MÜXTƏLİF FƏALİYYƏT İSTİQAMƏTLƏRİ ÜZRƏ KEÇİRİLƏN TƏDBİRLƏRİN
QALİBİ MÜƏYYƏNLƏŞİB
2020-2021-ci tədris
ilində ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə
uyğun olaraq, Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən də təhsilin keyfiyyətinin
yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.
Cari tədris ilində
Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin
şagirdləri arasında 61 rayon birinciliyi səviyyəsində müxtəlif istiqamətli (bilik,
olimpiada, idman, şahmat, inşa, rəsm,
şeir, dram) tədbirlər keçirilib və keçirilən tədbirlərdə 2531 şagirdin iştirakı
təmin edilib.
Tədris ili ərzində
müxtəlif istiqamətlər üzrə tədbirlərin keçirilməsində məqsəd, şagirdlərin fənlər
üzrə biliyini artırmaq və təkmilləşdirmək, məktəblilərin təhsilə marağını
artırmaq və yeni biliklər qazandırmaq, intellektual səviyyəsini, bilik və məlumat
bazasını möhkəmləndirmək, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində
yeni üsullar tətbiq etmək, şagirdlər arasında sağlam rəqabət mühitini
formalaşdırmaq, yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şərait
yaratmaq, habelə qoyulmuş problemlərin praktiki həllinə, yaradıcı yanaşma vərdişlərinin
yaradılmasına dəstək verməkdən ibarət olub.
2020-2021-ci tədris
ilində muxtar respublika və rayon birinciliyi səviyyəsində keçirilən müxtəlif
istiqamətli tədbirlərdə iştirak edən Qıvraq qəsəbə tam orta məktəbi bu gün Kəngərli Rayon Təhsil Şöbəsi rəhbərliyi
tərəfindən “Ən fəal məktəb” nominasiyası üzrə diplomla təltif olunub. Belə ki,
cari tədris ilində muxtar respublika və rayon birinciliyi səviyyəsində keçirilən
tədbirlərdə iştirak edən Qıvraq qəsəbə tam orta məktəbinin şagirdlərindən 32-si
I, 15-i II, 19-u isə III yerə layiq görülərək diplom, kubok və medallarla təltif
olunublar.
https://www.facebook.com/profile.php?id=100017331401507