ERKƏN ŞƏHƏRLƏR. ÜZƏRLİKTƏPƏ, II KÜLTƏPƏ


ERKƏN ŞƏHƏRLƏR. ÜZƏRLİKTƏPƏ, II KÜLTƏPƏ

Qarabağ. Üzərliktəpə yaşayış yeri. Orta Tunc dövründə ilkin şəhər məskənləri yarandı. Belə məskənlər mühüm ticarət yolları üzərində və müdafiə üçün əlverişli yerlərdə — təpələr üzərində, yarğanlı çay kənarlarında salınır, möhtəşəm müdafiə divarları ilə əhatə olunurdu. 

Qarabağda Üzərliktəpə, Qaraköpəktəpə, Çinartəpə, Naxçıvanda II Kültəpə, Oğlanqala, Urmiya gölü sahilində Göytəpə şəhər tipli yaşayış məskənləri olmuşdur. 

Bilirsiniz, Üzərliktəpə şəhər yaşayış yeri Qarabağda — Ağdam şəhərinin şərqində yerləşir. Şəhər dairəvi planda salınmışdır. Şəhəri əhatə edən müdafiə divarları saman qarışdırılmış çiy kərpicdən inşa olunmuşdur. Bu yaşayış yerindən heyvan sümükləri, buğda qalığı, dəndaşı, oraq dişləri, həvəngdəstələr tapılmışdır.Ən maraqlı tapıntı daşdan düzəldilmiş qadın bütüdür. Keramika nümunələri və üzərində metal ərintisi olan gil qəlib qədim əhalinin dulusçuluq və metalişləmə sənətini yaxşı bildiyini göstərir. Tapılan qabların bir qismi qara, bir qismi qırmızı rəngdədir. Qara rəngli qablar həndəsi naxışlarla bəzədilmişdir. Qırmızı rəngli qablar açıq-qırmızı olub, üzərinə qara rəngli boya ilə bəzək vurulmuşdur. Üçüncü qrup qablar isə daha sadə mətbəx qablarıdır. 

Üzərliktəpədə sümükdən olan ipəyirən, biz və iynələr də tapılmışdır. Yaşayış yerindən üzüm çəyirdəyi və içərisində şərab çöküntüsü olan gil qab tapılmışdır. Qarabağın qara münbit torpaqları vardı. Bu, əkinçiliyin, bağçılığın inkişafına zəmin yaratmışdı. 

Naxçıvan. II Kültəpə. Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. 

Qədim Naxçıvan şəhəri II Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birinin mərkəzi olmuşdur. Bu şəhər 3500 il bundan əvvəl yaranmışdır. 

Üçbucaq şəklində olan bu yaşayış yeri Çəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir.Yaşayış yeri möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Bu qala divarları iri daşlardan, qaya parçalarından ikiqat hörülmüşdür. Qatların arası isə kiçik çay daşları ilə doldurulmuşdur. 

II Kültəpədə metalişləmə, daşişləmə, sümükişləmə, toxuculuq sənətləri xüsusilə inkişaf etmişdi. 

II Kültəpə yaşayış məskənində dulusçuluq məhəlləsi, emalatxanası, daş döşənmiş küçə və dulus sobaları aşkar edilib. Dulusçuluq emalatxanası dörd otaqdan ibarətdir. Birinci otaqdan dulus kürəsi, çoxsaylı sadə və boyalı qab qırıqları tapılıb. Ən maraqlı tapıntı dulus kürəsinin üzərində olan qabdır. Qabın içərisində sarı, çəhrayı, narıncı rəngli minerallar var.Deməli, dulusçular müxtəlif rənglər almaq üçün minerallardan istifadə etmişlər. 

İkinci otaqda dulusçular özləri yaşayırdılar. Orada çıraq altlığı və az sayda daş alətlər aşkar edilmişdir. 

Üçüncü otaq daha genişdir. Burada dörd ocaq yeri var. Tapıntıların içərisində Üzərliktəpə tipli qara cilalı, üzərində naxışlar cızılmış bütöv qab da var. 

II Kültəpədə dulusçuluğun inkişafı mübadilənin və iqtisadi-mədəni əlaqələrin genişlənməsinə zəmin yaratmışdı. Orta Tunc dövründə Azərbaycanda bir neçə dulusçuluq ocağı mövcud idi. Onlardan biri Azərbaycanda boyalı qabların ilkin vətəni sayılan Naxçıvan ərazisində, ikincisi cilalı qara və boz qabların geniş yayıldığı Mil-Qarabağda olmuşdur. Bu yaşayış məskənləri arasında qarşılıqlı iqtisadi-mədəni əlaqələr olmuşdur. 

II Kültəpə ərazisindən müxtəlif əşyalar da tapılmışdır. Tapılan daş sürtgəclər, həvəngdəstələr, dən daşları, baltalar, oraq dişləri, ox ucları, müxtəlif əşyalar həmin dövrdə burada sənətin inkişafını sübut edir. 

Sümükdən hazırlanmış biz, iynə və s. alətlər toxuculuq və dəriişləmənin də inkişaf etdiyini göstərir. 

Qədim Azərbaycan tayfaları qonşu tayfalarla da iqtisadi-mədəni əlaqələrdə olmuşlar, mal mübadiləsi etmişlər. Azərbaycan ərazisində erkən şəhərlər arxeoloji qazıntıların vasitəsilə öyrənilmişdir.


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.