Allah
kompüteri kəşf edənın, internet şəbəkəsini yaradanların atasına rəhmət eləsin.
Saatlarla kompüter qarşısında günümüzü keçirərək hansı ölkədə nə baş verdiyindən,
hətta kimin belə nə dediyindən və etdiyindən dərhal xəbər tuturuq, dünyada gedən
proseslərə anındaca münasibət bildiririk, əməllərimizdə onu bu və ya digər şəkildə
təqlid edirik. Son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o
qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı
çaşıb qalmışıq. Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil,
əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil,
sərbəst təhsil, valeoqolik təhsil-bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə
köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə
ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev
tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunmasl, əllə
yazının ləğv edilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı nə
də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın
filan ölkəsində belə bir çey var. Gəlin, hələ bir baxaq görək bu mentorluq
deyilən şey nədir, kimlər mentor ola bilər? Sən demə yunan mifiologiyasından
götürülmüş, 17-ci əsrin sonlarından bir termin kimi ışlədilən bu ifadə daha təcrübəli
və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir
adama bələdçilik etməsi üçün yradılmış şəxsi inkişaf əlaqəsidir və dünyanın bir
çox ölkələrində belə qənaətə gəlinib ki, əgər yaxşı müəllim yetişdirmək istəyirsinizsə,
sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var. Kəsəsi, mentor müəllimə
ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir. Mentorlar bir
sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator
rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.
Bu mentorluq ideyası mənə sanki, “özümüzə umac ova bilmirik, başqasına əriştə kəsirik”
el məsəlini xatırlatdı. Guya, müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin
artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş
çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə
perspektivləri təmin edəcək. Halbuki, müəllimlərin tədris prosesində təlimdən əldə
etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə
qarşılaşmasını qarşılamaq üçün ölkəmizdə uzun illərdən bəri metodist institutu
formalaşdırılıb və bu metodistlərin Respublikamızda sayılıb-seçilən müəllim
ordusunun yetışməsində əvəzsiz xidmətləri də danılmazdır. Uzun illərdən bəri
Respublikanın bütün şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində
metodik kabinetlər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz
fəaliyyət göstərib. Bu metodik kabinetlər və Metodik Mərkəzdə 700-dən artıq
metodist və 100-dən artıq texniki işçı calışıb. Bir vaxtlar “öyrədənlər”
adlandırılan metodistlərin günahı nə oldu ki, birdə-birə onların tədqiqatçılıq,
yaradıcılıq, istiqamətvericilik fəaliyyətini məhdudlaşdırdılar, “inspektor”ları
“məsləhətçi”yə çevirərək məsləhət verməli olanları məsləhət vermək hüququndan məhrum
etdilər. Məktəblər metodistlərin üzünə qapadıldı. Metodik kabinetlərə və
Metodik Mərkəzə bir növ “cərimə batalyonu” kimi baxıldı.Təhsildə “başdan edilməli”
kateqoriyasına daxil edilənlər 0,5 və hətta 0,25 ştat vahidi ilə bu mərkəzlərdə
yerləşdirildi. Yalnız müəyyən “imtiyazları” olan metotodistlərin kiçık bir
qismı məktəblərdə yarım stavka dərslə təmin olunmaq şərəfinə nail ola bildi.
”Qara məni basınca, qoy qaranı mən basım “ prinsipi ilə “Metodiki işin təşkili
vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında “ imitasiya
xarakterli kolleqiya iclası isə xatirədən başqa bir işə yaramadı. Halbuki,
xüsusilə müəllim peşəsi üçün son dərəcə zəruri olan metodik xidmətin təşkili
sahəsində mövcud təcrübəyə əsaslanaraq zamanın tələblərinə cavab verə biləcək,
nisbətən məqbul variantın müəyyənləşdirilməsinə, metodik xidmətin səmərəli təşkili
üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, metodik xidmət sahəsinin
normativ-hüquqi bazasının yaradılması, bu qurumların ixtisaslı, yaradıcı, peşəkar
kadrlarla möhkəmləndirilməsinə, metodiki sahəyə diqqət və qayğının gücləndirilməsinə
ehtiyac duyulurdu. Əgər, dünya təcrübəsinə istinad ediriksə, metodiki xidmət
bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir. Deyək
ki, məsələn ABŞ və Avstraliyada Kurikulum Departamentləri, Hollandiyada Qiymətləndirmə
Mərkəzləri, qonşu Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf
Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri və s. bilavasitə ölkə və şəhər səviyyəsində
metodiki xidmətin təmin olunmasına yönəlmişdir. Bizdə də bir vaxtlar “müəllimlərin
müəllimi” adlandırdığımız, metodist müəllimlər, hətta böyük hörmət və nüfuza
malik ştatdankənar metodistlər olub. Yenidənqurma fəaliyyətimiz nəticəsində həm
metodistdən, həm də mentordan məhrum olduq. Qayıdaq nəyin birinci olması məsələsinə.Təhsilimiz
aşağıdan zəif gəlir, yoxsa yuxarıdan zəif gələnlər aşağidakıları zəifləşdirir?
Başqa sözlə, daha dəqiq desək keyfiyyətlə bağlı təhsilimizə problem yaradan zəif
müəllimlərdir, yoxsa zəif yetşən şagirdlər? Məntiqə görə nəzərə alsaq ki, şagirdləri
yetişdirən bilavasitə müəllimdir, və mülimlərimizi ustadımız kimi qəbul edirik,
deməli müəllimdən nəsə ummağa haqqımız var. Bu mənada müəllimin hazırlıq səviyyəsi
onun simasnı müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri
müqabilində qiymət verilməlidir. İstəyiriksə bunu metodiki xidmət adlandıraq,
istəyiriksə mentorluq xidmətı. Adın nə fərqi var ki... Bəlkə, hesab edirik ki,
heç bu quruma elə də bir ehtiyac yoxdur? Nə də olmasa kompüter əsrində
yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq, təlimlərə,
kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə
bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Elə isə, təhsilin idarəetmə
sistemində xüsisi çəkiyə malik olan bu strukturu niyə saxlayırıq? Suallar
çoxdur, cavab verən isə hələ ki yox. Bütün bunlar nədən yadıma düşdü? Elm və təhsil
naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən
təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə
səsləndirilən suallara cavabında deyib ki, “bölgülər olacaq və ona uyğun da əməkhaqqı
artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı
alacaq”. Nə deyirik, əgər ömür vəfa etsə, bəlkə bu ideyanın reallaşdığını görə
bildik. Əsas odur ki, nazir tərəfindən sertifikasiya imtahanları nəticəsində
bir sıra islahatlar həyata keçiriləcəyi barədə mesaj verilib. Eyni zamanda,
sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının
yoxlanılmasına fokuslanacağımızı bildirib.
Atalarımız demiş, təki “Gec olsun, güc olsun”
Nadir
İsrafilov, Təhsil məsələləri üzrə mütəxəssis
Mənbə:
Foto: