Respublika Təhsil Şurasının Yasamal nümayəndəliyi yaradıldı

 


Respublika Təhsil Şurasının Bakı şəhəri Yasamal nümayəndəliyinin təsis toplantısı Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində keçirildi. Təsis toplantısında Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə, təşkilatın katibi Böyükağa Mikayıllı, Bakı filialının rəhbəri Almaz Əsgərova, “Təhsil müəssisələrinin ictimai akkreditasiyası mərkəzi”nin rəhbəri Sabir Həmidov, Təhsil Şurasının üzvləri Nəbi Mahmudov, Ramil Zeynalov və digərləri iştirak edirdilər.

“Qabaqcıl təcrübənin öyrənilməsi həmişə aktual olub”

Toplantını giriş sözü ilə açan Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə təsis toplantısının Heydər Əliyev Mərkəzində keçirilməsinə şərait yaratdıqlarına görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradovaya minnətdarlığını bildirdi. S.Mehdizadə söylədi ki, Respublika Təhsil Şurası Ulu Öndər Heydər Əliyev ideyalarının davamçısıdır. Ulu Öndərin təhsillə bağlı irəli sürdüyü fikirlər, göstərdiyi yol təhsil ictimaiyyətinin bütün üzvləri kimi, Respublika Təhsil Şurası üçün də prioritetdir. Bu, təşkilatın fəaliyyət göstərdiyi 23 il ərzində belə olub, bu gün də belədir, sabah da belə olacağına şübhə yoxdur.

Samir Mehdizadə Respublika Təhsil Şurasının ötən illər ərzində gördüyü işlər barədə məlumat verdi. Qeyd etdi ki, Respublika Təhsil Şurasının fəaliyyətinin əsasında hər bir zaman müəllimlərlə, elmi ictimaiyyətlə əməkdaşlıq dayanıb. Bunun nəticəsidir ki, Şuranın xətti ilə 200 nəfərdən artıq müəllimin, xeyli sayda məktəbin iş təcrübə öyrənilib, hansı ki, bu ənənə artıq təhsil sistemində unudulmaqdadır. S.Mehdizadə vurğuladı ki, biz bu ənənəni bundan sonra da davam etdirəcəyik. Ən yaxşı müəllimləri aşkar edib, onların fəaliyyəti, pedaqoji təcrübəsi ilə ictimaiyyəti tanış etmək, həm müəllim üçün, həm də cəmiyyət üçün əhəmiyyətlidir. Respublika Təhsil Şurasının beynəlxalq əlaqələrinə toxunan Samir Mehdizadə qeyd etdi ki, müəllimlərin dünyanın qabaqcıl pedaqoji təcrübəsini, təhsil ənənələrini öyrənmələri baxımından bu, olduqca əhəmiyyətlidir. Qabaqcıl təcrübənin öyrənilməsi həmişə aktual olub.

Samir Mehdizadə Təhsil Şurasının filial və nümayəndəliklərinin yaradılmasının Şuranın təşkilatlanması baxımından əhəmiyyətli olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün Yasamal rayonunda da təşkilatın  nümayəndəlyi təsis olunacaq. O,  Yasamal rayonu 308 nömrəli tam orta məktəbin psixoloqu Sevinc İsmayılovanın Yasamal rayon nümayəndəliyinə rəhbərliyini təklif etdi. Sevinc İsmayılovanın namizədliyi üzvlər tərəfindən rəğbətlə qarşılandı. Sevinc İsmayılova ona göstərilən etimada görə Təhsil Şurasının rəhbərliyinə minnətdarlığını bildirdi.

Təhsildə ictimai fikrə ciddi ehtiyac var

Respublika Təhsil Şurasının Bakı şəhər filialının rəhbəri Almaz Əsgərova Təhsil Şurasında son vaxtlar görülən işləri təqdirəlayiq hal hesab etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Respublika Təhsil Şurasının fəaliyyəti təhsildə ictimai fikrin inkişafına yönəlmiş istiqamətdir. Bu gün təhsilimizin ictimai fikrə, o cümlədən Təhsil Şurasının fəaliyyətinə ehtiyacı var. Biz müəllimlər də Təhsil Şurasının yanındayıq və onun fəaliyyətinə dəstək verməyə hər zaman hazırıq, deyə Almaz Əsgərova qeyd etdi. Çünki bu təşkilat məramı, amalı, ideyası, yolu bəlli olan, elmin, təhsilin, müəllimliyin inkişafına təkan verən təşkilatdır.

