MANNA DÖVLƏTİNİN YARANMASI VƏ YÜKSƏLİŞİ

MANNA DÖVLƏTİNİN YARANMASI VƏ YÜKSƏLİŞİ


Mannanın təbiəti və əhalisi. E.ə. I minilliyin əvvəllərində (e.ə. IX əsrdə) Urmiya gölü ətrafında Manna dövləti yaranmışdı. Mannanın paytaxtıİzirtu şəhəri idi. 
Manna dağlıq ölkə idi. Burada çoxlu çaylar var idi. Çay vadiləri çox məhsuldar olduğundan əhali həmin məkanlarda sıx məskunlaşmışdı. Suvarma üçün həmin çaylardan istifadə olunurdu. Ölkə ərazisində çoxlu faydalı qazıntı yataqları (mis, dəmir, gümüş, qızıl, qurğuşun və s.) vardı. Mannanın zəngin faydalı qazıntıları metalişləmə sənətinin yüksək inkişaf etməsinə zəmin yaratmışdı. 
Əhali oturaq həyat keçirirdi. Düzən və dağətəyi ərazilərinin əhalisi əkinçiliklə məşğul olur, arpa, buğda, darı və s. dənli bitkilər əkirdi. Onlar torpağı xışla şumlayır, taxılı dəmir oraqla biçirdilər. Mannada taxıl anbarları vardı. Bu anbarlar dövlətə və hökmdarlara məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı.
Ölkədə bağçılıq və üzümçülük inkişaf etmişdi. Üzümdən şərab da hazırlayırdılar. 
Mannalıların həyatında maldarlıq mühüm yer tuturdu. Yay aylarında mal-qaranı, qoyun-quzunu yaylağa aparırdılar. 
Mannada atçılıq da inkişaf etmişdi. Ölkənin Subi vilayəti öz atları ilə məşhur idi. Təsərrüfatda dəvədən də istifadə edirdilər. 
Mannanın idarə olunması. E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yeridən çoxlu vilayətlər var idi. Bunlar Andia, Alateye, Zamua, Mazamua, Gilzan, Gizilbunda, Surikaş, Subi, Uişdiş, Zikirtu və s. vilayətlər idi.Mannanın əsas hissəsini təşkil edən Zamua vilayəti lullubilərin vətəni idi. Ayrı-ayrı müstəqil idarə olunan vilayətlərdən ibarət olması Mannanın müdafiə qabiliyyətini zəiflədirdi. Xarici hücumların qarşısını almaq olmurdu. Qonşu Aşşur və Urartu dövlətləri Manna vilayətlərini ələ keçirməyə ç
alışırdılar. Mannanın bir sıra vilayətləri Aşşur və Urartu dövlətləri tərəfindən işğal olunmuşdu. Vilayətlərin hər biri təkbaşına mübarizə aparır, yaxud Aşşur dövləti ilə müstəqil siyasi əlaqə saxlayaraq ona xərac verirdi. 
Hökmdar İranzu (e.ə. 740—719-cu illər) Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi. Ölkədə canişinlik sistemi yaratdı. Canişinlər mərkəzi hakimiyyətdən asılı idilər. İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlətə çevrildi. İranzu Aşşur dövlətinin Urartuya qarşı uğurlu müharibələrindən bacarıqla istifadə etdi. O, Urartunun işğal etdiyi Manna torpaqlarını geri aldı. Bu dövrdə Mannanın ərazisi şimalda Araz çayına çatırdı. 
Urartunun aramsız hücumlarına qarşı dayanmaq üçün Mannaya müttəfiq lazım idi. İranzu Aşşur hökmdarı ilə danışdı. Ona öz dostluğunu və müttəfiqliyini təklif etdi. Aşşur hökmdarı İranzunun təklifini qəbul etdi. Aşşur dövləti Manna dövlətini qonşu ölkələrin hücumlarından qorumağı öz öhdəsinə götürdü. Çünki Mannanın zəngin sərvəti faydalı qazıntıları, məhsuldar torpaqları Aşşur hökmdarı üçün maraqlı idi. 
İranzunun uğurlu xarici siyasəti Manna dövlətini Urartu işğallarından xilas etdi və ölkənin birləşdirilməsi üçün şərait yaratdı. Lakin İranzunun mərkəzləşdirmə siyasəti bəzi yerli canişinlərin xoşuna gəlmirdi. Çünki onların arasında Urartu tərəfdarları da var idi. Urartu tərəfdarları vilayətlərin vahid dövlətdə birləşməsinə mane olur, ölkənin parçalanmasına, torpaqlarının qonşu dövlətlər tərəfindən işğalına şərait yaradırdılar.
x

Отправить комментарий

5 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.