Azərbaycan
Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin
təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılsın.
2.
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə
və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi
ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.
3.
Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılsın:
3.1.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
3.2.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
4.
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər
qurumlarının siyahısı təsdiq edilsin (əlavə edilir).
5.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları
ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə
verilsin.
6.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1.
üç ay müddətində:
6.1.1.
Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və
3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.2.
bu Fərmanın 1–5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ
hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.1.3.
Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi
say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
6.2.
bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının
Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər
qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə
bağlı tədbirlər görsün;
6.3.
bu Fərmanın 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər
Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4.
bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla
zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
6.5.
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7.
Nazirlik:
7.1.
bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının
optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində
təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin;
7.2.
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8.
Azərbaycan Milli Elmlər Akademiyası:
8.1.
bu Fərmanın 2-ci, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında
qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
8.2.
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin
həlli üçün zəruri tədbirlər görsün.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 iyul 2022-ci il
Mənbə:
https://president.az/az/articles/view/56763