XEYİRXAH ALİM, GÖZƏL İNSAN

                                                                                                    

                                                 Ey Qudsi, hikmətdən varsa xəbərin,

                                                  Yaxşı adamlarda olsun nəzərin! 

                                                            A. Bakıxanov

                                                                                                                 

Elə insanlar var ki,  mənalı ömür yolu,  ziyası,  xeyirxahlığı və nuru ilə yüzlərlə qəlbi işıqlandıırır. Akif müəllim belə şəxslərdəndir.

Akif Abbasov pedaqogika elminin görkəmli nümayəndəsi olmaqla yanaşa, həm də gözəl insandır. Bu gəlimli-gedimli, son ucu ölümlü dünyada hər kəs Ulu Tanrıdan ona bəxş olunan ömür payını yaşayır. Şərəfli ömür yolu isə tək-tək insanlara nəsib olur. İllər ötdükcə, bir-birini əvəz etdikcə, insan dönüb geriyə baxır, bir qonaq kimi gəldiyi dünyada necə yaşadığı barədə öz-özünə hesabat verir. O, böyük dünyagörüşə, hərtərəfli biliyə, dərin zəkaya və geniş ürəyə malik olan, xeyirxahlığı və səmimiyyəti, cəsarəti və sarsılmaz  qətiyyəti, insanpərvərliyi ilə  özünə əbədiyyət qazanan müdrik insanlardan  biridir.

Professor Akif Abbasov  tərbiyə işinin təkmilləşdirilməsi problemi ilə daim axtarışda olan pedaqoqlarımızdandır. Fundamental tədqiqatları onu elmlər doktoru və professor səviyyəsinə qədər yüksəltmişdir.

A. Abbasov haqqında söylədiklərim, onunla birlikdə fəaliyyət göstərdiyim  40 ildən çox bir dövrün müşahidələrimdən damla-damla toplanan, ümumiləşən fakt və nəticələrimdir.

Çox  məhsuldar və fədakar alim, görkəmli pedaqoq,  zəhmətkeş redaktor, böyük vətəndaş və ziyalı olan  Akif müəllim gözəl insan kimi də başqalarından fərqlənir. Onun üzündə, çöhrəsində  daim bir xeyirxahlıq nuru var, deyərdim ki, onun ürəyi də  siması kimi xeyirxahlıqla vurur. Onunla söhbət edərkən, ünsiyyətdə olarkən heç nə diqqətdən yayınmır. Özümə  də bu xeyirxahlıqdan pay düşmüşdür. Çünki tale payıma uzun illər  onunla bir şöbədə  işləmək  və kitab həmmüəllifliyi olmaq düşüb. Belə ki, təsadüfi deyilməyib  “elm savadlı olmaq üçün deyil, əqidəli olmaq üçündür”. Mən professor Zahid Qaralovun  tələbkarlığı sayəsində namizədlik dissertasiyamı müdafiə  etdim. Xoş bir təsadüf nəticəsində  Zahid müəllim doktorluq işi üzərində işləməyi  tövsiyə etdi. Mövzu o qədər məni maraqlandırmışdı ki,  sanki ürəyim bu mövzu ilə vururdu. Lakin birdən-birə həyatın  uğursuzluqlarına, qəfil zərbələrinə tuş gəldim. Bu, məni sarsıtsa da, sındıra bilmədi. Zəhmət və iradəm sayəsində özümü inkişaf etdirməyə çalışdım. Az keçmədən tale məni yenə də öz qara kölgəsi altına aldı. Bədbəxtlik həmişə məni izlədiyindən asanlıqla məni tapa bilirdi. Görkəmli alim, gözəl insan,  rəhbərim olan professor Zahid Qaralov vəfat etdi.

Həyatda elə anlar olur ki, kiminsə bədxahlığına ünvan olursan. Yaxşılıq eləyirsən, elə bu yaxşılığın  özünə qarşı qisas vasitəsinə çevrilir. Onda  inamını itirənlər də olur, qədirbilənlərə inamı artanlar da.  Sonuncular genişürəkli insanlardır. Deyərdim ki,  mən də onlardan biriyəm. Adətən insan ağır anında, çətinliyə düşəndə, dar məqamda, üzüntülərlə üzləşəndə xeyirxahlığı ömür kredosu  bilən insan axtarır.

