipedia.org/wiki/Seyida%C4%9Fa_Onullahi

12.https://az.wikipedia.org/wiki/%2221_Az%C9%99r%22_medal%C4%B1

13.https://az.wikipedia.org/wiki/Fayl:Seyida%C4%9Fa_Onullahi.jpg

14.http://lib.az/persons/1

15.https://azerbaycan-ruznamesi.org/2021/01/29/f%C9%99dai-alim-yenilm%C9%99z-insan-seyidaga-onullahi/

16.http://www.anl.az/down/meqale/edebiyyat/2013/dekabr/344910.htm

17.https://ru.wikipedia.org/wiki/Онуллахи,_Сеидага_Миронович

Hazırladı:

 Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü  

Daha ətraflı:       

https://multiurok.ru/files/az-rbaycan-tarixinin-ustad-bilicisi-tarixci-alim-p.html

                                                                                


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.