Böyükağa Mikayıllı: İstedadlı uşaqlarla iş - Cənubi Koreya və Çin təcrübəsi


Bu gün Cənubi Koreya Respublikasının həyatında başlıca yeri təhsil tutur. Bu ölkədə bunu hər addımbaşı hiss etmək mümkündür. Ölkə ABŞ, Çin, Yaponiya, Rusiya kimi qiqant dövlətlərin əhatəsində yerləşir. Texnoloji baxımdan inkişaf edən dövlətlərin əhatəsində keçmişdə qalmaq, gələcək üçün heç bir perspektiv vəd etməz. Cənubi Koreyalılar da belə düşünürlər. Texnologiyanı daha yüksək səviyyədə inkişaf etdirmək üçün isə təhsilə daha çox diqqət yetirmək zəruridir. Deməli, ölkədə təhsil priortet olmalıdır. Bunu adi vətəndaş da belə hesab edir. Ölkədə Ümumi Daxili məhsulun 10 faizi təhsil xərclərinə sərf edilir. Bu, dünyada ən yüksək göstəricilərdən biri hesab olunur. Amma Koreya vətəndaşları özləri təhsilə pul ayırmırlar. Bu vəziyyət ümumiyyətlə Cənub-Şərqi Asiya ölkələri üçün xarakterikdir. Uşaqlara, xüsusən istedadlı uşaqlara daha çox diqqət ayrılır və onların istedadlarını inkişaf etdirmək üçün müvafiq tədbirlər həyata keçirilir. İstedadlı uşaqlarla işin əsasında isə xüsusi məktəblərin təşkili və əlavə təhsil sisteminin inkişaf etdirilməsi dayanır. Koreyalılar belə düşünürlər. İstedadlı şagirdlər üçün Busan şəhərində “Superməktəb” təşkil edilib. Qeyd edim ki, Busan şəhəri Seuldan sonra Cənubi Koreyanın ən böyük liman şəhəri, təhsil mərkəzidir. Qeyd etdiyim məktəb “Bussan Science Academy”, 2006-cı ildə isə – “Korean Science Academy” adını alıb. “Korean Science Academy” Cənubi Koreya üçün milli əhəmiyyət daşıyan təhsil müəssisəsidir. Bu məktəb Çinin “Superməktəb”indən əsaslı şəkildə fərqlənir. Hər şeydən əvvəl bu məktəbin universitetlə bağlılığı yoxdur. Cənubi Koreyada onu “Uşaq universiteti” adlandırırlar. Bura həqiqətən də “universitet”dir. Bu məktəbdə təlim metodları işlənib hazırlanır, istedadlı şagirdlərlə yeni-yeni iş formaları müəyyənləşdirilir. Məktəbin Institut For Gifted Education and Promotion-la sıx əlaqələri var. Bəlli olduğu kimi, bu institut dünyada istedadlı uşaqlarla iş sahəsində təhlili aparır, kimin hansı işi necə, hansı səviyyədə həyata keçirdiyini müəyyənləşdirir.İnstitut Busan şəhərinin müəllimləri üçün dörd beynəlxalq proqram təşkil edib. Bu proqramlar ABŞ-da, İsraildə, Rusiya və Sinqapurda həyata keçirilir. Koreyalı alimlər hesab edirlər ki, bu ölkələrin müəllimərinin istedadlı şagirdlərlə iş sahəsində daha yaxşı təcrübələri var. İnstitut Busan şəhərinin istedadlı şagirdlərlə işləyən müəllimlərinin ixtisasartırılması ilə də məşğul olur. Bütün kursların nəticələri dövrü olaraq təhlil edilir. Bütün iştirakçıların məntiqi təfəkkürü, yaradıcılıq qabiliyyəti, təhliletmə bacarığı qiymətləndirirlir. Bu, istedadlı şagirdlərlə işləmək üçün çox vacib göstəricidir.

İndi isə “Korean Scince Academy”dən bəhs edək

Məktəbdə ancaq yuxarı sinif şagirdləri təhsil alırlar. Məktəb dəqiq elmlər sahələri üzrə fəaliyyət göstərir. Məktəbin bütün şagirdləri dövlət tərəfindən tam təminata alınıblar. Onların yaşayış xərcləri də ödənir. Əldə etdiyim məlumata görə məktəbə qəbul üçün müsabiqə şərtləri olduqca çətindir. Bir yer üçün 150-300 nəfər arasında mübarizə gedir. Məktəbin şagirdləri Vahid Dövlət İmtahanından azaddırlar. Onlar istənilən universitetə imtahansız qəbul olunurlar. Məktəbdə tədris ingilis dilində aparılır. Bu təhsil müəssisəsində dərs aparmaq üçün dünyanın hər yerindən ən yaxşı müəllimlər dəvət edlirlər. Onların əmək haqları da olduqca yüksəkdir. Onlar professorun əmək haqqı səviyyəsində maaş alırlar. Bu, əlbəttə ki orta məktəb müəllimi üçün yüksəsk göstəricidir. Müəllimlər unikal eksperimental işləri həyata keçirmək üçün ən müasir laboratoriya avadanlıqlarına malikdirlər. Dərsliklər əsasən Amerikadan gətirilir. Baxmayaraq ki, “Korean Scince Academy” hələ çox gəncdir, amma o bütün dünyada tanınır. Xüsusilə Asiya-Sakit okean regionunda bu məktəbi çox yaxşı tanıyırlar. “Korean Scince Academy”nin şagirdləri dünyanın aparıcı şagird konfranslarında tədqiqat işləri ilə iştirak edirlər. Ümumiyyətlə Cənubi Koreyada istedadlı şagirdlərdən daha səmərəli nəticənin əldə olunması üçün əlavə məşğələlərə ehtiyac duyulur. Əslində bu, dünyanın hər yerində belədir. Onlar hesab edirlər ki, əlavə təhsil şagirdin bacarıqlarının inkişafına yol açır. Istedadları üzə çıxarır. Cənubi Koreyada əlavə təhsil ödənişlidir. Bu, valideynlərin hesabına həyata keçirilir. Bununla belə ölkədə istedadlı uşaqlarla iş ümummilli proqram əsasında həyata keçirilir. Bu məsələ milli məsələ hesab edilir və bu, sözdə deyil, əməldə də belədir…

