Xəbər verdiyimiz kimi, Respublika Təhsil Şurası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şagirdin fərdi inkişafının idarə olunması” layihəsi icra edirdi. 2022-ci ilin fevral ayının 1-dən başlanan layihəyə may ayının 01-də yekun vuruldu. Bu barədə Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, İctimai Birliyin həyata keçirdiyi layihə Tovuz rayonunun Bozalqanlı, Siyəzən şəhər 2 nömrəli, İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey və Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə tətbiq olunub. Layihə çərçivəsində, adıçəkilən məktəblərdə müəllim və valideynlər arasında layihənin məzmunu və əhəmiyyəti haqqında maarifləndirilmə işləri aparılıb. Bununla yanaşı, layihənin gedişatı zamanı müəllim və valideynlər arasında layihənin həyata keçirilməsi mexanizmi haqqında rəy sorğusu keçirilib. Layihədə ümumilkdə 80 nəfər ibtidai sinif şagirdi iştirak edib.
Məlumatda həmçinin qeyd olunur ki, layihəyə müəllimlərdən ibarət təlimçilər, psixoloq və həkim dəvət edilib. Layihəyə cəlb olunan şagirdlərin fiziki və psixi diaqnostikası məhz həkim və psixoloq tərəfindən həyata keçirilib. Layihə çərçivəsində sinif müəllimləri tərəfindən layihədə iştirak edən şagirdlərin fərdi inkişaf planı tərtib olunub.
Layihə çərçivəsində, eyni zamanda universal-online.az
saytı hazırlanıb. Məlumatda bildirilir ki, bu sayt layihənin davamlı olacağına
şərait yaradacaq. Saytda müəllimlər və valideynlər üçün metodik xarakterli
yazıların, tövsiyələrin sistemli olaraq yayımlanması nəzərdə tutulur. Qeyd edək
ki, layihədə Respublika Təhsil Şurasının üzvü olan psixoloq və müəllimlər, eləcə
də İctimai Birliklə mütəmadi əməkdaşlıq edən məktəblər iştirak ediblər.
Mənbə: https://www.facebook.com/permalink.php?story_fbid=330230209212993&id=108741758028507