Azərbaycan
müəllimlərinin 15-ci Qurultayının Qətnaməsi
Əlamətdar haldır ki, Azərbaycan müəllimlərinin
15-ci qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bu
dövr, həm də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, beynəlxalq
reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırması, təhsil sahəsində
davamlı islahatların intensiv xarakter alması, yeni əsrin çağırışlarına cavab
verən insan kapitalının formalaşması istiqamətində əhəmiyyətli addımların
atılması ilə xarakterizə olunur.
Təbrik məktubunda təhsil sahəsində əldə
edilmiş nailiyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, qurultay qeyd
edir ki, bu, dövlət başçısının təhsilə və təhsil işçilərinə göstərdiyi böyük
diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət
siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz
nümunəsidir.
Qurultay hesab edir ki, Azərbaycan
Respublikasının təhsil naziri Ceyhun Bayramovun hesabat məruzəsində təhsilin
inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlər üzrə
həyata keçirilən islahatlar və qazanılan yüksək nailiyyətlər obyektiv mövqedən
işıqlandırılmış, təhsil sistemi qarşısında duran vəzifələr dəqiq
müəyyənləşdirilmişdir.
Qurultay ötən müddətdə təhsilin inkişafı
sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin
keyfiyyət göstəricilərinin yüksəldilməsi, uşaq və gənclərin təhsilalma
imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr
potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil
müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin
qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin
hazırlanması, infrastrukturun müasirləşdirilməsi, təhsil qanunvericiliyinin
təkmilləşdirilməsi, şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından
sistemli tədbirlərin həyata keçirilməsi və digər sahələrdə əhəmiyyətli
nailiyyətlərin qazanıldığını, təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik,
keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət
dinamikanın əldə olunduğunu xüsusi vurğulayaraq, nazirin hesabat məruzəsini
qənaətbəxş hesab edir.
Qurultay Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları,
Azərbaycan Respublikası təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında
çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq,
aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir:
uşaqların erkən yaş dövründən
inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların
məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi,
əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə
çatdırılması;
istedadlı uşaq və gənclərin aşkara çıxarılması
və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik
yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi,
istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın reallaşdırılmasına
nail olunması;
bütün təhsil pillələri üzrə səriştə əsaslı
məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi,
təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması;
yeni kurikulumlara və İKT
əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik
hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron
resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin
davam etdirilməsi;
ölkəmizin beynəlxalq qiymətləndirmə
tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması
istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;
ümumi təhsildə təmayülləşmənin tətbiqi
vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin
hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin
daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri,
mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və
bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
bütün təhsil pillələri üzrə sağlamlıq
imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili, bununla əlaqədar yeni
məzmun və təlim texnologiyalarının hazırlanması və tətbiqi
İKT əsaslı infrastrukturun və
elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal bacarıqların inkişafı,
elektron tədris resurslarından istifadənin genişləndirilməsi, bu sahədə
pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi;
ümumi təhsil müəssisələrində çalışan
müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin
yüksəldilməsi yolu ilə əməyinin stimullaşdırılması və müəllim nüfuzunun
yüksəldilməsi sahəsində son illərdə qazanılmış təcrübənin davam etdirilməsi;
təhsil müəssisələrində
tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə,
ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin
formalaşdırılması, vətənpərvərlik tərbiyəsi və bu kimi sistemli tədbirləri
özündə ehtiva edən “Milli tərbiyə konsepsiyası”nın hazırlanması;
“Peşə təhsili və təliminin inkişafına dair
Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində
əmək bazarının tələblərinə uyğun olaraq biznes subyektləri və işəgötürənlərlə
səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata
keçirilməsi, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin
qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi;
ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına uyğun olaraq məzmun
və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici
mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin
yaradılması, ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının
gücləndirilməsi məqsədi ilə xaricdə doktorantura səviyyəsində təhsilin təşkili;
keyfiyyətin təminatı sistemi kimi
akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan
keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində
tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq
təşəbbüslərinin dəstəklənməsi.
Qurultay böyük inam və nikbinliklə bəyan edir
ki, müstəqil Azərbaycanın müəllimləri və bütövlükdə təhsil işçiləri əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu
prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf
etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət
Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə
Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və
rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə
çevriləcəkdir.
https://edu.gov.az/az/page/9/15780
https://edu.gov.az/az/page/9/15780