72 il
bundan əvvəl SSRİ- də yaşayan xalqlar faşist Almaniyası üzərində böyük Qələbə
qazandılar və Avropa ölkələrini nasizm bəlasından qurtardılar. Bu müharibədə
iştirak edərək qəhrəmanlıqlar göstərmiş həmyerlilərimiz çoxdur. Müharibənin
dəhşətlərini öz gözləri ilə görmüş canlı
şahidlər olan veteranlarımızın sayı ildən-ilə azalır. Üstündən neçə il
keçməsindən asılı olmayaraq bəşəriyyətə qarşı baş vermiş bu cinayət heç vaxt
unudulmamalıdır. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının igid oğul və
qızlarının xidmətlərini unutmaq tariximizə qarşı xəyanət olardı.
IX sinif Azərbaycan tarixindən “ Azərbaycan
SSR İkinci Dünya müharibəsi illərində”
və XI sinif Azərbaycan tarixindən
“ Azərbaycan döyüşçüləri ön cəbhədə” mövzusunu keçərkən diyarşünaslıq
materiallarına müraciət edərək göstərirəm ki, azərbaycanlılar da 1941- 1945-ci
illərdə faşizmə qarşı mübarizəyə qalxmış, qəhramanlıqlar
göstərmişlər.Şagirdlərə izah edirəm ki, şəhərimizdən də cəbhəyə gedərək
düşmənlə ölüm- dirim mübarizəsi aparan həmyerlilərimiz çox olmuşdur. Söhbəti
müasir həyatla əlaqələndirir,
torpaqlarımızın azadlığı uğrunda erməni faşistləri ilə vuruşaraq qəhrəmanlıqlar
göstərmiş həmyerlilərimiz haqqında söhbətlər aparıram. Şagirdlərdə Vətənə
məhəbbət hissini artırmaq məqsədi ilə torpaqlarımızın azad olunması uğrunda
vuruşaraq şəhidlik zirvəsinə ucalan soydaşlarımız haqqında, o cümlədən
məktəbimizin həyətində Milli Qəhramanımız T. Bağırovun büstü önündə də
söhbətlər aparıram. Bildirirəm ki, hazırda
da Azərbaycan xalqı erməni faşistlərinə
qarşı mübarizə aparır. Torpaqlarımızın bir hissəsi işğal altındadır. Tariximizi
təhrif etməyə çalışan, müqəddəs torpaqlarımızı murdar ayaqları ilə tapdalayan
qüvvələr hələ də vardır. Şagirdlərə
bu şəxslər haqqında məlumat toplamağı evə tapşırıq verirəm. Təcrübəmdən bilirəm
ki, mövzu ilə əlaqədar şagirdlər öz topladıqları xatirələri söyləyəndə bu çox
təsirli olur. Mən öz babaları, ata və qardaşları, yaxınları haqqında xatirələr toplamaq işinə şagirdlərin
özlərini cəlb edirəm. Bu bir tərəfdən təlim- tərbiyənin vəhdətdə götürülməsinə
müsbət təsir göstərir, digər tərəfdən isə şagirdlərin doğma diyara məhəbbətini
qat- qat artırır.
Məktəb
proqramlarına uyğun olaraq istər II Dünya müharibəsi, istərsə də Qarabağ
müharibəsi mövzuları 9 və 11-ci
siniflərdə araşdırılır. Lakin hesab edirəm ki, hər bir müəllim digər dərs
apardığı siniflərdə də belə mövzulara
zamanı gəlincə müraciət etməli və məktəbliləri vətənə sevgi ruhunda tərbiyə
etməyi bacarmalıdır. Mənim üçün bu iş həm təhsil, həm də tərbiyə prosesində prioritetdir.
II Dünya və
Qarabaq müharibəsi ilə əlaqədar yerli tarixi materialların şagirdlər tərəfindən
araşdırılması işi müəllimlərin
məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməsi ilə yanaşı, həm də onların vətəndaş mövqeyinin
möhkəmləndirilməsində xüsusi rol
oynayır. Bu işi məhsuldar şəkildə həyata keçirmək üçün müxtəlif layihələr,
mini-araşdırmalardan başlamaq daha məqsədəuyğun olardı. Tədqiqat və
qaraşdırmalardan istifadə şagirdləri təklif
edilən materialları təhlil etməyə, araşdıraraq problemləri dərindən tədqiq etmək, hipotez irəli sürmək, sübut etmək, onun həlli
yollarını axtarmaq və nəticələr çıxarmağa sövq edir.
