Qədim Şumer mixi yazıları: dərsə gecikən şagird haqqında


 Şumerlər tarixdə ilk dəfə təqribən e.ə. 3300-cü ildə unikal mixi yazı sistemi yaratmışlar. Bu yazı sistemində hər bir əşyanın öz konkret adı var idi. Bu yazı ilə şumerlər qanunları, elmi bilikləri, dini görüşlərini və əfsanələrini yazıya almışlar. Onlar (şumerlər) dulusçu çarxını, təkəri, çuğunu, rəngli şüşəni kəşf etmişlər. Bir ilin 365 gün, 6 saat, 15 dəqiqə, 41 saniyə olduğunu ilk dəfə hesablayanlar da şumerlər olmuşdur ( Məlumat üçün qeyd edim ki, müasir dövrümüzdə bu hesab - 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyədir).  Şumerlər olduqca mükəmməl sivilizasiya yaratmış, bəşəriyyətə müxtəlif elmlərə dair çoxlu elmi biliklər miras qoymuşlar. Şumer mixi yazılarının çoxu hələ də açılmamış qalmışdır. Şumerlərin dünyagörüşlərinin əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, onlar analoji mühakimə aparmaq üçün ayrı-ayrı insanların həyatından nümunələr gətirməklə dünyanın dərk edilməsinə çalışmışlar. Belə əhvalatlar olduqca tərbiyəvi əhəmiyyət daşıyır və insanı düşünməyə vadar edir. Bu əhvalatlardan biri də dərsə gecikən şagird haqqındadır…

      Bir gün şagird dərsə gecikir. Bu haqda belə danışılır: “ Səhər ayılanda, anamdan xahiş etdim ki, mənə səhər yeməyi versin, çünki mən məktəbə tələsirdim. Anam mənə iki kökə verdi və mən məktəbə getdim. Məktəbdə “çubuq tutan” (məktəb nəzarətçisi) məndən soruşdu: “Sən nə üçün belə gecikmisən?”. Mən qorxdum və ürəyim bərk döyündü. Mən müəllimə yaxınlaşdım və ədəb - ərkanla ona baş əydim”....(P.S. Şumerlərdə məktəb “eddubə” (“kitabələr evi”) adlanırdı. Məktəbə “kitabələr evinin ağası” adlanan şəxs başçılıq edirdi. Müəllimə şagirdlər “böyük qardaş” deyirdilər. Şagirdlər “kitabələr evinin ovladları” adlanırdılar. Məktəb nəzarətçisi “qamçı tutan” adlanırdı. Nəzarətçi şagirdlərin məktəbə müntəzəm gəlməsini təmin edirdi.). .. Həmin gün şagird üçün uğursuz oldu. Ehtiramla müəllimə baş əyməsinin köməyi olmadı. Hələ üstəlik müəllim şagirdə dedi: “Sənin əlin heç bir şeyə yaramaz (yəni pis yazırsan) və şagirdə bir çubuq vurdu. Şagird bunu gözləmədiyindən pərt oldu. Evə gəldi. Atasından xahiş etdi ki, müəllimi evə dəvət etsin…Müəllimi evə dəvət etdilər və müəllim gəldi, onu yuxarı başda oturtdular. Şagird müəllimə qulluq göstərməyə və məktəbdə öyrəndiyini danışmağa başladı. Ata müəllimə səy göstərdiyi üçün təşəkkürünü bildirdi və müəllimə təzə geyim və bahalı hədiyyələr verdi, barmağına isə ən bahalı qaşlı üzük taxdı. Tərifli sözlərdən və bahalı hədiyyələrdən müəllim xoşlandı. Müəllim şagirdə; gələcək mirzəyə ürək-dirək verməyə başladı: “Ey gənc, mənim sözlərimə diqqətlə qulaq asdığın üçün, heç bir kəlamı yaddan çıxartmadığın üçün, sən yazı sənətinin zirvəsinə çata biləcəksən və onun incəliklərinə yiyələnəcəksən.....”. Amma o dövrdə müəllimlərin maaşı haqqında bir dəqiq məlumat tapmaq mümkün olmayıb... Amerika alimi Semuel Kramer belə hesab edir ki, müəllimin evə dəvət edilməsi və ona ehtiram göstərilməsi yaltağlığın tarixini göstərən ilk faktdır. Çex mütəfəkkiri Ladislav Klima isə müəllimə hədiyyə verilməsi faktını rüşvətxorluğun tarixinə aid ilk sənəd hesab edir (P.S. Müasir dövr baxımından müəllimin aldığı hədiyyə rüşvət kimi, şagirdin hərəkəti isə yaltaqlıq kimi bəlkə də, qiymətləndirilə bilərdi, lakin bu mülahizə həqiqətdən xeyli uzaqdır. Hekayədə tələbkar müəllim və çalışqan şagird surəti yaradılmışdırmı? Şərq adət - ənənəsinə uyğun olaraq bu faktı müəllimə göstərilən ehtiramın və qonaqpərvərliyin ilk yazılı nümunəsi kimi qəbul etmək olarmı ? .....).

İstifadə olunmuş ədəbiyyat

1.Диадор. Историческая библиотека. М-Л. 1962

2.Крамер С. История начинается в Шумере. М.,1965

3.Оппенхейм А. Л. Древняя Месопотамия. Портрет погибшей цивилизации. М., 1980

4. Ladislav Klima. Божественная Немезида / Slavná Nemesis (1932, рус. перевод 2011 ISBN 978-5-98144-147-9)

5.Qədim Şərq tarixi. Bakı, 1993

Resurs: https://multiurok.ru/files/q-dim-sumer-mixi-yazilari-d-rs-gecik-n-sagird-haqq.html

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.