Ədəbiyyat (ərəb أدب) — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Ədəbiyyət iki yolla yaranıb, inkişaf edir: şifahi və yazılı. Yazılı ədəbiyyat ilə şifahi ədəbiyyat arasındakı fərqlər:
- Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb, yayılır.
- Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir.
- Şifahi ədəbiyyatın konkret müəllifi olmur, anonim ədəbiyyatdır. Ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır.
- Şifahi ədəbiyyatın bəzi nümunələri çoxvariantlıdır, yazılı ədəbiyyat isə təkvariantlıdır.
- Şifahi ədəbiyyat yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlamır. Yazılı ədəbiyyat isə saxlayır.
Həm yazılı həm də şifahi ədəbiyyat üç ədəbi növə bölünür:
- Lirik növ
- Epik növ
- Dramatik növ
Lirik növ
Lirik növ əsasən nəzmlə verilir. Burada duyğuların, psixoloji ovqatın emosional ifadəsi və tərənnüm anlayışı əsas yer tutur. Bu növə xalq nəğmələri, bayatılar, aşıq şeirləri, qəzəllər, qəsidələr, müxəmməslər, mürəbbelər və s. janrlar daxildir. Lirik növə aid həmin janrların əsas obrazı lirik qəhramandır.
Epik növ
Epik növ əsasən nəsr şəklində olur. Bu növdə həyat hadisələri ətraflı təsvir edilir. Süjet xətti geniş və çoxşaxəlidir. Epik növdə təhkiyə və təsvir əsas yer tutur. Bu növə xalq nağılları, dastanlar, hekayələr, povestlər, romanlar, poemalar, oçerklər, novellalar daxildir.
Dramatik növ
Dramatik növ həm nəzmlə, həm də nəsrlə verilir. Bu növdə yazılan əsərlər səhnədə oynanılmaq, tamaşaçılar qarşısında ifa edilmək üçündür. Dramatik növdə əyani göstərmə əsas yer tutur. Buraya xalq oyunları, meydan tamaşaları, faciələr, pyeslər, komediyalar daxildir.
Ədəbiyyat qanunauyğunluqları
Ədəbiyyatın özünəməxsus qanunauyğunluqları var. Bu qanunauyğunluqları, prinsipləri öyrənən elmə ədəbiyyatşünaslıq deyilir.
Ədəbiyyatşünaslığın üç sahəsi var.
- Ədəbiyyat tarixi
- Ədəbiyyat nəzəriyyəsi
- Ədəbi tənqid