Aradan illər keçdi, lakin dərdimi heç kimlə bölüşə bilmirdim. Bir gün Akif müəllimlə institutun ikinci mərtəbəsində rastlaşdıq. Elmimizin, təhsilimizin inkişafı naminə yorulmadan çalışan  professor Akif  Abbasov  doktorluq işimlə  maraqlandı  (yaşım da ötürdü) Olub-keçənləri anlatdım. Mənə narahatçılıq keçirməməyi,  nikbin olmağı məsləhət gördü. Eyni zamanda bildirdi ki, elmi məsləhətçi kimi öz köməyini mənə göstərər.  Yanımda olan iş yoldaşım Dilarə xanım  Dostuzadə ilə bir-birimizin üzünə  baxdıq. Aramızda olan bu söhbəti heç vaxt unutmaram,  baxmayaraq ki, illər quş qanadlı olur. 

Yaxşı  yadımdadır. Mən institutda yenicə fəaliyyətə başlamışdım. Həyata inam məndə çox güclü olduğu üçün daim  çalışırdım. Etiraf edim ki, təcrübəm az idi. Alim olmaq üçün çox mütaliə etmək lazım gəlirdi. Ona görə də hər gün dövrü mətbuatı izləyir, pedaqoji aləmdəki yenilikləri, onların təcrübəyə tətbiqi yollarını öyrənməyə çalışırdım. Belə bir  vaxtda mənim qolumdan tutan, mənəvi dayağıma çevrilən, görkəmli pedaqoq-alimlərdən olan mərhum Ağadadaş Babayev və Akif Abbasovun dərin məntiqi ideyaları oldu.

Akif müəllim əsl pedaqoq, səriştəli tədqiqatçı idi. Tez-tez ona müraciət edirdim. Ömrü fəzilətlərdən yoğrulmuş Akif müəllimin xeyirxahlığı çətin günlərimdə mənim insanlara olan inamımın itirilməsinin qarşısını aldı.

   Həqiqətən də müəllim ömrü həmişə ömürlərə nur verir. Və elə bunun təsiridir ki, müəllim ömrünü ömrümüzə örnək bilmişik. İstək, arzu bir ayrı od-alovdu. Öyrənmək ehtirası adamın gecələrinin yuxu payına,  gündüzlərinin işığına ortaq olur. Həm də bu od-alov nə ki canında can var, yaxandan əl çəkən deyil. Heç bir yaşa baxmayan niyyət insanı həmişə öz nurlu yoluna çəkir. Mən son bir neçə ildə gecələrin  yuxu payını kitabların səhifələrində əritdim. Beləliklə, doktorluq işini yazıb  tamamladım. Bu böyük alim tez-tez  dissertasiyanın nə yerdə olduğu ilə maraqlanırdı və vaxt tapıb məsləhətini də əsirgəmirdi. O, daim qəlbini fəzilətlərlə doldurur, ömrünü çıraq edib tədqiqatçıların, dissertant və doktorantların  yolunu işıqlandırır, qəlbinə, idrakına nur saçır. Onun yorulmaz  fəaliyyətindən, iz salan əməllərindən başqalarına da pay düşürdür və düşməkdədir. Onlardan biri də mənəm.

Müasirlərini, gələcək nəsilləri doğru yola istiqamətləndirir, özü şam kimi əriyir. Vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Akif müəllimin qəti sözü, aydın fikri, orijinal yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı, düz ilqarı haqda düşüncələrimi ağ kağıza köçürmək istərkən xəyalım məni çəkib təxminən  qırx il əvvələ aparır.

Akif müəllim təhsilin incəliklərini, ehtiyaclarını həssaslıqla duyan və onun aradan qaldırılmasına düzgün istiqamət verməyi bacaran alımdir. Onun rəhbərliyi altında müdafiə olunan dissertasiyalar buna misal ola bilər.

Nadir hallarda olur ki, hansısa bir alim sağlığında, yəni həyatda yaşaya-yaşaya klassikləşsin. Belə bir şərəfə nail olan klassik pedaqoqlarla adı bir sırada çəkilən Akif Abbasov haqqında söz demək, arzu, dilək söyləmək şərəfinə nail olmaq özü bir  xoşbəxtlikdir. O, pedaqogika elminin imkan verdiyi bütün zirvələri vaxtında fəth etmiş, yaşından xeyli əvvəl bu sahədə səlahiyyətli söz sahibi, böyük ziyalı, görkəmli pedaqoq olmuşdur. Onun elmə gətirdiyi yeniliklər pedaqoji fikir tariximizi zənginləşdirmişdir. Düzünü deyim ki, bu yeniliklər onu ölməzliyə daşıyan yeniliklərdir.

Bu gün, məhz özünə inanan, seçdiyi yolun doğruluğuna şübhə etməyən, tənqid olunacağından çəkinməyən alımlər bu yolu seçir və inadkarlıqla, səbir etməklə işini davam etdirir, uğur qazanır. Akif Abbasov da belə bir keyfiyyətlərin daşıyıcısı olan alim, şəxsiyyətdir. O, son dərəcə həssas və səmimi insandır. Həmişə elə hesab etmişəm ki, Akif müəllimin məhz zəkası, əzmkarlığı, qətiyyəti, inadkarlığı və xeyirxahlığı elmin inkişafı üçün çox lazımdır.

Bəli, bütün dövrlər ərzində  yaşanmış illərə görə təəssüflənənlər də, peşman olanlar da  və yaxud sevinənlər  olur. Demək olar ki,  sonuncular, yəni sevinənlər xalq,   bütövlükdə cəmiyyət qarşısında üzüağ, alnıaçıq olurlar. Çünki belələri nəsillərə örnək olan mənalı ömür yaşayır, tarixi şəxsiyyət kimi qalırlar.

Hörmətli professorumuz Akif Abbasovun  da qismətinə belə ömür payı nəsib  olmuşdur. Onun mənalı ömür yolunu əks etdirən güzgü isə onun dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları, metodik vəsaitləri,  proqramları, yüzlərlə  jurnal məqalələri, tezisləri, pedaqoji elmin, təlim-tərbiyə və təhsilin, respublikamızda ictimai-siyasi durumun bir sıra aktual problemləri haqqında, fəlsəfə və elmlər  proqramı üzrə doktorantlara   rəhbərliyi, bir çox elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə dissertasiyalara rəsmi opponentliyi, yazdığı yüzlərlə rəyləridir.

Qeyd etdiyimiz keyfiyyətləri tamamlayan daha bir cəhəti  yada salmaq yerinə düşər: ”Akif müəllim həm də çox məzmunlu, son dərəcə maraqlı və dinləyicini valeh edən bir həmsöhbətdir. Bir şöbədə işlədiyimiz üçün bütün bunlara canlı şahidəm. Bizim tədqiqat işlərinə stimul verməyini hər an xatırlayıram. Akif müəllim daim təhsilin, təlimin və əsasən də tərbiyənin məqsədlərinin yeniləşdirirdi. Yenicə çapdan çıxmış kitablarına fikir verərək, görürdüm ki,  bu  əsərlərdə milli ruh, öz dininə,  torpağına və millətinə bağlılıq hissi onun fəaliyyətinin mayasını təşkil edir.

 Professor A.N. Abbasov  zəhmətkeşliyi, işgüzarlığı, obyektivliyi, təşəbbüskarlığı, səmimiliyi ilə kollektivimizin dərin hörmətini qazanmışdır. Yorulmaz, dönməz, cəsarətli, mübariz olan Akif müəllimin xidmətləri əvəzsizdir. Bunun əyani sübutu olaraq qeyd edə bilərəm ki, Akif müəllim haqqında ali təhsil ocaqlarından birində gedən söhbət məni valeh etdi və başa düşdüm ki, ölkəmizdə belə görkəmli alimin olması ilə fəxr etmək lazımdır  və mən də bir  kollektivdə çalışdığım üçün onunla fəxr edirəm, qürur duyuram. Arzum budur ki, belə alimlərimizə bu gün qiymət verək,  bir qədər də cabirsayağı yanaşsaq “Sağlığında qiymət verək insanlara”. Çünki belə alimlər, belə gözəl insanlar hamı üçün örnək  hesab olunur. Belə örnəklər isə gələcək nəsillərin elmə axınına təkan vermiş olar.

Deyirlər yaxşı nəzəriyyə praktikanın yolunu daha gur işıqlandırır. Buna nümunə olaraq professor Akif Abbasovu göstərmək mümkündür. O, böyük pedaqoq- alim kimi  hər yerdə tanınır və hörmətlə qarşılanır.

