Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə ilə əlaqədar

Hörmətli oxucular! Tarixçi alim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin  üzvü  və Milli Məclis yanında  Elm və təhsil komitəsinin sədri çox hörmətli Anar müəllim İsgəndərovun“Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə ilə əlaqədar” adlı  məqalələrini oxudum. Məqalələrin tarixi əhəmiyyətini nəzərə alaraq onları  olduğu kimi sizlər üçün burada yerləşdirməyi qərara aldım. 

Anar müəllim İsgəndərova öz dərin minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə ilə əlaqədar  (Üç məqalə)

I məqalə

1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma onun şirinliyini dada bilmədi. Dünya sovet dövləti niyə çökdü sualına tam cavab tapmamış Cənubi Qafqazı müharibə alovu bürüməyə başladı. Ermənistandan 300 minə qədər azərbaycanlı tarixi torpaqlarından qovuldu və ağır qaçqınlıq həyatını yaşamağa məcbur edildi. Erməni daşnak qüvvələri  keçmiş imperiyanın başçılarından Qarabağın ilhaqı ilə bağlı razılıq almışdılar. Erməni lobbisi və erməni diasporu da bu cinayətdə öndə gedirdilər.

Öz ərazi bütövlüyünü qorumaqda böyük çətinliklərlə üzləşən Azərbaycan Qarabağ həqiqətlərini  dünyaya çatdırmaqda aciz idi. 70 illik sovet dönəmində erməni millətçilərindən fərqli olaraq Azərbaycan xalqlar dostluğunu tərənnüm edir, proletar beynəlmiləlçiliyini mədh etməklə məşğul idi. Ermənilər  isə dünyanı inandırmışdılar ki, guya Qarabağ tarixi erməni torpağıdır, bu torpaqlar Ermənistana birləşdirilməlidir.

Qərb bu münaqişədə birmənalı olaraq Ermənistanı müdafiə etdi. Nufuzlu beynəlxalq təşkilatlar Azərbaycan tərəfini Ermənistanı blokadada saxlamaqda ittiham edirdi. Dünyanın super dövləti ABŞ Konqresi daha irəli gedərək erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ilin oktyabrında “Azadlığa müdafiə aktı”nı, yəni ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etdi. Bu düzəlişin qəbulu nəticəsində keçmiş 15 müttəfiq respublika arasında yalnız Azərbaycan ABŞ-ın bu yardımından məhrum edildi. Aradan illər keçdi, amma Azərbaycana münasibət dəyişmədi.

2020-ci ilin payızında erməni işğalı sona çatdı, Azərbaycan öz torpaqlarının sahibi oldu. Dünya güclü bir Azərbaycanın şahidi oldu. Düşmən tərəfindən yerlə-yeksan edilən  Qarabağ böyük tikinti meydanına çevrildi. Həm də bu illər ərzində Azərbaycana münasibətdə çox şey dəyişdi. Güclü lider, güclü iqtisadiyyat, güclü ordu hər şeyi yoluna qoydu.

2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdi. 33 il bundan əvvəl Azərbaycanı Ermənistana  görə haqsız cəzalandıran Ağ Ev 907-ci düzəlişə son qoydu. Azərbaycan öz tarixində ilk dəfə olaraq Ağ Evə qalib kimi daxil oldu, ABŞ Prezidenti  D. Tramp da Azərbaycanın dövlət başçısını qalib kimi qarşıladı.

2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin bağlanması uzun vaxt apardı. Avropa İttifaqı başda olmaqla bir çox nufuzlu təşkilatlar ATƏT-in Minsk qrupunun yolunu getmək istədilər, amma yanıldılar. Çünki ATƏT-in Minsk qrupu Azərbaycanın iradəsinin əlehyinə yaradılan təşkilat idi. O zaman Azərbaycan dünya güclərinə müqavimət göstərmək iqtidarında deyildi. 30 ilə yaxın dövrdə  ATƏT-in Minsk qrupu Qarabağın Ermənistana verilməsi üçün dəridən-qabıqdan çıxdı. Amma mənfur arzusunu reallaşdıra bilmədi. Vətən Müharibəsindən sonra Azərbaycanın ilk tələbi ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması oldu. Avqustun 8-də Ağ Ev Azərbaycanın bu tələbinin də qəbuluna şahidlik etdi.

44 günlük Vətən Müharibəsindən beş il keçir. Azərbaycan bu illər ərzində sülh müqaviləsinin bağlanmasına kömək məqsədilə bir çox dövlətlərin təkliflərini nəzərdən keçirdi. Amma təklifləri qəbul etməkdə tələsmədi. Ali Baş Komandanın sözləri ilə desək:”Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu hamıdan yaxşı bilirəm” - bəyan etməklə hamını əmin etdi ki, sükan etibarlı əllərdədir, Azərbaycanı bu yoldan heç kim çəkindirə bilməz.

