Hörmətli həmvətənlər!
Sizi və Azərbaycandan
kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və
qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir,
hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban
bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi
ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa
hazır olduqlarını təcəssüm etdirir.
Azərbaycan
xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən
mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman
aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən
Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd
olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın
rifahı və əmin-amanlığı üçün dualar edilir.
Azərbaycanın
müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında
canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin
ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm.
Əziz bacı və
qardaşlarım!
Ümidvaram
ki, etdiyiniz dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək
bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək,
cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcəkdir.
Qoy müqəddəs
Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız
mübarək olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyul 2022-ci il
Mənbə: https://president.az/az/articles/view/56632
Foto: https://modern.az/olke/357775/prezident-xalqi-tebrik-etdi