Müəllimlər və valideynlər: münasibətlər sistemi

 


      Müəllimlər və valideynlər: münasibətlər sistemi

“Hamı üçün - istər müəllimlər, istərsə də valideynlər üçün pedaqogika elmə çevrilməlidir”.                                                          -V.A. Suxomlinski-

 

       İnsanlar həmişə ünsiyyətdə olublar, bu gün də ünsiyyət qururlar və gələcəkdə də ünsiyyətdə olacaqlar. Müəllimlərlə valideynlər arasında ünsiyyətin özünəməxsus xüsusiyyətləri vardır. Onların ünsiyyəti qarşılıqlıanlaşmaya, etimad qazanmağa, mənəvi və emosional dəyərlər mübadiləsinə, pedaqoji təcrübəyə, müəllim və valideynlərin bir-birinə ötürdüyü biliklərə yiyələnməyə doğru bir addımdır. Müəllimlik peşəsinin ayrılmaz, vacib və eynizamanda çətin hissəsi valideynlərlə münasibətdir. Şagirdlərin təlim-tərbiyə işinin uğuru təkcə müəllimin öz vəzifəsinə münasibətindən, onun hazırlığından, mənəvi-psixoloji xarakterindən deyil, həm də uşaqların yaşadığı və tərbiyə aldığı mühitin təsirindən də asılıdır.

     Hələ XVIII əsr maarifçiləri sosial mühitin, insanlarla təmas sferasının şəxsiyyətin, xüsusən də əxlaqın inkişafında müəyyənedici amil olduğuna diqqət çəkmişlər. Hazırda, xüsusilə KİV-nin inkişafı sayəsində insan təmaslarının dairəsi ölçüyə gəlməz dərəcədə genişlənmişdir. Lakin heç bir texniki informasiya vasitəsi hər hansı intensivliyə nail olsa da, sosial mikromühitdə həyata keçirilən insanların bir-biri ilə birbaşa əlaqəsini, birbaşa ünsiyyətini heç vaxt əvəz edə bilməz. Bu mühit insanın həyatının müxtəlif mərhələlərində dəyişir: məktəb və məktəb kollektivi, müəssisə və əmək kollektivi, idman komandası və s. və il. Lakin mikromühitin formalarından biri dəyişməz olaraq qalır ki, onun adı da ailədir.

Mənəvi münasibətlər sistemində “müəllim-valideyn” alt sistemini ayıraraq, ailənin uşağın mənəvi mövqelərinin formalaşmasının, onun mənəvi-psixoliji münasibətlərinin möhkəmlənməsinin ən mühüm mənbəyi olmasından çıxış etmək lazımdır.

    Bir çox tədqiqatlarda göstərildiyi kimi, ailə tərbiyəsi insanın mənəvi keyfiyyətlərinin formalaşmasında dərin iz buraxır. Ailə uşağın müəyyən həyat təcrübəsi əldə etdiyi və cəmiyyətdə hökm sürən əxlaq normalarına qoşulduğu ilkin kollektivdir. Artıq yaxşı və pis, gözəl və çirkin haqqında təsəvvürləri olan 5-6 yaşlı bir uşaq məktəbə gəlir. Müəllim təkcə uşaqda hansı ideyaların formalaşdığını deyil, həm də bu formalaşmanın hansı şəraitdə baş verdiyini bilməlidir. Ona görə də onun valideynlər ilə əlaqə yaratması, onları təhsil məsələsində müttəfiq etməsi vacibdir. Müəllim və valideynlərin mehriban ünsiyyət qurmaları çox vacibdir. Bu zaman onların ünsiyyətləri təbii və qarşılıqlı əməkdaşlıq şəraitində qurulmalıdır. Çox vaxt müəllimlər  ailədəki davranışların mənfi təcrübəsini məktəbə gətirən çətin uşaqların valideynləri ilə ünsiyyət qurmalı olurlar. Əgər uşaq əxlaq normalarından kənara çıxmırsa, müəllim onun taleyi üçün narahat olmur, onun ev tərbiyəsi, ailə münasibətləri ilə az maraqlanır. Bu davranış isə məqbul və effektiv hesab oluna bilməz.

