“Azərbaycan
Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral
tarixli 2469 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan
Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq
edilsin (əlavə olunur).
2. Bu Sərəncamın
1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə
tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.
Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. icrası
davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət
planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində
zəruri tədbirlər görsün;
3.3. bu Sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.
4.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi
nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin
2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər
görsün.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2022-ci il
----------------------------------------------------------------------------
Sərəncamın
linki: https://president.az/az/articles/view/56723
Sənədin
linki: PDF yüklə
https://static.president.az/upload/Files/2022/07/22/5478ed13955fb35f0715325d7f76a8ea_3699216.pdf