Prezident İlham Əliyevin ABŞ-a işgüzat səfəri ABŞ-Azərbaycan tarixində yeni səhifənin əsasını qoydu.

ABŞ Azərbaycanla münasibətlərini yeni dövrün tələblərinə uyğun qurmaq istədiyini rəsmən bildirdi. SOCAR və “ExxonMobil” arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması buna əyani misaldır. Azərbaycanla Ermənistan arasında Sulh müqaviləsinin paraflanmasından sonra Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolu ilə bağlı mövcud çətinliklərə son qoyulur, normal gediş-gəliş üçün şərait yaradılır.

1992-ci ildən bizi 33 il ayırır. Azərbaycan bu illər ərzində şərəfli bir yol keçib. Düşmənə əyilmədi, geri çəkilmədi, düşmənin havadarlarının təhdidlərinə ağıllı diplomatiya ilə cavab verdi və bu sərt imtahandan qalib çıxdı. Bu gün Azərbaycan böyük nufuz sahibidir. Qərbin onlarla dövləti qaz təminatını Azərbaycanın hesabına həyata keçirir. Türk dövlətləri arasında yaranan münasibətlər heç bir zaman bu qədər aktual xarakter daşımamışdı. Ərəb dünyası Azərbaycanı nufuzlu bir dövlət kimi tanıyır. Suriyanın ən çətin günlərində Azərbaycan tərəfindən ona göstərilən yardım hamı tərəfindən təqdir olundu. Ukraynanın haqq işinin dəstəklənməsi, ona hərtərəfli humanitar yardımların göstərilməsi Azərbaycanın ədalətli mövqeyini ortaya qoyur.

Düşmən mədəniyyətimizin beşiyi Şuşanı 1992-ci il mayın 8-i işğal etmişdi. 2020-ci il noyabrın 8-i Şuşanı düşmən işğalından azad etdik və hər il Zəfər günümüzü qeyd edirik. Tariximizə bir 8-də əlavə olundu. Bu il avqustun 8-i Azərbaycanın dövlət başçısı İlham Əliyevin və ABŞ-ın dövlət başçısı Donald Trampın Azərbaycan-ABŞ arasında yeni tarixin əsasını qoymaları oldu. Uğurların mübarək,Azərbaycan!

----------------------------------------------------

II məqalə

Haşiyə: 1776-cı il iyulun 4-də bütün müstəmləkələrin II konqresi “İstiqlaliyyət bəyannaməsi”ni qəbul etdi. “İstiqlaliyyət bəyannaməsi” keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və tam müstəqilliyi haqqında bəyanat idi. Beləliklə, Amerika Birləşmiş Ştatları yarandı.

Azərbaycanla ABŞ arasında ilk münasibətlərin əsası Cümhuriyyət dövründə qoyulmuşdu. Müstəqilliyini elan edən Cümhuriyyətin ən böyük arzusu Qərb dövlətləri tərəfindən tanınması idi. Bu arzunu reallaşdırmaq  üçün Cümhuriyyət nəyin bahasına olursa-olsun Paris Sülh konfransında iştirak etməyi qərara aldı. Paris Sülh konfransına gedəcək nümayəndə heyətinə Əlimərdan bəy Topçubaşov rəhbər təyin olundu.

1919-cu il mayın 28-də ABŞ Prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi. Əlimərdan bəy yazırdı:” Prezident Vilson bizi könülsüz qəbul etdi. Məndən Kartli,Kaxetiya, İmeretiya və Hayastanı tanıdığını, ancaq Azərbaycan adına rast gəlmədiyini dedi. Verdiyi tövsiyələr müstəqilliyimizə zidd idi. Verdiyimiz memoranduma diqqət etmədi.”

Bəli, Vudro Vilson Baydendən də daha çox ermənipərəst idi. Hətta çıxışların birində bəyan edirdi ki, kaş ABŞ-da Prezidentliyim başa çatandan sonra Ermənistanı dövlət başçısı kimi idarə edəydim.

Doğrudur, V. Vilson müstəqilliyimizə qarşı olsa da, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. Bu tanıma 1918-1920-ci illərin ən böyük hadisəsi oldu. Azərbaycan beynəlxalq münasibətlərin subyektinə çevrildi. 1920-ci ilin bolşevik işğalı hər şeyə son qoydu.

Azərbaycan 1991-ci ilin oktyabrında  1920-ci ilin aprelində itirdiyi müstəqilliyini bərpa etdi. Bədnam qonşumuzun torpaqlarımıza olan iddialarını ABŞ-da müdafiə etdi. Hətta 1992-ci ilin oktyabrında ABŞ Konqresi erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Yəni ABŞ-ın birbaşa Azərbaycana dövlət yardımına qadağa qoyuldu. Konqres səbəb kimi Azərbaycanın Ermənistanı blokadada saxlamağını göstərirdi. Prezident İlham Əliyevin sözləri ilə desək Azərbaycan təcavüzkar dövlət kimi təqdim olunurdu.