Tədqiqat mənbələri aşağıdakı materiallar olur:
1.Ailə və rayon (şəhər) arxivləri;
2.Yerli rayon (şəhər) tarix- diyarşünaslıq və məktəb muzeyləri;
3.Rayonun (şəhərin) Yaddaş Kitabçası; (P.S. əgər
varsa)
4.Yerli rayon (şəhər) tarixçilərinin kitabları;
5.Müharibə iştirakçılarının (canlı şahidlərin) və
yaxud onların yaxınlarının xatirələri;
Mənim
təcrübəmdə bu iş ilk dəfə ancaq bir şagirdlə iş aparmaqdan başladı. Şagirdim
araşdırma apararaq məktəbdə öz işini təqdim etdi və sinif şagirdləri tərəfindən bu iş rəğbətlə qarşılandı. Sonradan
ona digər yoldaşları da qoşuldu. Onlar, məktəb, şəhər üzrə daha yaxşı nəticələr
göstərməyə başladılar. Beləliklə də məktəblilər tədqiqatçılıq fəaliyyətinin
daha çox dərinliklərini özləri üçün “kəşf” etməyə başladılar.
Bu zaman belə bir cədvəl-plan qurmaq
daha yaxşı olar:
İşin adı
|
Nəticə
|
“Ölkənin tarixində ailə tarixi”
|
Sinif üzrə müsabiqə
|
“Yaddaşın
çağırışı”
|
Məktəb üzrə müsabiqə
|
“Döyüşdə göstərdiyi igidliyə görə medal, bir medal
hazırlamaq üçün çəkilən zəhmətə görə medal”
|
Yerli tarix-diyarşünaslıq muzeyində müsabiqə
|
“Unutmağa haqqımız yoxdur!”
|
Məktəbdə müsabiqə
|
“Bir zamanlar bir kənd(qəsəbə, şəhər) var idi ...”
|
Şəhər üzrə müsabiqədə iştirak etmək
|
Ən maraqlı cəhətlərdən biri də odur ki, bu
tədqiqatlarda təkcə şagirdlər deyil, onların ailə üzvləri də fəal iştirak
edirlər. Bu isə öz növbəsində ailələr arasında bir növ yarışmağa, fikir
mübadiləsi aparmağa, sağlam mühitin formalaşmasına gətirib çıxarır. Belə
etdikdə gənc və orta nəsilin nümayəndələri
yaşlı nəslin nümayəndələrinə qarşı daha yaxşı münasibət göstərməyi öyrənirlər. Öz tarixləri ilə qürur hissi
keçirirlər.
2016-cı
ildə bizim məktəblilər “Qəhrəman ataların yolu ilə” adlı layihə həyata keçirdi. Bu
layihə sinif şagirdlərinin tədqiqat - axtarışlarının nəticələrini “Qəhrəman ataların yolu ilə” adlı sinif təhsil konfransı ilə başa
çatdırdı. Bu layihənin nümunəsindən istifadə edərək şagirdlər məqsəd və
vəzifələri müəyyənləşdirmək, işləri planlaşdırmaq, düzgün şəkildə layihə
hazırlamağı öyrəndilər.
2017-ci ildə XA sinif şagirdləri ilə “ Aləm
cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” adlı layihə hazırladıq və həyata
keçirdik. Bu layihə inteqrasiya olunmuş bir layihə idi.
Mən bir
tarix müəllimi kimi, şagirdlərin mövzunun
incəliklərinə “dalmaq”, mövzuya emosional “duyğu” vermək işimi dərk edirdim.
Bunun üçün tarixi foto və şəkillər, mövzuya dair müxtəlif qısa video
roliklərdən istifadə istifadə
etdim. Layihənin ən kuliminasiya nöqtəsi
Qarabağ uğrunda vuruşaraq qəhrəmancasına həlak olan Mübariz İbrahimovun anasına
yazdığı məktubun araşdırılması idi. ....Bu zaman məktub tam mətnlə oxundu, hamı
dinlədi və fikir mübadiləsi aparılırdı.
Növbəti dərs ilində şagirdlərimiz üçün mən və məktəbimizin ədəbiyyat müəllimi Qaraxanova Aynurə ilə birlikdə hazırladığımız “Təhsil tədqiqatları və layihə
fəaliyyətlərinin əsasları” adlı proqram layihəsi həyata keçirmək istəyirik.
