“Yanuş Korçak” (“Dahi pedaqoqlar” silsiləsindən) kitabı haqqında

İstedadlı jurnalist, yazıçı Böyükağa Mikayıllı “İşıq”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, “Bir səma altında”, “Bir ömrün simfoniyası”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” adlı kitabların, çoxsaylı elmi, publisistik məqalələrin müəllifidir. Onun “Yanuş Korçak”(“Dahi pedaqoqlar” silsiləsindən) kitabı yeni nəşr edilibdir. Kitab yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçakın həyat və fəaliyyətinə həsr olunub. Müəllif Yanuş Korçakın pedaqoji, bədii əsərlərini, publisistik, tibbi məzmunlu məqalələrini, eləcə də onun 30 il çalışdığı, özünəməxsus təlim-tərbiyə mühiti qurduğu «Yetimlər evi»ni təhlilə cəlb edir, Yanuş Korçakın kimsəsiz uşaqların təhsili, yaşayışı, həyata adaptasiya olunmaları yolunda fədakarlıqlarını qələmə alır. Oxucu əsərdə Yanuş Korçakın uşaqlıq illərindən tutmuş, ömrünün sonuna qədər keçdiyi keşməkişli həyat yolunu izləmək imkanı əldə edir, əsl müəllim-şəxsiyyət obrazı ilə qarşı-qarşıya dayanır. Yanuş Korçakın iki dünya müharibəsi, qlobal pandemiyalar, aclıqlar, lokal münaqişələr dövründə özünü unudaraq, uşaqların gələcəyi naminə çalışmaları, yaratdığı elmi-pedaqoji konsepsiya, tərbiyə nəzəriyyəsi müəllif tərəfindən tədqiq olunaraq oxucuya təqdim edilir. Əsərdə Yanuş Korçak uşaqların yaxın dostu, sirdaşı, xilaskarı kimi göstərilir, eyni zamanda, dahi pedaqoqun ayrı-ayrı əsərlərindən aforizmə çevrilmiş fikirlərinə də yer verilir. Görkəmli şəxsiyyətlərin, elm, sənət adamlarının, həmçinin yetirmələrinin Yanuş Korçak haqqında ayrı-ayrı zamanlarda səsləndirdikləri ifadələr maraq doğurur.

    Bu münasibətlə Böyükağa Mikayıllını səmimi qəlbdən təbrik edirik və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

 

 

 

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.