ABŞ Qarabağ məsələsində daha bir ədalətsizliyə imza atdı. Qarabağ problemini ədalətli şəkildə həll etmək üçün ATƏT-in Minsk qrupunu yaratdılar. Hər üç həmsədr problemi ədalətli şəkildə həll etmək əvəzinə erməni tərəfinin həmsədrləri kimi davranır, ermənilərə havadarlıq etmələrini gizlətmirdilər.

2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə etdi. O zaman ABŞ Azərbaycanın hava məkanından istifadə etdiyi üçün 907-ci düzəlişi dayandırdı. Bu proses 2023-cü ilə kimi davam etdi. ABŞ 2023-cü ildə heç bir səbəb göstərmədən Əfqanıstandan çıxdı və 907-ci düzəlişə qoyulan qadağanı götürdü. Əslində bu Bayden administrasiyanın nankorluğunu və Azərbaycana olan ədalətsiz münasibətini  göstərdi.

Donald Trampın ilk Prezidentliyi dövründə Azərbaycana münasibət dəyişilməyə başladı. Azərbaycan tərəfi 44 günlük Vətən Müharibəsini uğurla başa çatdırdı. Nə ATƏT-in Minsk qrupu, nə də nə də ayrı-ayrı dövlətlərin parlamentlərinin qəbul etdikləri qərarlar Azərbaycanı haqq yolundan döndərə bilmədi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni təcavüzünü pisləyən dörd qətnaməsini Azərbaycan öz gücü ilə yerinə yetirməli oldu. Bu ölüm-dirim müharibəsində üç mindən artıq şəhid verdik, illərlə arzusunda olduğumuz Vətən torpaqlarını azad etdik.

Bayden administrasiyası hakimiyyətinin sonuncu gününə kimi Ermənistanı əzizlədi, 44 günlük müharibənin nəticələri ilə barışmadı, amma bütün cəhdləri uğursuz oldu. Fransa Azərbaycanı beynəlxalq səviyyədə təkləmək üçün ermənilərin guya etnik təmizlənməsini dörd dəfə BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı, hər dəfə biabırçı şəkildə məğlub oldu.

2025-ci ildə ABŞ-da Donald Tramp ikinci dəfə hakimiyyətə gəldi. Azərbaycanın dövlət başçısının uzargörən siyasətinin nəticəsi idi ki, prezident seçkilərində Azərbaycan Donalt Trampı dəstəklədi. Prezident İlham Əliyevin sözləri ilə desək: “ Keçən il biz onu dəstəklədik, bu doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir.”

Prezident İlham Əliyev Azərbaycan tarixinə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, dövlət suverenliyinə nail olan dövlət başçısı kimi daxil olmuşdur. Prezident İlham Əliyev ilk dəfə ABŞ-a qalib dövlətin başçısı və ABŞ-Azərbaycan münasibətlərində yeni tarixin əsasını qoyan Prezident kimi daxil oldu. Gəlin, 2025-ci il avqustun 8-də Ağ Evdə qəbul edilənlərə nəzər salaq:

1.907-ci düzəliş 33 ildən sonra ləğv edildi.

2. Azərbaycanla Ermənistan arasında Sulh müqaviləsi paraflandı.

3. Azərbaycan-Amerika münasibətlərində ilk dəfə əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsinin əsası qoyuldu.

4. ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu yaradıldı.

5. ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulur.

6. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır.

7. Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış həll olunur.

8. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” fəaliyyətə başlayacaq.

9. ExxonMobil  və SOCAR arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı.

10. ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında Anlaşma Memorandumu imzalandı.

11. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirildi və Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı.

Azərbaycanın qazandığı uğurlar göz qabağındadır. Ədalətimiz, əxlaqımız, gücümüz göz qabağındadır. Dünyada gücsüzlərə arxa, ehtiyacı olanlara dayaq, müstəqillik uğrunda mübarizə aparanlara dost olan Azərbaycan ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq”.

---------------------------

   III məqalə

 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in palaflanmış mətni qarşımdadır.

Əgər sovet dövləti dağılan ərəfədə Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yeritməsəydi, bu soyasətin nəticəsi olaraq torpaqlarımızın 20 faizini işğal etməsəydi, bir milyon qaçqın və köçkünümüz olmasaydı bu Sazişə ehtiyac yaranardımı?

Əlbəttə ki, yox.

1987-ci ildən bu günə kimi Ermənistanın həyata keçirdiyi militarist siyasətin iflasa  uğraması Sazişin I maddəsində əksini tapıb: “ Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.”