Elmimizə və təhsilimizə şərəf və ləyaqətlə xidmət etmiş Akif Abbasov onu sevən xalqının və uzun müddət işlədiyi kollektivinin qəlbində özünə möhtəşəm bir məhəbbət abidəsi ucaltmışdır, elə bir abidə ki, yubileydən- yubileyə daha uca, daha qüdrətli, daha əzəmətli görünür.

Hər kəsin həyatında əlamətdar hadisələr çox olur. Keçdiyim həyat yollarında  elə insanlarla rastlaşmışam ki, onların arasında çoxlu bədxahlarla yanaşı, parlaq obrazları yaddaşımda  əbədi həkk olan şəxsiyyətlər də olmuşdur. Xoşbəxtlikdən bu gün cəmiyyətimizdə (çox az olsa da)  belə insanlar var və onların əkdikləri yaxşılıq toxumları insanların qəlbində zaman-zaman cücərir, yeni pöhrələr verir. Onlar hiss edir ki, insan bu dünyaya yaşamaq, yaratmaq və yaxşı ad qoymaq üçün gəlmişdir. Belə insanlardan biridir Akif Abbasov. Mənim dissertasiya müzakirəmdə digər görkəmli alimlərlə, rəhbərim, görkəmli alim, xeyirxah insan Zahid Qaralovla yanaşı, professor Akif Abbasovun  dediyi çox  xoş sözlər qarşısında daxilən baş əydim və bu günə qədər yaddaşımdan silinmir.

Yaxşı yadımdadır, bir dəfə professor Zahid Qaralov  gözəl alim, mərhum Ağadadaş Babayevin rəhbərlik etdiyi tərbiyə şöbəsinə gəldi. Bəzi məsələlərlə maraqlandı və şöbə müdirinə tapşırdı ki, Akif müəllimə çox güvənirəm, onun gələcəyi parlaqdır, qoy bu istiqamətdə (əlindəki qeydləri şöbə müdirinə uzadaraq)  elmi tədqiqat aparmağa başlasın. Sonralar başa düşdüm ki,  Akif müəllim öz tədqiqatlarıyla pedaqogika elmini zənginləşdirmiş və onun inkişafına böyük təkan vermişdir.

Mən onu bilirəm ki, mənalı və zəngin ömür sürmüş Akif Abbasov haqqında söz deyən hər bir kəs onun işığında özünü də tanıtmış olur.

Mən onunla bir müəssisədə çalışmağımdan əsil mənəvi zövq alıram, onun iti məntiqi, nəcib əxlaqı, böyük ürəyi hər kəsdə olan keyfiyyət deyil.

Mənim kimi  çoxlarının gözləri önündə bir məşəl kimi yanan, fədakar müəllim, alim, bir neçə müəllim nəsli yetişdirən Akif Abbasov bu gün də, ömrünün qalan hissəsini sabahın dəyərli vətəndaşlarını yetişdirməyə həsr edir. Bu bir ömür kitabı, bu bir tarixdir. Öyrənən, öyrədən, yaşayan, yaşadan tarix. Bu fəxr ediləsi, öyünüləsi ömür. Qürur duyulası tarixdir. İllər keçəndən sonra bir müəllim-pedaqoq  kimi anlamışam ki, əsl insan odur ki, elə sağlığında heykəlləşsin, ucalsın. Yoxsa bəzi bədxah alimlər kimi, adı gələndə hamı üzünü çevirir.

Bəli, mərd, əyilməz, vüqarlı, xeyirxah kişi belə olur, hörmətli Akif müəllim kimi.

Pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim A.N. Abbasov   Respublika günündə - 28 Mayda anadan olub!

Adı hər zaman xeyirxahlıq etalonu kimi çəkilən, Akif müəllim! Ad gününüz mübarək! Siz mənim üçün böyük ustadsınız! Sizə sağlamlıq və uğurlar diləyirəm. Böyük Tanrı xeyirxah işlərinizdə Sizə yar olsun!

Ürəklənib bir söz demək istərdim: müəllim olmaq çətin deyil, müəllimlərin müəllimi olmaq, onların fəaliyyətinə “qoca palıd” kimi kölgə salmaq çətindir, həm də şərəflidir. Qoy Akif müəllimin kölgəsi pedaqoji elmin üstündən əskik olmasın!

Hörmətlə, Səadət Həsənova pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Azərbaycan Respublikasının Təhsil İnstitutunun   Elmi-  pedaqoji Tədqiqatlar Mərkəzinin böyük   elmi məsləhətçisi

https://www.facebook.com/akif.abbasov.35

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.