Məktəbdaxili
qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları:
Sual:
“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” nə deməkdir?
Cavab:
“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” dedikdə şagirdlərin
ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilməsi nəzərdə tutulur.
Sual:
Mənim övladım xüsusi təhsil müəssisəsində təhsil alır. Onun məktəb üzrə nailiyyətləri
də bu Qayda əsasında qiymətləndiriləcək?
Cavab:
Xeyr, bu Qayda xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və
inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş, sağlamlıq imkanları məhdud
şəxslərin və ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya
olunan təhsil proqramları üzrə təhsilalanların qiymətləndirilməsinə şamil
edilmir.
Sual:
Hazırda müəllim işləyirəm. Şagirdlərin diaqnostik qiymətləndirməsinin
aparılması məcburidirmi?
Cavab:
Bəli, şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının
ilkin qiymətləndirilməsi məqsədi ilə diaqnostik qiymətləndirmə dərs ilinin və
ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində
aparılmalıdır.
Sual:
Bəs formativ qiymətləndirmə necə? Əvvəlki qayda üzrə də mən şagirdlərin
formativ qiymətləndirilməsini aparırdım, lakin onun nəticəsini “Məktəbli
kitabçası”nda sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr
üzrə rum rəqəmi ilə qeyd edirdim. Axı 45 dəqiqə ərzində sinif üzrə bütün
şagirdlərin formativ qiymətləndirilməsini aparmaq və nəticələrinin sözlə həm “Məktəbli
kitabçası”nda, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd
olunması qeyri-mümkündür.
Cavab:
Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin
düzgün istiqamətləndirilməsinə xidmət edir. Bir dərs müddətində digər müxtəlif
fəaliyyətlərin də olduğunu nəzərə alsaq, əlbəttə, bütün şagirdlərin formativ
qiymətləndirilməsinin aparılması, nəticələrin “Məktəbli kitabçası”nda və müəllimin
formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu
səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq
planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin
nəticəsinin “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində
qeyd olunması tövsiyə olunur.
Sual:
Formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə
etməliyik?
Cavab:
Xeyr, formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi testlə yanaşı,
yazı işlərindən, çalışmalardan da istifadə edilməsi tövsiyə olunur.
Sual:
Summativ qiymətləndirmə ləğv olunub?
Cavab:
Xeyr, yalnız I siniflərdə bütün summativ qiymətləndirmələr ləğv olunub.
Sual:
Bəs II-III siniflərdə qiymətləndirmə necə olacaq?
Cavab:
II-III siniflərdə yalnız böyük summativlər ləğv olunub. Kiçik summativlər isə
keçiriləcək.
Sual:
Əvvəllər dərs dediyim siniflərdə 4 həftədən tez, 6 həftədən gec olmayaraq,
kiçik summativlər keçirirdim. İndi belə çıxır ki, bu qayda artıq yoxdur?
Cavab:
Bəli, həmin qayda artıq qüvvədən düşüb. Yeni qaydaya əsasən, hər fənn üzrə hər
yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla kiçik summativ qiymətləndirmə
keçirilməlidir. Belə ki, artıq təkcə bölmənin sonunda deyil, bölmənin daxilində
də kiçik summativ qiymətləndirmə keçirmək mümkündür. Yəni, məsələn, Azərbaycan
dili fənni üzrə təkcə “İsim” bölməsinin sonunda deyil, bölmənin daxilində (məsələn,
ismin hallarını keçib qurtarandan sonra) də kiçi summativ qiymətləndirmə keçirmək
olar.
Sual:
Kiçik summativ qiymətləndirmə üçün ayrıca dərs saatı olmalıdır?
Cavab: Xeyr, hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə
həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.
Sual:
Övladım liseydə oxuyur. Mən yeni qaydaları alqışlayıram. Məsələ ondadır ki,
övladımın yalnız ana dili, riyaziyyat və xarici dil fənləri üzrə böyük
summmativ qiymətləndirilməsinin keçirilməsindən narahatam.
Cavab:
Yeni qaydalara əsasən, lisey, gimnaziya və istedadlı şagirlərin yetişdirilməsi
ilə məşğul olan digər təhsil müəssisələrində
buraxılış fənləri ilə yanaşı, Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş
digər maksimum 3 fənn üzrə də böyük summativ qiymətləndirmə təşkil olunacaq. Eyni
zamanda ümumtəhsil məktəblərində də Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş
maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
Sual:
Salam, məni çaşdıran nailiyyətlərin 100 ballıq şkala ilə ölçülməsidir. Bəs mən
hardan bilim ki, övladımın topladığı bal hansı qiymətə uyğundur?
Cavab:
Təhsilalanın summativ qiymətləndirmələrdə topladığı ballar 2, 3, 4, 5 qiymətlərinə
uyğunlaşdırılaraq, həm “Məktəbli kitabçası”nda, həm də sinif jurnalında qeyd
olunacaq.
Sual:
Övladım dərslərini yaxşı oxuyur. Amma tez-tez xəstələnir. Məktəbə getmədiyi
gündə kiçik summativ keçirilsə, necə olacaq?
Cavab:
Təhsilalanın üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə
hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməməsi
yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ
qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.
Sual:
Yəqin ki, summativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən
istifadə olunacaq. Bəs şagirdlərin yazı qabiliyyətinin inkişafı necə olsun?
Cavab:
Summativ qiymətləndirmədə təhsilalanlar üçün qiymətləndirmə vasitəsi kimi təkcə
test deyil, imla, inşa, ifadə, çalışma, məsələdən də istifadə edilməsi tövsiyə
olunur.
Sual:
Summativ qiymətləndirmənin nəticəsindən narazı qaldıqda nə etməliyik?
Cavab:
Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların
valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin
tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya
yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə
orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə müraciət etmək hüququ var.
Sual:
Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar nə vaxtdan tətbiq olunur?
Cavab:
Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (29 dekabr 2018-ci
il) qüvvədədir.
Mənbə:
https://edu.gov.az/az/news-and-updates/15949