Azərbaycan xalqı, tarixinin dönüşlü
nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyaların sözü ilə
kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır. Əsrlərlə azad
yaşamaq istəyən Azərbaycan xalqı tarix boyu torpağına göz dikmiş nəhəng
imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik əldə etmiş
respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində
sıxılır.
1980-ci illərin sonundan Azərbaycanın
müstəqilliyi uğrunda başlanan azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də
Azərbaycanın dövlət müstəqilliyinin elan olunması ilə nəticələndi. Tədricən
xalqa aydın oldu ki, azadlığı, müstəqilliyini əldə etmək nə qədər çətindirsə,
onu qoruyub saxlamaq da bir o qədər mürəkkəb və ağırdır. Azərbaycanımızın
müstəqil bir dövlət kimi yaşaması ilə düşmənlərimiz qətiyyən barışmaq
istəmirdilər. 1991-ci ildə SSRİ adlı imperiya dağıldıqdan sonra Azərbaycanda
hakimiyyətdə olanlar hər nəyin hesabına olursa - olsun hakimiyyətdə qalmaq
istəyirdilər.
Azərbaycan Respublikasının Müstəqillik
siyasətinə mane olmaq üçün düşmənlər Qarabağda vəziyyəti daha da
gərginləşdirdilər. Hakimiyyət uğrunda gedən mübarizə torpaqlarımızın
hissə-hissə işğalı ilə müşayiət olunurdu.
Azərbaycan xalqının öz azadlığı və
müstəqilliyi uğrunda mübarizə tarixində görkəmli şəxsiyyətlərin rolu böyükdür.
Lakin bu şəxsiyyətlər içərisində biri ən yüksək zirvəyə ucalmışdır. XX əsr
Azərbaycana H. Əliyev kimi siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Belə bir
Şərq məsəli var: “ Can həkimə, ölkə isə rəhbərə etibar edilər”.
Ümummilli rəhbərimiz Azərbaycanın haqq
işini dünyaya çatdırdı. Daxili - siyasi sabitlik təmin edildi, iqtisadi
tənəzzülün qarşısı alındı. Milli - mənəvi dəyərlərimiz bərpa və inkişaf
etdirildi. Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutdu.
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi,
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qüdrətini daha da
artır. Bunun parlaq nümunəsi 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya
azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz müdrik rəhbərimiz H. Əliyevin
xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün
olunmuşdur. H. Əliyev azərbaycanlıları başa saldı ki, xalqın ən yaxşı oğul və
qızları öz milləti və vətəninin rifahı naminə çalışmalıdırlar.
Bu gün Dünya Dövlətləri Birliyinin bərabər
hüquqlu üzvü olan müstəqil Azərbaycanımız istiqlal tarixinin şanlı səhifələrini
yazır.
Hamıya məlumdur ki, Azərbaycan 1993-cü ildən
bəri çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsi, qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata
keçirdiki ardıcıl və məqsədyönlü daxili və xarici siyasətin ana xəttini təşkil
edir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı XXI əsrə azad,
müstəqil, iqtisadi və mənəvi baxımdan daha nikbin əhval-ruhiyyə ilə qədəm
qoymuşdur.
Azərbaycan dövlətinin getdikcə
möhkəmlənməsi, onun dünya dövlətləri içərisində nüfuzunun artması, vaxtilə
qüdrətli dövlətləri olmuş, dünyaya səs salmış bir xalqın oyanması deməkdir.
Düşmənlər həmişə qorxmuşlar ki, oyanmış xalqımız ayağa qalxaraq birləşər,
keçmişdə vətəndən hissə-hissə qoparılıb alınmış torpaqlarımızın qaytarılması
uğrunda ədalətli mübarizəyə başlayarlar.
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi,
həm də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq
azərbaycanlıların qüdrətini daha da artırmışdır. Bu gün Azərbaycan dövləti üçün
ən mühüm məsələlərdən biri də Dünya azərbaycanlılarının həmrəyliyinin qorunub
saxlanılmasıdır. Dünya azərbaycanlıları nə qədər həmrəy olsalar, Azərbaycan
dövlətçiliyi ətrafında nə qədər sıx birləşsələr dünya miqyasında nüfuzumuz daha
böyük, sösümüz daha kəsərli olar.
Sizləri 18 oktyabr
- Milli Mütəqilliyimizin 27-ci ili münasibəti ilə təbrik edirəm.
Əsədov Seyyub
Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix
müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi