Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin II-IV və V-VIII sinif şagirdləri arasında keçirilən “Bizim sinif: Bizim məktəb” bilik yarışı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Təhsil Şöbəsinin
əməkdaşları, məktəb direktorları, sinif rəhbərləri və şagirdlər iştirak ediblər.
Bilik yarışının
keçirilməsində məqsəd şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz
təcrübə və biliyini təhlil etmək, özünüqiymətləndirmə, əməkdaşlıq etmək bacarıqlarını
aşılamaq, onlarda kreativ təfəkkürü inkişaf etdirmək, intellektual fəaliyyətə cəlb
etmək, fənlərə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək, mövcud
intellektual bazalarını genişləndirmək, onların şəxsiyyətinin və həyat boyu öyrənmək,
cəmiyyət üçün məhsuldar üzv olması üçün vacib olan metakoqnitiv qabiliyyətlərinin
inkişafına müvafiq şərait yaratmaqdan ibarət olub.
Mükafatlandırma mərasimində
çıxış edən Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı qalib komandaları təbrik
edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin
inkişaf etdirilməsində, təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu
olduğunu diqqətə çatdırıb.
Emin Məmmədxanlı
istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək,
yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək,
şagirdlərdə tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onların məntiqi
biliklərinin artmasına təkan vermək, məktəblilər arasında sağlam rəqabət mühiti
yaratmaq məqsədilə Təhsil Nazirliyi və Təhsil Şöbəsi tərəfindən il ərzində bir
çox müsabiqələr təşkil edildiyini bildirib.
Şöbə müdiri bilik yarışının ümumtəhsil məktəbləri arasında
sağlam rəqabət mühiti formalaşdıracağını, təhsilin keyfiyyətinin yüksəldilməsinə,
məktəblilərin potensial intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə
imkan verəcəyini vurğulayıb.
Sonra qalib şagirdlər
adından Qıvraq qəsəbə tam orta məktəbinin IV sinif şagirdi Minurə Məmmədli
çıxış edərək bildirib ki, bu müsabiqə bizdə özümüzə inam yaradıb və bu gün biz
yeni qələbələr ümidi ilə yaşayırıq. Bilik yarışına xüsusi maraq və məsuliyyətlə
hazırlaşdıqlarını vurğulayıb. O müsabiqədə onlara dəstək olan müəllimlərinə təşəkkür
edib, qalib olmuş digər şagirdlərə təbriklərini çatdırıb. Bundan sonrakı
müsabiqələrdə tək hədəflərinin birinci yer olduğunu qeyd edib.
Qeyd edək ki, bilik
yarışı əsasnaməyə uyğun olaraq 2 mərhələdə təşkil olunub. Məktəb mərhələsində
qalib olmuş siniflərin komandaları rayon mərhələsində iştirak etmək hüququ
qazanıb.
Ümumilikdə 385
şagirdin iştirak etdiyi bilik yarışının rayon mərhələsində komandalar siniflər
üzrə müəyyən olunmuş fənlərə dair 50
sual ilə biliklərini sınayıblar.
Müsabiqədə qaliblər
hər sinif üzrə bir-I yer, bir-II yer, bir-III yer və üç həvəsləndirici yer
olmaqla müəyyən edilib.
Birinci yerə layiq
görülən məktəblərin komanda üzvləri və həmin siniflərin sinif rəhbərləri diplom
və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Bilik yarışında
şagirdlərinin fəallığı ilə seçilən Qıvraq qəsəbə tam orta məktəbi “Ən fəal məktəb”
nominasiyası üzrə diplomla təltif edilib.