     Müəllimlərlə valideynlər arasında münasibətlər bu işdə vasitəçi olan şagirdlər vasitəsilə qurulur. Əslində bu mikromühitlər birgə fəaliyyət göstərməlidirlər. Müəllim ailə mikromühitinin (övladının təhsil və tərbiyəsində valideynlərin ən yaxın məsləhətçisi kimi) valideyn isə məktəb mikromühitinin bir hissəsinə  (ümumi pedaqoji prosesin iştirakçısı kimi) çevrilməlidirlər. Mikromühitlərin belə birliyi əsl qarşılıqlı anlaşma, qarşılıqlı qayğı, qarşılıqlı yardım və bir-birini dərk etmə mühitində mənəvi münasibətlər mədəniyyətinin inkişafı zəminində olmalıdır.

   Ailə ilə məktəb arasında əxlaqi münasibətlər öyrənilərkən nəzərə alınmayan daha bir hal vardır: məktəb ya uşağın ailədə aşılanan əxlaqi keyfiyyətlərini ya inkişaf etdirir, ya da ki, onu yenidən tərbiyə etməyə məcbur olur. Hər iki halda müəllim ailədəki konkret mənəvi vəziyyəti, valideynlər isə müəllimin pedaqoji və mənəvi tələblərini bilməlidirlər. Bu qarşılıqlı tanışlıq olmadan uşaqların əxlaqi inkişafının pedaqoji rəhbərliyini həyata keçirmək, pedaqogikanın prinsiplərindən birini: ailə-məktəb-şagird vəhdəti prinsipini uğurla həyata keçirmək mümkün deyil. Bu prinsip dərin qarşılıqlı anlaşmaya və uşaqların taleyi üçün məsuliyyətə əsaslanır.

    Valideynlər ilə münasibətlərdə müəllim aparıcı rol oynayır. Amma təəssüf ki, müəllim valideynlərlə əməkdaşlıqda həmişə bu rolu yerinə yetirə bilmir. Çünki, müəllimlərin mənəvi səlahiyyətlərindən başqa heç bir gücləri yoxdur. Müəllimlər müxtəlif sosial təbəqələrdən olan valideynlərlə əlaqə saxladıqları üçün effektiv qarşılıqlı əlaqələr qurmaq mümkün olmur: Belə ki,

-valideynlər dəstəyə, köməyə və yaxşı məsləhətə ehtiyac duyurlar;

-valideynlərlə işgüzar əlaqələr qurmağa çalışmaq lazımdır;

-valideynləri öz uşaqları ilə birgə təhsil işinə fəal cəlb etmək, onların köməyinə arxalanmaq və köməklərindən istifadə etməyi bacarmaq lazımdır;

-valideyn-müəllim yığıncaqlarında yalnız bəzi uşaqalrın deyil, bütün sinifin problemlərindən danışın;

-hamıya açıq olun, təkcə valideynlərə deyil;

-bütün valideynləri bir anda sevindirməyə çalışmayın, əks halda onlar sizin dürüstlüyünüzə və xarakter möhkəmliyinizə şübhə edəcəklər;

    Xüsusilə çətin şagirdlərin valideynləri ilə qarşlıqlı əlaqə üzərində dayanmaq istərdim. Çox vaxt belə şagirdlər disfunksiyalı (imkansız və münaqişəli) ailədən olanlar olur və bu da vəziyyəti daha da çətinləşdirir. Belə valideynlər ilə söhbət etməyin necə çətin olduğunu hər bir müəllim bilir. Valideynlər müdafiə mövqelərindədirsə və övladlarının tərbiyəsinə müdaxilə etməmələrinə haqq qazandırmağa çalışsalar da, adətən belə arqumentlər irəli sürürlər: “Biz məşğuluq, vaxtımız yoxdur”, “Hər şeyi sınamışıq, heç nə alınmır”, yaxud da valideynlərdən tez-tez eşitmək olur ki, “Uşağımızın bu qədər tərbiyəsiz olamsının günahkarı məktəbdir”, “Məktəb tərbiyə etməlidir, biz yox!”, bəzən də valideyn deyir ki, “Uşaq bizə qulaq asmır, kömək edin!”, “Biz çalışmışıq, nə edəcəyimizi bilmirik, nə məsləhət görürsünüz?” . Belə hallarda müəllim valideynlərlə konstruktiv söhbət aparmağa çalışmalıdır. Bəs buna necə nail olmaq olar?