Bu
proqramda biz şagirdlərlə üzərində işlədiyimiz layihənin nəzəri cəhətlərini
öyrənib, II Dünya və Qarabağ müharibəsinin tarixi haqqında yerli materialları
sistemləşdirərək və mövzu ilə əlaqədar
aşağıdakı layihələri həyata keçirməyi planlaşdırırıq:
1.Məktəbin ”Yaddaş Kitabçası”nı hazırlamaq...
1.1.Giriş sualları, mövzu ilə əlaqədar uşaqların bilik
səviyyəsinin göstərilməsi.
1.2.”Texniki “ xəritələrin doldurulması. Bu iş təşkilati
problemləri müəyyən etməyi və tez bir
zamanda onu həll etməyə imkan verir; eynizamanda problemin həlli yollarını müəyyən etmək və təkliflər vermək, hədəflərin
adı və vəzifələrini təyin etmək ikmanı yaradır (Bu işi ancaq şagirdlər həyata
keçirirlər. Müəllim isə sadəcə nəzarət edərək, istiqamət verə bilər).
1.3.Araşdırma metodlarını müəyyən etmək. Bunun üçün ölkə
və ailə arxiv materialları, yerli tarixi ədəbiyyat və yerli arxiv materialları,
İnternet məlumatları, II Dünya və Qarabağ müharibəsi iştirakçılarının, onların
özünün, ailə üzvlərinin xatirələri,
eləcə də II dünya müharibəsi zamanı arxa cəbhədə işləyənlərin xatirələri ilə
tanış olmaq gərəkdir.
1.4.Sinif şagirdlərinin əldə etdikləri materialların
müzakirəsi və onların “Məktəb Yaddaşı”ı kitabında səliqə və xüsusi dizaynla
qeyd edilməsi.
1.5. “Böyük Vətən müharibəsi əsgərlərinin üçkünc və
Qarabağ müharibəsi əsgərlərinin məktubları
ata və anaya minnətdarlıq hissləri ilə yazılmışdır” fikrinin doğruluğunu
sübut etmək.
1.6.Özünü idarəetmə və
yaradıcılıq məsələsi.”Sinkveyn”. (Məlumat
üçün bax: https://ru.wikipedia.org/wiki/Синквейн)
Hal-hazırda
bizim məktəbdə iki sinif üzrə “Yaddaş Kitabçası” məktəbdə saxlanılır.
1. ”Məktəbimizin qəhrəmanlarını unutmarıq”
2. Ümummilli
lider-Heydər Əliyev
Məktəb və rayon arxivini qruplar üzrə öyrənmək üçün tədqiqata cəlb ediləsi məsələlər:
1.II Dünya və Qarabağ müharibəsi, eləcə də (arxa cəbhə) iştirakçıları
2. II Dünya müharibəsində iştirak etmiş məktəb müəllimləri
3.Qarabağ müharibəsində iştirak etmiş məktəb
müəllimləri
4.Məktəbin Qarabağ iştirakçısı olan şagirdləri
5.Yerli “İşıq” qəzetində müharibə iştirakçıları
haqqında yazılan mövzular
Bu il biz ilk
öncə üç məsələni həll etmək istəyərdik:
1) Təşkilati məsələ
2) Məkan ilə
ilkin tanışlıq (gəzinti turu)
3) Tarixi sənədlərlə işləmək üçün seminar
Şagirdlərim qruplar üzrə məlumat toplayaraq təqdimat
hazırlamışlar. Hətta bir şagirdim bununla bağlı belə bir şeir də yazmışdı:
“Məktəb qəhrıəmanlarını heç
vaxt unutmarıq biz,
Əmin olun ki, unutmarıq heç
zaman.
Onların igidliyi qəlbimi
döyündürür
Əbədi olaraq bizimlədir onlar....” .
Belə tədbirlər
keçirməklə keçmişi xatırlamaq, gənc nəslə ölkəmizin qəhrəmanlıq tarixinə hörmət, vətəndaşlıq
mövqeyi və vətənpərvərlik duyğusunu öyrətmək imkanı əldə etmiş oluruq. Təcrübə göstərir ki,təlim-tərbiyə prosesində belə
işlər dərsləri şagirdlər üçün daha aydın
və maraqlı etməklə yanaşı, onlar öz doğma diyarını yaxından öyrənir, onun
nailiyyətləri ilə fəxr edirlər. Bu da məktəbliləri Vətənə hədsiz məhəbbət və sədaqət ruhunda
tərbiyə etmək üçün imkanlar yaradır.