Hüquqi sənəd olan sazişin birininci maddəsinə tarixin ibrət dərsi kimi yanaşmaq istəyirəm. Ey erməni başbilənləri, ey erməni havadarları, ey erməni lobbisi, ey erməni diasporu, Azərbaycana qarşı bu ədalətsiz müharibədə nə qazandınız?  Heç nə! Qarabağ Ermənistandır! -dediniz.Sonra nə oldu? Qarabağ heç bir zaman Ermənistan ola bilməzdə və olmadı!

Uzun illər Sizə qonşu dedik, Allahın bizə bəxş etdiyi sərvətlərimiz olan qazımızı və neftimizi pulsuz-parasız Sizə verdik. Əvəzində 1948-1953-cü illərin deportasiyasını gördük. Siz bu illər ərzində faşist təfəkkürünüzü ortaya qoydunuz.

  Biz də bu müharibələrdə çox şey itirdik. Minlərlə şəhidimiz və ömürlük əlil olanlarımız oldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı, tarixi və dini abidələmiz məhv edildi və s.

Amma qazandıqlarımız daha çox oldu.

1. Azərbaycan xalqı öz tarixində ilk dəfə Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşdi və Azərbaycanın suverenliyinə nail oldu.

2.Azərbaycan əsgəri ilk dəfə Ermənistanı və erməni əsgərini Vətən dediyi torpağından biabırçıcasına qovdu. Erməni əsgəri haqqında yaradılan mifə son qoydu.

3. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra qalib dövlətlər sırasında yer aldı.

4. Ali Baş Komandan İlham Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyəti və hər cür təhdidləri rədd etməsi qələbəmizin rəhni oldu.

 Müqavilənin ikinci maddəsinə  görə, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırmayayacağını təsdiq edirlər.

Bəli, 1890-cı ildən millətçi Daşnaksutyun partiyası iddia edir ki, guya vaxtilə böyük  ermənistan deyilən bir dövlət olub. Bu dövlət üç dənizi və ətrafındakı torpaqları  özündə birləşdirib. İndi həmin dövləti bərpa etmək lazımdır. Bu dövlətin tərkibinə indiki Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Dağıstanın torpaqları daxildir. Sazişin ikinci maddəsi  erməni millətçilərinə böyük ermənistan haqqında təbliğat aparmağı yasaq edir. Erməni yalanına yer qalmır.

Sazişin yeddinci maddəsinə görə, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

Qoy bizə qonşu olan dövlətlər də əmin olsunlar ki, Azərbaycan Qarabağ problemini öz gücü ilə həll etdiyi kimi kənar qüvvələrin bu bölgəyə gəlməsinə heç bir zaman razı olmayacaqdır. Azərbaycan ən çətin vaxtlarında belə öz sözünə sadiq qaldı, kimi isə sərhədlərinə yaxın buraxmadı.

Sazişin doqquzuncu maddəsinə  görə, tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermiş itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.

Birinci Qarabağ müharibəsindən xeyli vaxtın keçməsinə baxmayaraq, hələ də itkin düşənlərimiz var, onların yolunu gözləyənlərin ağır dərdinə həmişə şərik oluruq. 44 günlük Vətən Müharibəsində də itkin düşmüş hərbçilərimiz var. Sazişin bu maddəsi  itkin düşənlərin axtarışını sürətləndirəcək və xeyli insanın intizarına son qoyacaqdır.

On yeddi  maddədən ibarət sazişin hər cümləsində Azərbaycan dövlətinin maraqları qorunur, buna heç kimin şübhəsi olmasın. Çünki 44 günlük Vətən Müharibəsindən sonra sülh müqaviləsini təklif edən də, sazişin şərtlərini təkid edən də Azərbaycan tərəfi olmuşdur.

Bu gün bəzi dairələr-özlərinə müxalifət deyənlər, xaricdə oturub xalqılımızın əxlaqına sığmayan, söyüş və təhqirlər söyləyən , milli mətbuatı bulayanlar, namus və qeyrəti ucuz tutanlar Sazişin əlehyinə hər cür böhtanlar yazırlar. Amma özləri də bilirlər ki, hər bir müharibə bir sonluqla, yəni müqavilə ilə başa çatır. Azərbaycan da 44 günlük Vətən Müharibəsini tarixi bir sonluqla başa çatdırmaq ərəfəsindədir. Qalib Azərbaycan xalqı Qarabağın fatehi İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və onunla fəxr edir.

Qoy, özünə müxalifət deyənlər, Qərbdən “ maladest” gözləyənlər heç olmasa, bir dəfə Azərbaycanın qazandığı uğurları sakit qarşılamaq üçün özlərində cəsarət toplasınlar.

Mənbə: https://www.facebook.com/anar.isgandar.2025

Üç məqaləni bir arada topladı:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf  və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.