    Müəllimin valideynlərin təsiri altına düşməməsi olduqca vacibdir. Axı, əgər müəllim müstəqilliyini itiribsə və valideynlərin sözü ilə “oturub-durursa” nəticə əldə etmək mümkün olmayacaq. Təsir altına düşən müəllim yəqin ki, ya özünə haqq qazandıracaq, ya da gəlin inzibati tədbirlər görək deyərək  

hədə-qorxu gəlməyə başlayacaq. Valideyn çarəsizlik göstərsə, müəllimin ona yazığı gələcək və uşağın davranışının gələcəkdə yaxşılığa doğru dəyişməsi üçün valideynə “nəsə etmək”lə bağlı vəd verir. Ancaq hər iki halda valideynlər və müəllim arasında real, mənalı qarşılıqlı əlaqə qurulmayacaq və sonda şagird öz problemi ilə tək qalacaqdır. Müəllimin çətin uşağın valideyni ilə ünsiyyətinin əsas məqsədi bahanələr və ya aqressiv müdafiə hərəkətləri deyil, bu şagirdin davranışını düzəltmək üçün valideynlə əlbir işlər görməkdir.

   Bunu xüsusilə vurğulamaq lazımdır ki, ünsiyyət qurmaq bacarığı müəllimin prşəkar keyfiyyətidir.

    Müəllim yüksək psixoloji mədəniyyətə malik olmalıdır: ünsiyyət qurmağı, söhbət aparmağı, həmsöhbəti dinləyib başa düşməyi, qarşılıqlı əlaqə qurmağı və təsir göstərməyi bacarmalıdır. Bu halda həmsöhbətin kim olmasının (şagird və ya valideyn) heç bir əhəmiyyəti yoxdur. Müəllim bütün vəziyyətlərdə psixoloji cəhətdən bacarıqlı davranmalıdır.

Özünüzdən uzaqlaşdırmayın, əməkdaşlığa cəlb edin.

   Tez-tez müəllimlər valideyndə ona qarşı çıxan insan görür. Onların mümkün etirazlarını qabaqcadan təxmin etməyə çalışaraq, imperativ “müəllim” tonu ilə söhbətə başlayır, öyrətməyə, məzəmmət etməyə çalışır. Bu cür söhbət aparmaq arzuolunmazdır. Belə etsəniz həmsöhbətinizi özünüzdən uzaqlaşdırmış olacaqsınız. Nəticədə valideynin müəllimə olan rəğbəti itir və o, müəllimi günahlandırmağa başlayır. Şagirdinizin atası və ya anasının hisslərini başa düşməyə çalışın, üstəlik, onlarda dəstək tapın, düşünərək birgə hərəkətlər qurun. Məktəbə gələn valideynlərə təmkinli, xoş niyyət göstərin və onlara açıqlıq nümayiş etdirin. Həmsöhbətinizə qarşı şəxsi müsbət münasibətiniz xoş niyyətin ifadəsi əməkdaşlığa doğru ilk addım olacaq.

Valideynlərlə bərabər mövqe tutmaq istəyinizi özünüzdə inkişaf etdirin. Bu istiqamətdə ilk addımı müəllim atmalıdır, çünki bu onun səlahiyyətindədir və müəllimin peşəkarlığını göstərir. İnsanlar özlərinin əhəmiyyətli olmasını hiss etməyi sevirlər. Valideynləri əməkdaşlığa cəlb etməyin yollarından biri onun bu prosesdə əhəmiyyətini vurğulamaqdır. Valideynlərə uşağın tərbiyəsində və inkişafında onların əsl rolunu izah edin.Valideynlərin inamını gücləndirin ki, onlar öz oğlunun və ya qızının həyatını və məktəbi yaxşılaşdırmaq üçün səbirli və təmkinli olsunlar. Valideynlərə onların övladlarına olan xoş sevginizi göstərin. Müəllim uşağın xarakterində müsbət cəhətləri gördüyünü, rəğbət bəslədiyini, hətta onu sevdiyini göstərən kimi valideynlərlə psixoloji təmas dərhal yaranır. Razılaşın ki, hər bir insanda, hətta ən pis davranışlara sahib olanda da yaxşı bir başlanğıc var. Ata və ya ana müəllimin mehriban baxışlarını görəndə, his edəndə ki, müəllim də uşağın rifahının qayğısına qalır, psixoloji müdafiəyə ehtiyac qalmır. Məhz bu şəraitdə əməkdaşlıq yarana bilər.