Çinin Shanghai high school-u

Çində istedadlı uşaq və gənclər dövlətdən, ayrı-ayrı müəssəsiə və təşkilatlardan təqaüd alırlar…Ölkədə istedadlı uşaqlarla iş əsasən məktəblərdəki dərnəklərdə həyata keçirilir. Əgər şagirdin istedadı varsa məktəbdə onun istedadının inkişafına şərait yaradılacağına şübhə yoxdur. Çində istedadlı uşaqlar üçün xüsusi məktəblər yoxdur. Amma hər bir universitetin nəzdində fəaliyyət göstərən məktəblər var. Universitetlərin ən yaxşı müəllimləri yüksək səviyyədə təhsil vermək üçün bu məktəblərə cəlb olunurlar. Bundan əlavə Çində iyerarxik məktəb sistemi yaradılıb. Bütün əyalət və şəhərlərdə yaxşı məktəblər, onların arasından isə “Super məktəb” adlanan ən yaxşı məktəblər seçilir. Bu təhsil müəssisləri (Bunlar Çində bir neçə yerdə fəaliyyət göstərir) dövlətdən çox da böyük olmayan dəstək alırlar. Ən əsası isə onlar müsabiqə seçimi hüququna malikdirlər. Onlar məktəbə dünyanın müxtəlif ölkələrindən ən yaxşı müəllimləri dəvət edirlər. Bu elit məktəblərdə yalnız çinlilər deyil, ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdən olan şagirdlər təhsil alırlar. Burada təhsil haqqı 5-10 min dollar arasındadır. Belə məktəblərə misal olaraq Shanghai high school – u göstərmək olar. Bu məktəb Çinin ən qocaman məktəblərindən sayılır. Onun əsası 1865-ci ildə qoyulub. 1993-cü ildə məktəbdə beynəlxalq əlaqələr şöbəsi, 1995-ci ildə isə məktəbin bazasında bakalavriat yaradılıb. Məktəbin çox yaraşıqlı parklara malik böyük kampusları, idman avadanlıqları ilə təchiz olunmuş idman zalları var. Biologiya, ekologiya, kimya, fizika üzrə rəqəmsal laboratoriyalar nanotexnologiyalardan istifadə etməklə laboratoriya işlərinin həyata keçirilməsinə tam imkan verir. Çinli şagirdlər Shanghai high school-da 10-12-ci siniflərdə təhsil alırlar. Əcnəbi tələbələr isə 9 yaşdan, yəni 4-cü sinifdən burada oxumağa başlayırlar. Shanghai high school-da 3200 şagird təhsil alır, onlardan 1200 nəfəri çinli, 2000 nəfəri isə əcnəbilərdir. Əcnəbi şagirdlər üçün ayrıca binalar inşa edilib. Məktəb dəqiq və kimya-biologiya elmləri üzrə ixtisaslaşıb. İxtisaslaşma 1 il, 12-ci sinifdə həyata keçirilir. Məktəbdə şagirdlərlə üç mütəxəssis qrupu işləyir: – universitet müəllimləri, pedaqoqlar və psixoloqlar. Müəllimlərin dərs yükü 18 saat təşkil edir. Məktəbin 20 faiz məzunu təhsilini xarcidə, yüksək reytinqə malik ali məktəblərdə davam etdirirlər. Shanghai high school-da təhsil bütünlükdə ödənişlidir. Təhsil ingilis dilində hayata keçirilir. Məktəbdə fəaliyyət göstərən muzey daha çox təhsil müəssisəsinin məzunlarından bəhs edən materiallarla zəngindir. Onların arasında görkəmli dövlət xadimlərinə, elm adamlarına rast gəlmək olar. Bu məktəbin elə məzunları var ki, onlarla dövlət özü də qürur duyur.

Resurslar:

1. https://www.education-medelle.com

2. https://cyberleninka.com

Böyükağa Mikayıllı, təhsil üzrə tədqiqatçı-jurnalist

Mənbə: https://bit.ly/3iULegb

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.