Ənənələrin yaşadılması vacibdir

Respublika Təhsil Şurasının “Təhsil müəssisələrinin ictimai akkreditasiyası mərkəzi”nin rəhbəri Sabir Həmidov təşkilatın beynəlxalq əlaqələrinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Azərbaycanın təhsil sistemində məktəblərin beynəlxalq əməkdaşlığı sahəsində ənənəsi var və nə yaxşı ki, Təhsil Şurası da bu ənənənin təkmilləşməsinə və yaşamasına öz töhfəsini verir. İctimai təşkilat üçün bu, olduqca əhəmiyyətlidir. Sabir Həmidov Azərbaycan məktəblərinin hələ 2000-ci illərin əvvələrindən beynəlxalq layihələrə qoşulduqlarını və uğur əldə etdiklərini diqqətə çatdırdı. Misal olaraq göstərdi ki, Bakı şəhərindəki Nizami rayonu 220 nömrəli tam orta məktəb Assosiativ məktəblər layihəsi çərçivəsində Barselonada 125 məktəbin qoşulduğu müsabiqədə birinci yerə layiq görülüb. Bu. Azərbaycan təhsilinin uğuru idi.

Bu gün Respublika Təhsil Şurasının ətrafında ən yaxşı təhsil mütəxəssisləri, alimlər cəmlənir...

Respublika Təhsil Şurasının üzvü Nəbi Mahmudov qeyd etdi ki, bu gün təşkilatın ətrafında ən yaxşı təhsil mütəxəssisləri, alimlər cəmlənir. Bu da deməyə əsas verir ki, təşkilatın elmi-pedaqoji potensialı yaranacaq və bu da təhsilimizin problemlərinə optimal münasibət bildirməkdə yardımçı olacaq. Təhsil Şurası Azərbaycanı hər zaman ləyaqətlə təmsil edib. Şuranın təşkil etdiyi tədbirlər öyrədiciliyi, aktuallığı ilə seçilib, deyən Nəbi Mahmudov bu gün götürülən istiqamətin də yaradılmış ənənəyə sadiqlik kimi göründüyünü diqqətə çatdırdı. 

Təhsil Şurasının tədbirləri hər zaman peşəkarlıqla təşkil olunub

Təhsil Şurasının üzvü Ramil Zeynalov bu təşkilatla uzun illərdir ki, əməkdaşlıq etdiyini vurğuladı. Qeyd etdi ki, Şuranın istər respublika, istərsə də onun hüdudlarından kənarda keçirilən konfranslarında iştirak edib. Respublika Təhsil Şurası, eləcə də onun üzvləri hər zaman yüksək ehtiramla qarşılanıblar. Tədbirlər yüksək peşəkarlıqla təşkil olunub. UNESCO Beynəlxalq Mərkəzi, Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası, Ukrayna Milli Elmlər Akademiyasının Təhsil Menecmenti İnstitutu, Lviv Dövlət Elm və Təhsil Departamenti, həmçinin dünyanın müxtəlif universitetləri, təhsil mərkəzləri ilə qurulan əməkdaşlıqlar buna misal ola bilər.

Təhsilimizin aktual problemləri Təhsil Şurasının müzakirəsi müstəvisində...

Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı qeyd etdi ki, Təhsil Şurası zaman-zaman təhsilimizin ən aktual problemlərini forum, konfrans və seminarlarda müzakirə müstəvisinə çıxarıb, mütəxəssisləri bu müzakirələr ətrafında fikir, münasibət bildirməyə dəvət edib. Bu kimi müzakirələrin nəticəsi olaraq hakimiyyət orqanlarına təhsilimizin müxtəlif sahələrini əhatə edən çoxsaylı təkliflər ünvanlanıb. Bu gün də təhsilimizdə kifayət qədər problemlər mövcuddur, deyən B.Mikayıllı bu problemlərlə bağlı zaman-zaman araşdırmaların aparılacağını, sorğuların keçiriləcəyini, təklif və tövsiyələrin irəli sürüləcəyini bildirdi. B.Mikayıllı söylədi ki, Təhsil Şurası yüzlərlə istedadlı uşaq və gənci beynəlxalq müsabiqələrə, festivallara cəlb edib, eləcə də xaricdən uşaq və gənclərin yaradıcılıq müsabiqələrində iştirakına şərait yaradıb. Bu da öz növbəsində ölkəmizin mədəni, mənəvi dəyərlərinin təbliğinə yol açmaqla, əməkdaşlığın daha da genişlənməsinə təkan verib. Təhsil Şurası ictimai təşkilat olaraq xarici nüfuzlu universitetləri, təhsil sistemlərini, müəllif məktəblərini, inklüziv tədris mərkəzlərini tədqiqata çəlb edib. Bu istiqamətdə aparılan elmi araşdırmaların nəticəsi olaraq kitablar nəşr olunub. B.Mikayıllı vurğuladı ki, təhsilin aktual problemlərinə həsr olunmuş araşdırmaların aparılması işi bundan sonra da davam edəcək. O, Təhsil Şurası Yasamal nümayəndəliyinin işinə uğurlar dilədi. 

Təsis toplantısından sonra Respublika Təhsil Şurasının üzvləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin adını daşıyan muzeylə tanış oldular.

Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi

 

Mənbə:

https://www.facebook.com/permalink.php?story_fbid=143855007850515&id=108741758028507

 

Отправить комментарий

1 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.
  1. Анонимный4/07/2022

    Этот комментарий был удален администратором блога.

    ОтветитьУдалить