     Valideynlərlə konstruktiv dialoqun davam etdirilməsi valideynlərlə münasibətlər sisteminin əsasını təşkil edir. Aşağıdakı qaydalar konstruktiv dialoqa nail olmağa kömək edəcəkdir:

I Qayda:

Heç bir halda öz mövqeyinizi müdafiə etməyə çalışmayın.

Çox vaxt olur ki, hər bir həmsöhbət yalnız öz fikrini müdafiə etməyə çalışır. Valideynlərlə söhbət bu şəkildə gedirsə, ola bilər ki, müəllim birgə fəaliyyət təşkil edə bilsin, yaxud da edə bilməsin. Söhbət müəllimin haqlı olduğunu sübut edəndə deyil, valideynləri uşağın tərbiyəsində fəal iştiraka cəlb etməyi bacardıqda uğurlu hesab edilə bilər. Yəni müəllimin valideynlə söhbətində əsas məqsəd onların dominant mövqeyini möhkəmləndirmək və övladının nə qədər pis olduğunu sübut etmək yox, məktəb və ailənin səylərini birləşdirməkdir.

II Qayda:

Şagirdin şəxsiyyətini deyil, problemi müzakirə edin.

“Şəxsi” ilə işin olmasın. Müəllim və valideynlər uşağın xarakter xüsusiyyətlərini müzakirə etməyə başlasalar, bir-birilərinin şəxsi xüsusiyyətləri haqqında “müzakirə”yə keçəcəklər, belə olduqda isə söhbətdən nəticə əldə edilə biliməyəcək. Bu söhbət qarşılıqlı qınağa, ittihamlara, şübhələrə gətirib çıxaracaq və tərəflər düşmən kimi biri-birindən ayrılacaq. Nəticədə müəllim valideynin dəstəyiniz itirəcək. Belə “nəticələrin” qarşısını almaq üçün söhbəti təhsil problemlərinin müzakirəsinə yönəldin. Valideynlər qarşısında öz psixoloji və pedaqoji biliklərinizdən istifadə edin. Uşağın təhsil fəaliyyətinin və davranışının diaqnozunu açıqlayın: hansı obyektiv və subyektiv səbəblərdən zəif oxuyur və nizam - intizamı pozur, vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək olar. Əgər uşaq təlim materiallarına baxmırsa ona necə kömək etməyi müzakirə edin, yeniyetmə sinif yoldaşları qarşısında özünü təsdiq üçün “cəsarət” nümayiş etmək istədiyinə görə pis davranırsa valideynlərə övladının özünütəsdiq ehtiyacını ödəyə biləcəyi sosial cəhətdən məqbul fəaliyyət formalarını axtarmağı təklif edin (məsələn; idmanla məşğul olmaq), Eyni zamanda, valideynlərin problemin həll olunacağına inamınızı hiss etməsi çox vacibdir.

III Qayda:

“Genetikaya etibar etməyin”.

Təəssüf ki, bəzi müəllimlərdən tez-tez bunları eşidirik: “Bu şagird məktəbdə yaxşı oxuyacaq və özünü layiqli aparacaq, çünki onun valideynləri .... bu şagirdin valideynləri yaxşı davanışları ilə fərqlənmirdilər, özləri də pis oxuyurdular, onun uşağı da yaxşı olmayacaq” və s. və il. Təbii ki, uşağın xarakter və bacarıqlarının formalaşmasında irsi xüsusiyyətlərin, ailə şəraitinin təsiri çox böyükdür. Ancaq bu təsir sərhədsiz deyil. Hər bir müəllim öz təcrübəsinə əsaslanaraq, “pis” ailədən yaxşı uşağın, “yaxşı” ailədən isə pis uşağın çıxması halları barədə müxtəlif şahidi olduqları məlumatları bilir. Əgər məktəbdə ibtidai sinifdən şagirdə “pis ailədən olan” uşaq kimi yanaşılarsa, o, həqiqətən də zəif oxumağa və nizam-intizamı pozmağa başlayar. Yaxud da əksinə “pis ailədən olan” uşağa müəllimin müsbət, gücləndirici təsiri onu tamamilə dəyişdirər.

IV Qayda:

“Biz bir-birimizə qarşı deyilik, problemlərə qarşıyıq”.

Şagirdin valideynləri ilə söhbətiniz, ilk növbədə onlarla qarşıdurmadan qaçmalı olduqda uğurlu olacaqdır. İkincisi, qınaq və ittihamlara müqavimət göstərməyi bacarmalısınız. Üçüncüsü, əgər siz təhsil problemini uğurla tərtib etsəniz  valideynlər bu ifadəni başa düşər və onu qəbul edərlər. Dördüncüsü, birgə hərəkətlərinizi həmişə müzakirə edin. Belə olduqda valideynlərlə danışdıqdan sonra peşəkar məmnunluq hiss edə bilərsiniz. Təhsil problemlərinin ümumi “düşməni”nə qarşı valideynlərlə birləşməyə, konkret tədbirlər planı hazırlamağa nail ola bilərsiniz.

Bu yerdə valideynlərlə işin ümumi bir forması olan valideyn iclası üzərində dayanmaq istərdim.

Məzmununa görə valideyn iclasları cari, tematik yekun ola bilər.

Cari valideyn iclasları ənənəvi gündəlikdə olan görüşlərdir: müəyyən tədbirlərin nəticələrinin diqqətə çatdırılması və s.

Tematik valideyn iclasları sinif valideynlərinin böyük əksəriyyətinin iştirakı ilə hər hansı bir aktual məsələyə həsr olunmuş yığıncağıdır. Tematik valideyn iclasları, bir qayda olaraq maarifləndirici xarakter daşıyır və uşaqların tərbiyəsi sahəsində valideynlərin biliklərinin genişləndirilməsinə yönəldilmişdir.

Yekun valideyn iclasları, vəzifəsi müəyyən bir müddət ərzində sinifin  inkişafının nəticələrini yekunlaşdırmaqdan ibarət olan görüşlərdir. Belə görüş zamanı valideynlər sinifdəki şagirdlərin və öz övladlarının nailiyyətlərini qiymətləndirmək, keçmiş nəticələri indiki mövcud nəticələrlə müqayisə etmək imkanı əldə edirlər.

     Valideyn yığıncaqlarının məzmunu nə olursa olsun, sinif rəhbəri həmişə hazırlıqlı olmalıdır. Sinif rəhbərləri yadda saxlamalıdırlar ki, valideyn yığıncağı çağırılanda onu palnlaşdırmaq, yəni bir növ ssenari yazmaq daha təsirli olur. Diqqətlə hazırlanmış, mənalı, qeyri-standart formada və aktual əhəmiyyət kəsb edən valideyn yığıncağı ata və anaların şüurlarında inqilab yarada, onlarda böyük təhsil potensialı oyada bilər. Sinif rəhbəri bilməlidir ki, valideyn yığıncağı valideyn və müəllimlərin birgə əməkdaşlığı yarandıqda səmərəli olacaq və bu yığıncaq valideynlərin gözündə nüfuz qazanacaqdır.

Sinif valideyn iclaslarının hazırlanması qaydaları:

1.Valideyn yığıncağının mövzusu valideynlər üçün aktual olmalıdır.

2.Valideyn iclası valideynlər üçün əlverişli vaxtda keçirilməlidir.

3.Valideyn iclasının keçirilmə planı valideynlərə məlum olmalıdır.

4.Sinif rəhbəri ilə valideynlər arasında ünsiyyət nəzakətli və təmkinli olmalıdır.\

5.Valideyn yığıncağı etiketlənməməlidir.

6.Valideyn yığıncağı pedaqoji cəhətdən faydalı və yaxşı hazırlanmış olmalıdır.

Psixoloq məsləhəti:

-İclasa başlamamışdan əvvəl pis əhval-ruhiyyənizi yaddan çıxarın;

-İclasa ən çoxu 1 saat vaxt ayırın;

-Hər bir insan üçün ən xoş oaln onun adıdır. Qarşınıza valideynlərin soyadı, adı və ata adı olan siyahı qoyun;

-Pedaqoji təhlilin “qızıl qaydası”nı unutma: müsbətdən başla, sonra mənfidən danış, söhbəti gələcəyə dair təkliflərlə bitir;

Mənbə:  https://yamal-obr.ru/articles/uchitel-i-roditeli-sistema-vzaimootnoshe/ 

 

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi

 

İstinad:

https://multiurok.ru/files/mu-lliml-r-v-valideynl-r-munasib-tl-r-sistemi.html

                            

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.